525.Az

Fərid Şəfiyev: “Paşinyan yeni müharibə arzusundadır”


 

Fərid Şəfiyev: “Paşinyan yeni müharibə arzusundadır”<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Nyu-Yorkda Azərbaycan və  Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, F. Şəfiyev bildirib ki, Azərbaycan və Ermənistan XİN başçılarının sentyabrın 24-də keçirilən görüşü formal xarakter daşıyıb.

“Aydındır ki, biz artıq “post danışıqlar dövrü”nə qədəm qoymuşuq. Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın son bir neçə ayda səsləndirdiyi radikal və populist açıqlamalar fonunda gözlənilən idi. Sentyabrın 22-də, yəni, planlaşdırılan danışıqlar ərəfəsində azərbaycanlı hərbçinin təmas xəttində öldürülməsi belə bir təəssürat yaradır ki, erməni rəhbərliyi bütün gücü ilə genişmiqyaslı hərbi toqquşmanın baş verməsinə can atır. Görünən odur ki, Ermənistanda dərin daxili siyasi böhran - həm Paşinyan partiyasının əvvəlki ölkə rəhbərliyi ilə mübarizəsi, həm güc strukturlarının istefasından sonra partiyadaxili mübahisələr, həm də erməni kilsəsi daxilində gedən parçalanma fonunda baş nazir cəmiyyəti xarici düşmənlə mübarizəyə səfərbər etmək məqsədi ilə yeni müharibə arzusundadır. “İnqilab”a verilən kredit tükənib və beynəlxalq ictimaiyyət demokratikləşmə şüarı arxasında gizlənən və qonşu ölkənin ərazisinin ilhaqını elan edən Ermənistan rəhbərliyinin əsl niyyəti ilə bağlı yanılmamalıdır. “Post-danışıqlar dövrü” nə ilə nəticələnə bilər? Əsas məqsədi ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusunu müəyyən etmək olan danışıqlar artıq mahiyyətini itirir. Bu şərtlər altında problemin digər yolları barədə düşünməyə ehtiyac yaranır”, - deyə F. Şəfiyev vurğulayıb.

Mərkəzin sədri qeyd edib ki, 2016-cı ilin aprel hadisələri Azərbaycanın artan hərbi potensialını nümayiş etdirib, bununla yanaşı Azərbaycanın genişlənən iqtisadi potensialı, regional və qlobal müstəvidə etibarlı, uzunmüddətli tərəfdaş statusunun möhkəmlənməsi fonunda dəyişməsi mümkün olan bir sıra geosiyasi maneələrin olduğunu göstərib. Danışıqlarda aparılmasını mənasız hesab edən bir ölkə öz hərbi potensialını, iqtisadi gücünü, diplomatiya və elm sahəsi də daxil olmaqla, insan resurslarını bundan sonra da gücləndirməyə davam edəcək. Ermənistanın dərinləşən təcridi fonunda Azərbaycanın təşəbbüsü ilə regional layihələrin coğrafiyasının genişlənməsi Yerevanın öz xalqının gələcəyini düşünməyə və 20-ci əsrin ortalarına xas olan milliyyətçi layihələrdən əl çəkməyə  sövq etməli olan daha bir faktordur. Bu layihələr keçmişdə öz yaradıcılarını məhv etdi və bu, gələcəkdə də belə olacaq”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Müzakirələr zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə fikir mübadiləsi aparılıb.

 





25.09.2019    çap et  çap et