525.Az

“Piano dillərində rəqs edənlər”in söhbətləri bir kitabda - Foto


 

“Piano dillərində rəqs edənlər”in söhbətləri bir kitabda - <b style="color:red">Foto </b>

Türkiyəli yazıçı və jurnalist Murat Bayerin “Piano dillərində rəqs edənlər” kitabı “Ulduz” nəşriyyatında işıq üzü görüb.

Kitab Türkiyənin dünya miqyasında məşhur pianoçu və bəstəkarlarının gündəlik həyatlarından sənət anlayışlarına qədər uzanan müsahibələrindən ibarətdir.

Türk dünyasının beynəlxalq arenadakı böyük bəstəkarı İlhan Usmanbaşın “Səs fabrikası” adlı yazısıyla başlayan kitabda Türkiyənin dəyərli musiqiçilərindən Fahir Atakoğlu, Hüseyin Sermet, Kərəm Görsev və pianoçu bacı-qardaşlar Ufuk-Bahar Dördüncülərin uşaqlıq yaşlarından başlayaraq, dünyagörüşlərinə, dünyagörüşlərinin sənətlə qovuşduğu nöqtələrə, cazın və klassik musiqinin nəzəriyyəsindən gündəlik təcrübənin içində musiqinin həyatlarındakı yerinə qədər diqqət çəkən məqamlar yer alıb. Müsahibələrə sənətçilərin şəxsi arxivlərindən alınmış özəl həyatlarına aid fotolar da rəng qatır.

Fahir Atakoğlu, Hüseyin Sermet, Kərəm Görsev, Ufuk-Bahar Dördüncülərlə olan müsahibələrdə Türkiyənin pop və caz musiqisinin tarixi inkişafına da toxunulur. Eyni zamanda sənətin məsuliyyət və elmlə inkişafı haqqındakı fikirlər gənclərə yol göstərəcək tərzdədir. 

Aysun Aslan, Cihan Okan, Çağlar Yılmazkul, Fatih Ahıskalı, Fuat Güner, Hüseyin Sermet, İvan Fedele, Mustafa Zəki Boztüy, Orxan Topçuoğlu, Ömər Ahunbay, Özər Arkun, Özkan Uğur, Rengim Gökmən, Sezən Aksu, Sərhan Yasdıman, Sinan Sungar da özlərinin dəyərli fikirlərilə kitabda yer alıblar.

“Piano dillərində rəqs edənlər” kitabı oxucuya ciddi və dünya səviyyəli sənətçi olmağın nə qədər çətin yollardan keçərək, fədakarlıqlar hesabına gerçəkləşdiyini göstərir.

Kitabın imza mərasimi sentyabrın 14-də İstanbulda keçirilib. Mərasim Avstriya Səfirliyində Avstriya Liseylilər Vəqfi Musiqi və Sənət Festivalı çərçivəsində Kərəm Görsev Trionun konsertindən sonra gerçəkləşib.

Şahanə MÜŞFİQ

 





01.10.2019    çap et  çap et