525.Az

Orxan Camalın qətlinin yeni təfərrüatları


 

Orxan Camalın qətlinin yeni təfərrüatları <b style="color:red"></b>

Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsi ilə bağlı yeni məlumatlar açıqlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Dmitri Kiselyovun "Rossiya 1" telekanalında yayımlanan "Vestni nedeli" proqramında nümayiş olunan süjetdə bildirilib.

Jurnalist Aleksandr Roqatkinin MAR-dan hazırladığı reportajda qətl hadisəsinin yeganə şahidi, rusiyalı jurnalistləri daşıyan avtomobilin sürücüsü Benvenyü Dovokamadan müsahibə yayımlanıb. Sürücü rusiyalı jurnalistləri Sibut şəhərindən şimal istiqamətində apardığını, şəhərdən 20-25 km məsafədə iki silahlı şəxs tərəfindən saxlanıldıqlarını söyləyib: "Bu zaman yol kənarından üzü bağlı daha bir neçə nəfər çıxdı. Bizi maşından düşməyə məcbur etdilər. Onlar müsəlman geyimində idilər. Ərəbcə danışırdılar. Müştərilərimdən biri onlarla ərəb dilində danışmağa başladı".

Sürücünün sözlərinə görə, silahlılarla ərəbcə danışan, mübahisə edən şəxs Orxan Camal olub: "Vəziyyət gərginləşirdi. Onlar bizi itələməyə başladılar. Sonra silahdan atəş açdılar. Müştərilərimdən ikisi yerə uzanmışdı. Üçüncü, bədəni iri olan isə müqavimət göstərməyə cəhd edirdi. Heç kəs görmədən mən maşına tərəf getdim, maşının bütün qapıları açıq idi. Tez maşına oturub sürüb getdim. Beləcə xilas oldum. Silahlı şəxslər maşını güllə yağışına tutmuşdular".

Sürücü hadisə yerindən qaçdığını və yaxınlıqdakı jandarmaya hadisə barədə məlumat verdiyini söyləyib.

Süjetdə hadisə ilə bağlı istintaqın davam etdirildiyi bildirilib. O da qeyd olunub ki, rusiyalı jurnalistlərin yerli cinayətkar qrup tərəfindən öldürülməsi ehtimalı yüksəkdir. Belə ki, məlum hadisədən 4 gün qabaq həmin silahlı şəxslər Bangi şəhərinə hücum edib, yerli sakinlərdən 40 nəfəri qətlə yetiriblər.

Süjetdə Orxan Camal və digər rusiyalı jurnalistlərin olduğu avtomobil də nümayiş olunub. Bildirilib ki, gülləbaran edilən avtomobil indiyə kimi İstintaq İdarəsində saxlanılır.

Qeyd edək ki, 2018-ci ilin yayında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları da olmayıb.

Jurnalist qrupunun MAR-na "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.

Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.

 





30.09.2019    çap et  çap et