525.Az

Xalqın yazıçısı Akademik Dram Teatrının səhnəsində- Fotolar


 

HAMI ANAR SÖZÜNÜN İŞIĞINA YIĞIŞMIŞDI

Xalqın yazıçısı Akademik Dram Teatrının səhnəsində- <b style="color:red">Fotolar</b>

Dünən ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illik yubileyi münasibəti ilə  Dövlət Akademik Milli Dram Teatrında tədbir keçirildi. “Kitabsevərlərlə görüş” adlı tədbirdə yazıçının dostları, qələm yoldaşları, mətbuat işçiləri və onun yaradıcılığının pərəstişkarları iştirak edirdi. Görüş yazıçının yaradıcılığına həsr edilmiş “Anarın anları” adlı video və şəkillərdən ibarət slaydın nümayişi ilə başladı. Qonaqlar arasında olanlardan Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov, yazıçı, millət vəkili Aqil Abbas, Xalq artisti Firəngiz Mütəllimova, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca, “Ulduz” jurnalının redaktoru, yazıçı Elçin Hüseynbəyli və başqaları çıxış etdi.

Onlar öz çıxışlarında Anarın Azərbaycan ədəbiyyatındakı böyük və əvəzsiz rolundan bəhs etdilər. Qeyd olundu ki, Anar təkcə bədii sozün xidmətində dayanmayıb, o, həmişə ölkənin ictimai-siyasi həyatında da ön sıralarda olub, millətin taleyüklü məsələlərinin həllində öz cəsarətli çıxış və yazılarıyla təmsil etdiyi xalqının dərin rəğbətini və hörmətini qazanıb.

Tədbirdə qeyd olundu ki, Anar o yazıçılardandır ki, artıq əsərləri millilik hüdudlarını aşaraq bəşərilik statusu qazanıb. Bu qənaətə gəlməyə yazıçının əsərlərinin demək olar ki, dünyanın bütün dillərinə tərcümə olunması əsas verir.

Bununla da yazıçı müxtəlif ölkələrdə bir növ öz ölkəsinin mədəniyyətinin elçisi missiyasını yerinə yetirmiş olub. Xalq yazıçısı bu gün də –75 yaşında da gənclik həvəsi və enerjisiylə yazıb-yaradır və onun qələmindən çıxan hər yeni əsər ədəbi mühitdə hadisəyə səbəb olur.

Anar yaradıcılığının və Anar şəxsiyyətinin işığına yığışanlar bu fikirləri dönə-dönə  vurğuladılar. Sonda teatrın aktyorları tərəfindən səhnədə yazıçı-dramaturq Anarın pyesləri əsasında hazırlanmış tamaşalardan parçalar nümayiş olundu.

Firəngiz AĞALAROVA
Məhəbbət HACIYEVA





 





25.10.2013    çap et  çap et