525.Az

YUĞ Teatrı yeni mövsümü premyera ilə açır


 

YUĞ Teatrı yeni mövsümü premyera ilə açır<b style="color:red"></b>

YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də saat 20.00-da bolqar rejissor Xristo Stoyçevin quruluşunda hazırlanmış "Lənət" tamaşasının premyerası ilə açacaq.

Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Bolqarıstandan dəvət olunmuş Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır.

Kollektiv V.Şekspirin "III Riçard" əsərini yeni səhnə redaksiyasında təqdim edir. Səhnələşdirmədə lənət mövzusu əsas götürülüb. "Hər bir insan doğulduğu gündən lənətlənib. Bu həyat həqiqətini anlayanda insan faciə qəhrəmanı olur".

"Lənət" adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (KraliçaYelizaveta), Elgün Həmidov (Bekingem), Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış edirlər.

Tamaşada süjet xətti vertikal müstəvi üzərində qurulub. Vertikal müstəvi dedikdə pazl oyunu nəzərdə tutulur. Bu o deməkdir ki, hər bir səhnə özü-özülüyündə məzmuna malik olmaqla yanaşı, həm də assosiativ süjet yaradır.

ŞAHANƏ

 





29.09.2019    çap et  çap et