525.Az

Müslüm Maqomayev Moskvada anılıb


 

Müslüm Maqomayev Moskvada anılıb<b style="color:red"></b>

Rusiya paytaxtında görkəmli opera və estrada müğənnisi, Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tanınmış sənət adamının pərəstişkarları Moskvanın mərkəzində toplaşaraq dahi sənətkarın vəfatının növbəti ildönümünü qeyd edib. Keçmiş sovet məkanında milyonların sevimlisi olan Müslüm Maqomayevin yaşadığı evin, Azərbaycanın Rusiyadakı səfirliyinin yanında ucaldılmış heykəlinin önünə gül dəstələri düzüblər.
 
M. Maqomayevin həyat yoldaşı, SSRİ və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya Maqomayevin sənətinin pərəstişkarlarına, onu sevən və xatirəsini ürəklərində saxlayan insanlara dərin təşəkkürünü bildirib.

Rusiya Dövlət Dumasının sədr müavini Lyudmila Şvetsova isə çıxışında Müslüm Maqomayevin yaradıcılığı, musiqiyə sadiqliyi və insani keyfiyyətlərinin bütün Sovet İttifaqını, o cümlədən planetimizi heyran etdiyini söyləyib.
 
Tanınmış kinorejissor Yuli Qusman çıxışında Müslüm Maqomayevin yüksək şəxsi keyfiyyətlərə və misilsiz istedada malik olduğunu bildirib.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev Müslüm Maqomayevi Rusiya və Azərbaycan xalqlarının fəxri adlandıraraq onun şəxsiyyəti və yaradıcılığını güclü birləşdirici amil kimi səciyyələndirib.

Sənətkarın anım mərasimində çıxış edən uşaq cərrahiyyəsi və travmotologiyası İnstitutunun direktoru, tanınmış pediatr Leonid Roşal Müslüm Maqomayevin xalqlarımız arasında dostluq və qardaşlıq telləri möhkəmləndirən şəxsiyyət olduğunu söyləyib: “Bizim hamımız bu insanla fəxr edirik”.
 
Anım mərasimində “Crocus” şirkətlər qrupunun prezidenti, Müslüm Maqomayevin mədəni-musiqi irsi Fondunun təsisçisi Araz Ağalarov, tanınmış iş adamı və müğənni Emin Ağalarov, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev və başqaları iştirak edib.
 
Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. M.Maqomayev Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.

 





26.10.2013    çap et  çap et