525.Az

1514-cü ilin payızı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

1514-cü ilin payızı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası</b>

(Əvvəli ötən şənbə sayımızda)

Fransadakı şotland səfiri xəbər verirdi ki, Harri hamıya Merinin necə qiymətli olduğunu deyirmiş. Bu sözlər Marqareti ictimaiyyət qarşısında biabır etmişdi. Meri təsdiq etmişdi ki, onun ərə getməsi üçün Harri hər bir xərci ödəyəcəkdir. Marqaret ömründə heç vaxt belə qəddarlıqla təhqir olunmamışdı. İndi onlar onu daha aşağılamışdılar, uçuruma atmışdılar.

Arçibald Marqareti ağuşuna aldı, ona sahib oldu. Marqaret sevincdən ağlayırdı və artıq nə qardaşının eqoizmi barədə, nə səfeh bacısı, nə Fransalı Lui barədə, ümumiyyətlə, heç kəs barədə fikirləşmirdi.

Marqaret və Arçibald, nəhayət, evləndilər, bu, Persdəki Kinnoul kilsəsində baş verdi. Ömründə ilk dəfə Marqaret oxuya, rəqs edə bilirdi və bunlara nail olduğuna görə gülürdü. O, damarlarındakı qanı və dərisindəki hərarəti hiss edəndə özünü əsl qadın hesab edirdi. O, özünə, bütün gənc bədəninə, döşlərinin doluluğuna. gizli hisslərinin isti rütubətliliyinə vurulmuşdu. O, heç vaxt onu özünə görə istəyən bir kişi tərəfindən belə sevilməmişdi. Bu, onun seçdiyi kişi idi. Onunla gecə, ya gündüz ayrı qalmağa dözmürdü. O, çox arzulayırdı ki, onu öpsün və tək olanda ona toxunsun. Yemək yeyəndə Ard ona tərəf əyilir, onun boşqabına ət tikəsi qoyurdu. O, Marqareti uzun çəkən öpüşlə öpürdü. Qadın yalnız onunla danışmaq istəyirdi.

Artıq Marqaret nə Katerinaya, nə də onun hamiləliyinə, nə Meriyə və nə də onun nişanlanmasına heç bir maraq göstərmirdi.

Bu, məhəbbət idi və Marqaret bu hissə aludə idi. O, öz romanslarını təkrar-təkrar oxuyurdu və musiqiçilərə göstəriş verirdi ki, yalnız məhəbbət və ehtiraslı istək barədə mahnılar oxusunlar. Onların bir-birini sevmələrinə Allah xeyir-dua vermişdi. Marqaret düşünürdü ki, onlar xoşbəxt olacaqlar, əbədi, özü də dərin xoşbəxt və heç vaxt Marqaret bir daha başqasına paxıllıq etməyəcəkdir. Ard həqiqətən də, ona vurulmuşdu. Heç də Ardın adına, tituluna və ya irsinə görə deyil, Marqaret onu məhz özü üçün seçmişdi, sevdiyi bir kişiyə ərə getmişdi. İndi Londondakı yaxınları da ona paxıllıq edəcəkdilər.

Marqaret Holiruudhauz sarayında yaşayırdı, regent idi və ərə də gedə bilərdi. Lakin ordunun Lion kralı onun regentlikdən məhrum edilməsi barədə qərarını elan etdi və uşaqlarını ondan aldılar. Bu, onun üçün xəncər zərbəsinə bərabər idi. O düşünürdü ki, ərə getməsi onun zəfəridir, indi isə qəflətən onun məhvinə çevrildi. Lordlar ona qarşı döndülər və onun nüfuzunu ləğv etdilər. Lord Hyum elan etdi ki, dul qadınlığını itirməklə o, regentliyini də itirmişdir.  

1514-cü ilin payızı 

Bacısı Meri, Stirlinq qəsrində yaşayan Marqaretə İngiltərədən ingilis printsessası kimi axırıncı məktubunu yazmışdı. O qeyd edirdi ki, sonrakı vaxt yazanda o, artıq Fransa kraliçası olacaqdır.

18 araba fransız fleur-de-lys (Fransanın rəmzi olan liliya - zanbaq gülü) ilə möhürlənmişdi və o, şotland qanqal günündən, heç şübhəsiz, daha gözəl idi, çünki bu gül solurdu. Marqaretin kiçik bacısına yazığı gəldi. Harri ilə Meri razılaşmışdılar ki, Fransa kralı öləndə qız özünün seçdiyi kişiyə sərbəst qaydada ərə gedə bilər. Meri bacısından xahiş edirdi ki, Harriyə onun təntənəli andını xatırlatsın və o, bacısının nümunəsindən istifadə edib, kral tezliklə öləndən sonra bir daha ərə getsin, özü də öz sevgisinə görə.

Marqaret isə artıq Şotlandiya kraliçası deyildi. Heç bir lord üçün kraliça hesab olunmurdu. Parlament öz hədəsini həyata keçirdi və onun regentliyini ləğv etdi. Fransız kralı isə ona yazırdı ki, o, qadının xahiş etdiyi Olbani hersoqunu Şotlandiyaya göndərə bilməz, çünki şotland lordları ondan tələb edirdilər ki, Marqareti kənarlaşdırsın.

Arçibald isə ona deyirdi ki, "Sən Şotlandiya kraliçasısan, mən də sənin ərinəm. Sən kralın anasısan. Onlar gəlib sənin qarşında diz çökəcəklər. Onlar qiyamçılardan və satqınlardan başqa heç nə deyillər və biz böyük möhürə malikik, istədiyimiz qanunu keçirə bilərik".

Harri isə yazıb, bacısına bildirdi ki, Marqaret Şotlandiyada təhlükəsiz deyildir və o, Stirlinqi tərk edib, Olbani gəlməmişdən və onu həbs etməmişdən əvvəl İngiltərə sərhədini keçməlidir. Marqaret bu məktubu Arçibalda göstərdi. O, qorxudan xəstə görünürdü. Ard Marqaretin qardaşının onlara ordu vasitəsilə dəstək göstərəcəyinə ümid edirdi. Və Marqaret dedi: "Mən bilmirəm, mən bilmirəm".  

1514-cü ilin sonunun qışı  

Meri noyabrda Fransa kralının kraliçası kimi taclandı. Kral XII Lui mədə xorasına malik idi, ayaq üstə çətinliklə dururdu. Lakin hamı onun gəlininin gözəlliyini tərif edirdi.

Meri var-dövlət içərisində üzürdü, şayiələr gəzirdi ki, onun ərinin varisi, Fransisk də atası kimi ona vurulmuşdur. Meri deyirdi ki, bu, həqiqətdir. Kral əri isə arvadına deyirdi ki, xristian dünyasında elə bir ölkə yoxdur ki, onunla müqayisə edilə bilən kraliçaya malik olsun, hər bir kraliça ona yalnız həsəd apara bilər.

Katerinanın isə artıq dörd uşağı olmuşdu. Bu, lənətsiz mümkün ola bilərdimi? Allah onlara dörd faciə göndərmişdi.  

1515-ci ilin qışının başlanğıcı
 

Arçibald Stirlinq qəsrinə xəbər gətirdi: "Allaha şükür! Fransalı Lui öldü, əvvəlcə səhhəti çox zəiflədi, sonra da öldü. Deyirlər ki, gözəl gənc arvadına görə o, tamamilə taqətdən düşmüş imiş". İngiltərə kralı isə yazırdı ki, Fransisk taxt-taca sahib olacaqdır və o, heç də İngiltərənin dostu deyildir. Meri ümid edirdi ki, qardaşı razılığa gələcəkdir ki, ikinci ərini seçmək üçün mütləq o, sərbəst olsun.  

1515-ci ilin yayı 

Edinburqun Holiruudhauz sarayında yaşayan Marqaret tələb etdi ki, Olbani hersoqunu şəxsən görməyə ona imkan verilsin. O, qardaşına yazdı ki, indi bizim şansımızdır. Lordlar Olbanini sevmək üçün vaxt imkanına malik oldular, indi onlar öz həqiqi krallarını gözləyirlər. Əgər Harri bacısına kömək etsə, o, onlardan bəzilərini satın ala bilər. Digərlərinə şərik olar, qalanlarını isə inandıra bilər. Qardaşı hali olmalıdır ki, Marqaret düşmənlərlə əhatə olunmuşdur.

Artıq Stirlinq qəsrində yaşayan Marqaret belə fikrə meyl edirdi ki, şotlandlar onun ərini, oğlunu, yəqin ki, onun özünü də sevirlər. O, Ardı sevərkən isə düşünmürdü ki, bu, onun üçün nəyə başa gələcəkdir.

Meri isə özünü həmişəlik Fransanın kraliçası hesab edirdi. O yazırdı ki, mən İngiltərədə ikinci dəfə sevdiyim Çarlza ərə getmişəm. Harri və Katerina toya gəlmişdilər və mənim xoşbəxtliyimə sevinirdilər.

Marqaret isə hamiləlik barədə canlı bir arzuya malik idi. Olbani hersoqu isə parlament tərəfindən regent təyin olunmuşdu. Arçibald da arvadını satmışdı. Marqaret soruşdu: "Sən məni necə sata bildin? Sən hər şeyə görə mənə borclusan, sənin üçün hər şeyi etdim". Ard isə başını silkələdi. "Mən heç vaxt səni bağışlamayacağam", - deyə Marqaret ona hücum etdi. "Mən sənə məhəbbətimə görə öz taxt-tacımı itirdim. Əgər sənə ərə getməsəydim, indiyə qədər kraliça-regent olacaqdım".

Marqaret dedi ki, sən məni tərk etdin. Ard arvadının əllərini, göz yaşları axan üzünü öpüb dedi: "Əlbəttə, yox. Əlbəttə, mən hazırlaşıram ki, səni xilas etmək üçün ordu qaldırım. Mən sənin ərinəm, nə etməli olduğumu bilirəm".  

1515-ci ilin yayı 

Marqaret öz xalqı tərəfindən Edinburq qəsrində dustaq edildi. Onun oğlu kral idi, Şotlandiyanın həqiqi kralı. Kralın qardaşı da, özü də saxta hersoq tərəfindən guya qonaq kimi, əslində isə, dustaq kimi saxlanırdılar.

Marqaret səfər üçün geyinmişdi, kürsüyə oturub, qulluqçu qıza dedi ki: "Mən xəstəyəm. Hersoqa de ki, ərimi görmək istəyirəm". Qız tərəddüd etdi.

"Bu, həyat və ölüm məsələsidir. Hersoqa de ki, mən qorxuram ki, tezliklə öləm".

Marqaret Obaninin dayandığını və yenidən başqa tərəfə döndüyünü gördü. O, Arçibaldı xəyanət ittihamı ilə təqib edirdi, qərara almışdı ki, onu dar ağacında görsün. Marqaret dedi: "Mən onu görməliyəm. Mən ona əlvida deməliyəm".

Arçibald bir həftə at çapdıqdan sonra Marqaretin yanına gəlib çıxdı və onun ayaqlarına yıxıldı: "Arvadım, mənim sevgilim. Biz başqa yerə getməliyik". Marqaret qalxıb onun boynuna sarıldı və belini onun kürəyinə söykədi.  

1515-ci ilin payızı 

Onlar bütün gecəni ölkədən keçərək atlarını çapdılar. Marqaretin bacısı Meri ərə getməyindən razı idi və qardaşı da onu bağışlamışdı. Meri sevdiyi kişiyə ərə getmişdi. Marqaret ərinə dedi ki, "Sən necə deyə bilərsən ki, Meri xoşbəxt ola bilər, mən isə yox?"

Onlar sevgililər kimi söz mübadiləsi etdilər, hərarətli sözləri isə məhəbbətdən xəbər verən daha isti öpüşlərdə yaddan çıxdı. Əri dedi: "Mən səni təhlükəsiz şəkildə İngiltərəyə aparacağam və sonra səni tərk edəcəyəm. Əgər sən düşünürsən ki, sənə görə mən satqınam, onda axı sənə mən necə xidmət edə bilərəm?"

Marqaret Arçibaldın tərkində, yastı yəhərin üstündə ona sıxılmışdı. Arçibald dedi: "Cəsarətli ol, biz bu gecə təhlükəsiz olmalıyıq və İngiltərə ərazisinə daxil olmalıyıq".

İngiltərədəki Bervik qəsrinin qapıları bağlı idi. Onların başı üzərində iri zəng çalındı: "Kimdir orada?" - deyə soruşdular.

"Şotlandiyanın kraliça-regenti və onun əri, Anqus qrafı, içəri buraxılmalarını tələb edirlər". Qubernatorun arxasınca adam göndərildi ki, nəhayət, onları salamlasın. O, gəlib Marqaretə baş əydi. "Mənə kralın özü göstəriş verir. Onun özü ilə əlaqə olmadan, kimisə Şotlandiyadan buraya buraxmağa icazə vermir. İmzalanmış və möhürlənmiş təhlükəsiz sənəd olmadan, qapılar bağlı qalacaqdır".

Marqaret təkrar etdi: "Kralın bacısınadamı?"

Arçibald heyfisləndi: "Bu qadın buraya gəlməli idi. Mən təklif edirəm. Koldstrimə isə üç saatlıq yol var idi, onlar indi İngiltərədə olmaqla, əslində, təhlükəsiz idilər. Güman ki, Olbani sərhədi keçə bilməzdi.

Koldstrim monastırına çatanda onlara dedilər ki, İngiltərədə olduqlarına görə onlar təhlükəsizdirlər. Danışıqlara başlaya bilərsiniz. Marqaret bu vaxt əri ilə fəxr edirdi. Olbani vaxtilə Marqaretə demişdi ki, sənin ərin ispaniyalı Ferdinand kimi igiddir. Marqaret cavab vermişdi: "Arçibald eləsinin onuna dəyər".

İngiltərədəki Herbattiv qəsrində Marqaret özünü iflic kimi hiss edirdi. Bu, heç də doğuş ağrısı deyildi, sümüklərin dərin bir xəstəliyi idi. Ona həkim lazım idi. O, Olbani hersoqu ilə sülh bağlamalı idi, çünki o, ölməyə hazırlaşan kimi görünürdü. Olbani Edinburqdan Marqaretə həkim göndərməli idi. Qadın tam taqətdən düşmüşdü, uşaq doğulmuşdu, təzə doğulanın oğlan olmadığına heç fikir də vermədi. Ondan uşağın adının nə olacağını soruşduqda cavab verdi:

"Marqaret. Marqaret Duqlas. Kiçik şotland ledisi, hətta onun anası tezliklə ölsə də". O düşünürdü ki, həqiqətən də, öləcəkdir.

Arçibald qızını görməyə də gəlməmişdi. Duqlaslara qız lazım deyildi, onlara klanının sonrakı başçısı lazım idi. Marqaret istəyirdi ki, qardaşı onun qızının xaç atası olsun və onu qorusun.

Xəbər gəldi ki, Katerina yenə öz körpəsini itirmişdir. Olbani isə Marqaretə yazdı ki, sülh vəd edir, həm də eyni vaxtda onun qardaşına da məktub göndərmişdi.

Əri Marqaretə demişdi ki: "Mənim vəzifəm Şotlandiyaya xidmətdir. Qardaşın səni İngiltərədə qoruyacaq və saxlayacaqdır. Mənim adamlarımı isə mən onları tərk etsəm, heç kəs qorumayacaqdır. Mən gələ bilmərəm, xatırlansam da, unudulsam da, gələ bilmərəm".

Marqaret əri yanında olmadan getməli oldu. Onun bu vaxt 36 yaşı var idi. sağ qalan oğlu 4 yaşında idi. O, qızı Marqareti də özü ilə götürmüşdü və ərinə vəd etdi ki, geri qayıdacaqdır. Mən sənin üçün geri dönəcəyəm və sən məni gözləyəcəksən. Mən kraliça-regent və sənin arvadın olacağam.

Arçibald dedi:

"Mənim üçün geri dön, mən öz qəsrimi, torpaqlarımı və hakimiyyətimi saxlayacağam. Şotlandiyaya geri dön və qayıdanda mən səni kraliça kimi saxlayacağam. Tezliklə geri dön".

(Ardı var)

 





01.10.2019    çap et  çap et