525.Az

Hirkan Milli Parkının direktoru: "Turistlər bura daha çox bəbirləri görmək üçün gəlirlər"


 

Hirkan Milli Parkının direktoru: "Turistlər bura daha çox bəbirləri görmək üçün gəlirlər"<b style="color:red"></b>

"Amerika, Norveç və bir neçə xarici ölkələrdən turistlər daha çox bəbirləri görmək üçün gəlirlər. Təbii ki, bəbirlərin olduğu yerlərə çıxa bilməsələr də, müəyyən hissəyə qədər iki günlük marşrut xətti ilə həmin ərazilərə çıxırlar".

APA xəbər verir ki, bunu "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Hirkan Milli Parkının direktoru Azər Mirzəyev deyib. O bildirib ki, sayı 25-ə qədər olan fototələlər vasitəsilə son bir ildə çəkilən şəkillərlə parkda mühafizə sisteminə tam əməl edildiyi sübut olunur:

"Bəbirlərin yem bazası çoxalmaqdadır və onların sayı 4-dən 6-ya qədər artıb. Hazırda park ərazisində 12-ci marşrut xəttinin açılması üzərində iş gedir.  Bu xətt kəklik-turac marşrutu adlanacaq. Bununla da Züvand və Rvarod Dövlət yasaqlığındakı yüksəkliklərdə yaradılacaq müşahidə qülləsində binokol vasitəsilə kəklik və turacların necə uçmasının canlı şahidi olmaq mümkün olacaq".

O bildirib ki, Milli Parkın yaxınlığında yerləşən kəndlərə bəbir, qaban və digər vəhşi heyvanların hücum etməsi mümkün deyil, çünki həmin heyvanlar yalnız öz marşrutları üzrə hərəkət edirlər:

"Fototələlər vasitəsilə bu heyvanların insanların yaşadığı kəndlərin 2 km-liyinə qədər hərəkət etdiyi də məlum olub. Bu isə onu göstərir ki, həmin heyvanlar insanlar üçün təhlükə yaratmır".

Direktor qeyd edib ki, qarşıdakı 3 ayda parka gələcək turistlərin sayında artım gözlənilir:

"Buna səbəb payız fəsli ilə əlaqədar dəmir ağacının qızılı rəngə boyanmasıdır".

Hazırda parkda sağlam həyat marşrutunun layihələndirilməsi üzərində işlənildiyini deyən A.Mirzəyev bildirib ki, bu marşrut 2.4 km məsafədən ibarətdir: "Turistlər və ətrafda yaşayan kənd əhalisi maşınlarını parkın sərhədində saxlamaqla, 2 manat ödəniş edib bileti almaqla həmin marşrut xəttini piyada gəzə bilərlər. Həmin müddətdə də parkın ərazisində olan və "Qırmızı Kitab"a düşən təbiət nümunələri ilə tanış ola biləcəklər".

A.Mirzəyev qeyd edib ki, bu ilin ötən dövründə parka ümumilikdə 3820 turist gəlib. Onlardan 726-sı əcnəbi vətəndaşlardır.

 





01.10.2019    çap et  çap et