525.Az

"Çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğvi büdcədə heç bir problem yaratmır"


 

"BU MƏSƏLƏYƏ DAHA YÜKSƏK RƏSMİ SƏVİYYƏLƏRDƏ DİQQƏT AYIRILMALI VƏ HƏLL OLUNMALIDIR"

"Çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğvi büdcədə heç bir problem yaratmır"<b style="color:red"></b>

2016-cı ilin əvvəlindən Azərbaycanda çap məhsullarına əlavə dəyər vergisinin (ƏDV) tətbiqi yazılı medianın durumunu daha da çətinləşdirib.

Problem həm mətbuat yayımı şirkətləri, həm də qəzet, jurnal və kitab çapı ilə məşğul olan qurumlar tərəfindən dəfələrlə gündəmə gətirilib. Məsələ Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, hətta Milli Məclis səviyyəsində müzakirəyə çıxarılıb, lakin müsbət nəticə əldə olunmayıb.

Xatırladaq ki, Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var. Ona görə də, mətbuat orqanı, yayım şirkətləri və poliqrafiya rəhbərləri məsələnin qanunvericilik müstəvisində tənzimlənməsi, ziddiyyətli məqamların aradan qaldırılması üçün dövlətdən dəstək gözləyirlər.

Mövzu ilə bağlı "Bizim Yol" qəzetinin və "bizimyol.info" portalının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bahəddin Həziyev "525"ə bildirib ki, bir müddət əvvəl "Qaya" Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyevin müraciəti əsasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məktub ünvanlayıb:

"Həmin məktuba Komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun imzası ilə mənə geniş cavab məktubu göndərilib.

Komitə öz mövqeyinin doğruluğunu əsaslandırırdı. Ancaq Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi mən həmin qurumda bu məsələni yenə qaldırmışam. Müzakirə edilib, İşçi qrup da yaradılıb. Lakin hələ ki, bir nəticə yoxdur. Düşünürəm ki, bununla bağlı Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Mətbuat Şurasının nümayəndələrinin iştirakı ilə hərtərəfli araşdırma aparılmalı və yekun nəticəyə gəlinməlidir. Bu məsələ həllini gözləyir".

Baş redaktor əlavə edib ki, ƏDV-nin tətbiqi  xaricdən gələn çap məhsullarına aiddir. Yayım şirkəti xaricdən gələn məhsulların satışından gəlir əldə edən zaman yerli çap məhsularının yayımına güzəştli şərtlər təklif edə bilir:

"Düzünü deyim ki, ümumilikdə ölkədə mətbuat yayımı sistemi, demək olar ki, dağıdılıb. Bir neçə yayım şirkəti, o cümlədən, xaricdə nəşr olunan çap məhsullarını yayan "Qaya" firması çox ciddi maliyyə itkilərinə uğrayıb. Mən düşünürəm ki, ölkədə poçt rabitəsinin və mətbuat yayımının dağılması çap məhsullarının yayımı ilə məşğul olan şirkətlərə öldürücü zərbə vurub. Biz yerli mətbuat yayımını, o cümlədən, "Bakı Metropoliteni" QSC-nin stansiyalarında çap və dövri mətbuat yayımının bərpasına nail olmalıyıq. Bununla da bağlı Mətbuat Şurasının İdarə Heyətndə müzakirələr oldu. Ancaq hələ də bir nəticə yoxdur. Heç olmasa, xaricdə nəşr olunan KİV məhsullarının satışından ƏDV götürülsə, bu, yerli çap mediasına da bir az nəfəslik qazandırar. Yayım şirkətlərinin yerli KİV məhsullarına endirim etməsi imkanı yaranar".

B.Həziyev  çap məhsullarına ƏDV-nin  tətbiqi ilə bağlı ziddiyyətin olduğunu hesab edir:

"Bu ziddiyətin aradan qaldırılması, ümumiyyətlə, bu məsələyə bir aydınlıq gətirilməsi lazımdır. Düzünü desək, KİV məhsullarına ƏDV-dən dövlət büdcəsinə gələn vəsait çox cüzidir. Onun ləğvi büdcədə heç bir problem yaratmır. Hesab edirəm ki, bu məsələyə daha yüksək rəsmi səviyyələrdə diqqət ayırılmalı və həll olunmalıdır".

PƏRVANƏ

 

 





27.09.2019    çap et  çap et