525.Az

Məmməd Aslanın yeni şeirləri


 

Nə bir dağım qaldı, daha nə kəndim;

Məmməd Aslanın <b style="color:red">yeni şeirləri</b>

DAŞ  BÜRÜNCƏKLİ  DƏNİZ

 

“Bu dünya bütün düşmənlərini də gəmisinə  alacaq bir Nuh insafına möhtacdır”.

Arif Nihad ASYA

                                           

Bakının Şıx çimərliyindən başlayıb, əyalətlərə doğru uzanıb gedən şahrah yolla haçansa bizimlə can-ciyər olmuş Xəzər arasında az müddət ərzində  Çin səddinə köks ötürdəcək qədər uzunca bir qala divarları qaldırıldı. O qədər hündür ki, yüz il dabanını qaldırıb baxsan, dənizin mavi və məlhəm güzgüsünün əl boyda təbərrük parçasını görə bilməzsən...

                

Dənizə tamaşa hər gözün haqqı!

Nədən hasarlanıb bu dəniz belə?!

Hanı insan haqqı, həm sözün haqqı?!

Baş aça bilmir ki, bəndəniz belə.

 

Aşılmaz divarlar, möhtəşəm qala!

Dənizi çarpala, yeri yırğala!..

Sanki dağ gəmidir – oturub sala;

Niyə belə olduq, niyə biz belə?!

 

Bu necə soydaşlıq, bu necə məhşər?!

Mislini yönəltsən, qayalar deşər!

Belə soysuzluğu görməyib bəşər;

Rəftarınız elə, ədanız belə...

 

Göyəmi dırmanıb, dənizə baxaq?!

Baxmağa ortaqdır sizinlə bu xalq!!!

İstər “beyn”siz olsun, istər beynəlxalq,

Vallahi, pozular mədəniz belə.

 

Olmayın bu qədər Haqqa şərməndə!

Dənizmi günahkar, yoxsa ki bəndə?!

Hamarlamaq üçün çəkilər rəndə;

Yaman sərt sıyırır rəndəniz belə.

 

Çox olub tarixdə çəpərləmələr;

Ç

əpinə gərdişlər, çəp hərləmələr...

Getdi o qovğalar, çərənnəmələr;

Sovuşmur cənginiz, hədəniz belə.

 

Çəm tapın soy adlı yar-yoldaş ilə,

Uyuşun onunla canı-baş ilə!

Vətəndə vətəndaş olun daş ilə:

İnciməzmi Adəm dədəniz belə?!.

 

Dənizə baxmağa açın bir baca!

Genişə qıymazsız, barı xırdaca...

Urvalıq qıymaqla ac-yalavaca,

İnşallah, küt getməz kündəniz belə...

Bakı,

28.09.2013

    

BİR ALOV DİLİMİ KİMİ

Gənc şairə Elnarə Nuru dinlərkən

 

Qazaxda əsası 1982–ci ildən qoyulmuş Vaqif Poeziya Gününün builki mübarək təntənəsinə mən də dəvət olunmuşdum (sentyabr, 2013).

Qazax Bölgə Yazıçılar Birliyinin sədri Barat VÜSALIN özünəməxsus və hər kəsə gah nəşəli, gah üzuntülü təsir bağışlayan qeyri–adi üslub və ustalıqla idarə etdiyi mərasimdə Qazax poeziya pərvanələrinin, necə deyərlər, hayıl–mayıl, huş–başla diqqət kəsilmələrinə heyran qaldım. Allaha şükürlər olsun ki, şeirin–sənətin bu qədim ocağında (günümüzün təəssüflərindən uzaq) şahanə bir səssizlik və diqqətədəyər məclis ovqatı hələ də bütün gözəlliyi ilə yaşamağındadır. Ey kaş, həmişə belə !..

Daha bir heyrətimi də dilə gətirmək keçdi könlümdən.

Barat Vüsal bapbalaca bir qızı da kürsüyə dəvət etdi. İlk ağlıma gələn: “Bu uşaq neyləyəcək ?!”–sualı oldu. Amma ad və soyadından bəlliydi ki, o da şairdir: Elnarə Nur.

Qız xitabət kürsüsünə od–alov kimi qalxdı (“Qondu” desəm, daha doğru olardı). Dərhal da elə bir nur parçası kimi ulu dədəmiz Yunus Əmrənin təsəvvüf dünyasına daldı; onun sehrinə köklənmiş öz sufiyanə gəraylılarını dadlı bir dillə ötməyə başladı.

Günümüzdə sufiyanə şeir yazmağa, nədənsə, çoxları girişir. Amma... Adamın başı üstündə Allah var: Elnarə Nur qızımız əmmasız yazır təsəvvüf şeirlərini.

Onun könül çırpıntılarına qarşı nəzmlə bir təqdir keçdi könlümdən:

 

Erkən qanad gərən bülbül,

Pərvazın nə gözəl sənin!

Bizi Yunusa bağlayan

Avazın nə gözəl sənin!

 

Deyim incə, mətləb incə;

Dindin sufi mətləbincə;

Açılırsan qönçə – qönçə:

Tər yazın nə gözəl sənin!

 

Bənövşələr bənək – bənək:

Hər birisi bir görənək!

Söz – qarşında tər biçənək:

Dəryazın nə gözəl sənin!

 

Ruhumuzun xas ətası!

Səsin səslərə çatası!

Hər misranda söz butası:

Söz nazın nə gözəl sənin!

 

Sir sökərsən, həm də sirsən!

Həm sərrafsan, həm də zərsən!

Söz sapına zər düzərsən:

Tərəzin nə gözəl sənin!

 

Fəhminə tutdum güzgünü:

Sözlərin sözün düzgünü!

Söz xəstəsi, söz üzgünü:

Mərəzin nə gözəl sənin!

 

Yol başladın Haqqa doğru:

Nə bir usan, nə bir ağrı:

Çatacağın Haqqın bağrı:

Niyazın nə gözəl sənin!

Bakı

24.09.2013

    

SON TƏSƏLLİ

 

Yaxşı ki,qovuşa bilmədik, Nərgiz:

Kimdi sevdasından yarıyan indi!

Üzüsulu qaldı gül xatirəmiz,

Yarı sevin indi, yarı yan indi.

 

Nə dəniz yol verdi, nə ada belə,

Qəmxarım qalmadı dünyada belə.

Tapmıram özümü aynada belə,

Kimdi ünvanımı arıyan indi?!

 

Hüzün qoşun-qoşun,qəm qoşun-qoşun,

Ölüm çarəsi var bu qurtuluşun.

Hədəfi mən oldum ərş ilə kürşün:

Tapılmaz dərdimi darıyan indi.

Göstərməz o qüdrət ta səxa bizə,

Tutdurmaz o fürsət ta yaxa bizə!

Görüm-baxım etməz bir daha bizə—

O günü bu günə sarıyan indi.

Birgə qanad çaldıq, quş olduq sonda;

Amansız bir dərdə tüş olduq sonda.

Bərkiyə-bərkiyə daş olduq sonda;

Həsrətdi ortada zarıyan indi...

Sumqayıt

01.07.2013

 

ƏTLƏ DIRNAQ ARASINDA...

Möhtərəm Xalidə Xalid xanımın

ağır niskilinə təsəlli olsun deyə

 

Doğmadan gələn dərd dözülməz olur;

Bir təhər tab gətir, döz ağrımıza.

Bizim qəhrimizi yadmı çəkəcək,

Biz əgər dözməsək öz ağrımıza?!

 

O zindan sənindi, zindanbad sənin;

Qəhr edən sənindi, o fəryad sənin;

Ağrın ağrılardan yeddiqat sənin!

Tapmaq çox müşgüldü söz, ağrımıza...

 

Qaysaq tutmadısa, yara betərdi;

Titrədi yazmağa qələm bu dərdi;

Dərdimiz azdırmı, kim gözləyərdi:

Sən də bir ağrı ol, sız ağrımıza...

 

Biz də bir millətik: can cümləmizin!

Dözürsən, oduna yan cümləmizin!

Hər damardan axan qan cümləmizin!

Baxıb yağır oldu göz, ağrımıza...

 

Məlhəmi tək Loğman verə dərdinə!

Bir Vətən dərdinə, yörə dərdinə.

Təklikdə inləyər hərə dərdinə,

Bir əncam tapmasaq biz ağrımıza.

Şəmkir, Varlı Həyat

19.08.2013

 

GÜZƏŞT QOLTUĞUNDA

 

Çölünə də o sızar—

İçində nə var isə!..

Yunus Əmrə

 

Güzəştli izdivac xoş gəlir sənə;

Kəm-kəsir yaşamaq minnət deyilmi?!

Güzəştsiz bir ömür yaşaya bilsən,

Allahın verdiyi Cənnət deyilmi?!

 

İki əl bir başı dolandırarsa,

Güzəştə nə hacət, borca nə hacət?!

Güzəştin içində təmənna varsa,

Güzəştsiz  ömürdür ən böyük sərvət!

 

Ələbaxım yaşar güzəşt umanlar,

Öz bazarı olmaz, öz nırxı olmaz!

Başını qatarsa sərsəm gumanlar;

Qəlbində Rəbbinə bir qorxu olmaz!

 

Güzəştli sevgi də, duz da, çörək də

Şəkərə bükülmüş zəhər kimidir.

Güzəşt üzə durar bir təkətəkdə;

Haqqın qara daşsa, gövhər kimidir!

 

Asana suyulma, çətinə baş vur!

 

Tərinlə qazansan, öz halalındır!

Cömərd kimsələrin həmdəmi qürur!

Güzəştə göz dikən əliyalındır!

 

Əl səndə, baş səndə, ürək də səndə!

Ömrün dəyəri də qoy səndən olsun!

Haqqın dərgahına qalma şərməndə!

Yola gəlməyin də bu gündən olsun!

Sumqayıt

Fevral, 2013

 

ZƏNGİLAN HƏSRƏTİ

 

Qulu Məhərrəmliyə.

 

Dağların qoynunda yamyaşıl cənnət;

Ulu bir çinardı Zəngilan bizə.

O cəlallı məkan, uca səltənət

Həmişəbahardı Zəngilan bizə.

 

Bərgüşad, Həkəri qovuşur burda:

Bir vüsal havası yayılır  yurda.

Əfsanələr gəzir qoca dağlarda,

Göydən nur sağardı Zəngilan bizə.

 

Ay doğar dağlara gün batabatda,

Xəyalımız gəzər eldə-elatda;

Əbədi çırpınar köksümüz altda

Tükənməz bir vardı Zəngilan bizə.

 

Bəsidçayda qalıb çinarlı dünyam,

Gündüzlər həsrətim, gecələr röyam.

Dağlara səs salan harayam, hayam!

Doyulmaz bir yardı Zəngilan bizə.

 

Onsuz hava çatmır, onsuz həyat yox!

Onsuz qədr-qiymət, onsuz urvat yox!

Ovqat perik düşüb,onsuz rahat yox!

Qürurdu, vüqardı Zəngilan bizə.

 

“Qatar” bulağından bir dolça su ver;

Qətrəylə doymadım, cam dolusu ver!

O el-obanı ver, o ulusu ver:

Çəkilməz qübardı Zəngilan bizə.

Bakı.

08.06.2013

 

SƏKSƏKƏLİ  BAHAR

 

Gülünü başına topla gəl,bahar!

Sənə nur gəldikçə mənə təb gələr.

Onda ki səcdənə axışar aləm,

Gurlaşar bulaqlar: ləbələb gələr.

 

Sənin camalındır bu axar –baxar,

Yamaca üz tutsam,müşk-ənbər qoxar.

Bar-bəhrə müjdəli gəlməsən, bahar,

Axşamın səhəri, billah, səhv gələr.

 

Boşuna baş verməz başa gələnlər,

Zərrə-zərrə artar cuşa gələnlər,

Toprağa gələnlər, daşa gələnlər...

Qönçə vaxtsız sola, min səbəb gələr.

 

Arı küsüb getsə, çiçək gül açmaz;

Çəmənin başına bir də dolaşmaz.

Telli saz kirisə, aşıq dil açmaz,

Ayrı avaz gələr, ayrı dəb gələr.

 

Bir an gərdişinə geciksə Günəş,

Qeyb olar bu xalı, Qüdrətdən bu fərş!

Yox olar bu büsat, min-min pərivəş;

Dünyanın işləri mürəkkəb gələr.

 

Bir dilək dilərəm hər gələn yaza:

Gül gərək bülbülü dilindən asa!

Bənövşə boynuna bir çara qılsa,

Məmmədə nə gəlsə, lap əcəb gələr!

Gəncə

21.07.2013

 

VƏTƏN və QÜRBƏT


Altında yatarkən də bizimdir

yerin üstü.

Midhəd Cəmal Kuntay.

                                                    

İnsanın məmləkətindən

uzaq düşməsi

qədər bu dünyada böyük

bir fəlakət yoxdur.

Evripid.

Vətənimin sərhəd

indən

xaricə çıxmaq

mənim üçün ölümə bərabərdir

A.Çriste.

Vətən çalışan övladlarının çiyinləri üstündə yüksəlir.

Tofiq Fikrət.

Bir yerin adına deyilincə

türk bəldəsi:

Gözüm al bayraq arar;

qulağım əzan səsi.

Midhət Cəmal Kuntay.

 

Quş yuvaya möhtac, insan bir evə;

Millət dediyin də Vətənə möhtac!

Bir yol doğulan kəs ölür min dəfə...

Dövlət millətinə əlyetər sərtac!

Vətənsiz, yuvasız bir canlı göstər:

Böcəyin yuvası: bir daşın altı;

Ayı olsun istər, qurd olsun istər...

Bəs Vətənsiz insan?! Müşkül sualdı.

 

Vətənin döşündən süd əmər insan!

Qürbətdə bay olan gördünmü, kimdir?!

Ahıl olsun, istər südəmər insan:

Qürbətdə fərqi yox: hər kəs yetimdir!..

 

Vətənin havası, soydaş nəfəsi

İnsanı zirvəyə kökləyən qüdrət!

Bir yurdda uyuşar soyun nəvası;

Qaynaşa-qaynaşa bərkiyər millət!

 

Evini itirsən, el dada yetər!

Dədəmiz mülküdür bu Vətən mülkü!

Vətəni itirsən, hər zərrən itər;

 

İzin-tozun qalmaz dünyada bil ki!..

 

Vətəndə doğulan: Vətən övladı!

Burdan baş qaldırıb; burda da çökər!

Yurddaşın olmaz ki doğması, yadı!!.

İstər padşah olsun, istərsə nökər.

 

Vətənsiz yaşanan ömür deyil ki!

Bir ömür yaşayır, bir ömür insan.

Ürək daş deyil ki, dəmir deyil ki;

Qum saatı kimi boşalır hər an...

 

Qürbətkeş yadırğar deyib-gülməyi,

Yadırğar qibləni, ərşi, kürşü də.

Axır adət edər gündə ölməyi;

Qürbət, qürbətkeşi çətin eşidə!..

 

Düşməsin, hayıfdı, daş da qürbətə!

Qanun da bu olsun, sərəncam da bu!

Tablaşmır ürək də, baş da qürbətə;

Gərək gözlənilsin hər əncamda bu!

 

Vətən bal pətəyi, vətəndaş – arı!

Arını şandan qov, dolmaz ki pətək!..

Çiçəksiz ağacdan gözləmə barı;

Balığı sudan üz, ən ağır kötək...

 

Yad qapılarına qovma doğmanı;

Hesabı özün çək, cəzanı sən ver.

Kimsə deməsin ki: “Ədalət hanı?!”

Çökməsin ulu göy; yarılmasın yer!!!

 

Vətən bir ürəkdir, övlad – şah damar;

Döyünməz, öyünməz damarsız Vətən!

Övlad varsa, dövlət də var; şah da var!

Vətənmi sayılar bir barsız Vətən?!

Gəncə

İyun, 2013

 

BİR ÇILĞIN GÖZƏLƏ

 

Adəmlə başlayıb bəşərin ilki:

O ruh çəkər bizi öncüyə, qafil.

İnci öz qədrini hardan bilsin ki?!

Haqq səni bənzədib inciyə, qafil.

 

“Nizam ki: qurğunun, mülkün əsası!”

Nizam pozuldusa, zordu qisası!..

Hoqqabaz kimsələr Allaha asi,

Qıyma kərən basa, künc əyə, qafil!

 

Yüzü qarşı gələr; biri ər olsun!

Sənə sahib olsun, bəxtəvər olsun!

“Ağatlı gələnlər” niyə xər olsun?!

Nədən sevənlərin inciyə, qafil?!

 

Uğruna çıxana bozarma belə;

Əvvəl damcı düşər, sonra sel gələ...

Qismət inad şirdir,düşmə əngələ:

Dayanmazsan pəncə-pəncəyə, qafil.

 

Sən kamil sərraf ol: bu dünya—sərgin!

Üzülmə, gözündən qaçmasın mürgün!

İnşallah, qarşında görərsən bir gün:

Hər nə layiqdirsə qönçəyə, qafil!

 

Hər quşun öz yemi, hər kəsin bəxti:

Bu belə dövrandı, bu belə çərxdi...

Kim bilər hayanda qurulub təxti?!

Ha boylan Təbrizə,  Gəncəyə, qafil!

 

Tale bir hakim ki: hökmü qətidir!

Qılıncdan kəskindir,tükdən itidir!

Gözəllik də xalqın öz sərvətidir:

Kimdi verən səni zənciyə, qafil!?

Bakı

23 may,2013


TOXTAQLIQ


 

Təbrizdən xəbər gəldi ki,görkəmli şairimiz Xosrov Sərtibi dağlar başındakı Cənnət səltənəti olan Kəleybər yurdunda dədə-baba bağındakı gilasdan yıxılıb, qolu sınıb.

      Keçmiş olsun!

 

Qanad səslərini eşitməz oldum,

Dedilər: qırılıb qolu Xosrovun.

Qol elə qanaddı-çəm bilən kəsə;

Görəydim necədir: halı Xosrovun?!

 

Bu yaşda gilasa çıxmaq zor işdi;

Ayaq sürüşdüsə, dünya sürüşdü.

Hər halda, bu işə şeytan qarışdı;

Döyməsin bağını dolu Xosrovun!

 

Sınıq tez bitişsin,acı qalmasın!

Sitəmlər üstünə ayaq almasın!

Peşman gilas yaşıl saçın yolmasın,

Şənlik etsin sağı-solu Xosrovun!

 

Gurlaşar irmaqlar, boş qalan deyil!

Doluxmuş gözlərdə yaş qalan deyil!

Qar yağar, əriyər; qış qalan deyil!

Gül açar yamacı-yalı Xosrovun!

 

Şairlər paklıqda zirvə qarıdır!

Şair öz xalqının iftixarıdır!

Çiçəkdən-çiçəyə qonan arıdır:

Süzülər pətəkdən balı Xosrovun!

Gəncə

15.06.2013

 

DAĞ DAĞA SÖYKƏNSƏ...

 

Varlığı təpədən-dırnağa

ilhamla yoğrulmuş

Təbrizimizin  istedadlı cavan şairi Əli Cavadpura

 

Bir sınaq üçündür qovğa da, qal da,

Dünya doğanaqlı örkəndi, Əli.

Təpələr istər ki: “Dağdır!”— desinlər;

Hər kəs özü boyda görkəndi, Əli.

 

Hər hünər önündə min dirəniş var;

Bir  yoxuş var  isə bir də eniş var;

Sənin görəcəyin bir aləm iş var;

Hələ gündüzdəndi, erkəndi, Əli.

 

Ömrümüz çox qısa, nağlı uzunca,

Xəyal dil-dil ötər, dodaq susunca;

Bələdçi olmadan tapır asanca

Çəliyin gözüylə kor, kəndi, Əli.

 

Söz necə görməsin görünməzləri?!

Söz görünməz,qalar ayaq izləri!

Qılıncından betər söz gilizləri!..

(Bu, köhnə məsəldi, süxəndi,Əli.)

 

Demədiyim sözlər bağrımı deşər;

(Darhövsələ olub övladi-bəşər...)

İnşallah,uğruna pərilər düşər:

Atmısan göylərə kəməndi, Əli.

 

Sən sözün ərbabı,sözün Fərhadı!

Külüngündən qopar dağın fəryadı.

Ulusundan gəlir sözünün odu,

Bu, həmin nəsildi, kökəndi, Əli.

 

Dağlardan süzülən şəhdü-zülalsan!

Sən özgə pətəksən, sən özgə balsan!

Bir ayrı rüzgarsan; bir ayrı halsan,

Demərəm, şeyrimiz tükəndi, Əli.

 

Fəhmin-fərasətin nə qədər sənin!

Odundan od alar Səməndər sənin!

Ruhunda dil açdı Kəleybər sənin!

Sözlə başlamısan nə fəndi, Əli!?

 

Nəbatiyə yaxın, Abbasa doğma!

Bulud kükrədisə, ilhamı boğma!

Könüllər var ikən, dağ-daşa yağma,

Sözün gül nəfəsli çəməndi, Əli!

 

Təkcə sən deyilsən,çox sən var sizdə!

Pərvazlar yan-yana ana Təbrizdə.

Parlaq üfüq açın türk  şeyrimizdə:

Dağlar bir-birinə söykəndi, Əli.

Yan-yana verdikcə, bir baxın, göyə:

Dağ-dağı qaldırar ulu zirvəyə!

İbrət sərgiləyər dağ: “öyrən!”- deyə.

Göz- gözə, söz-sözə təkandı, Əli!

 

Söz hələ canlıymış Təbrizdə,şükür!

Sözdən nur daşdanır hər sözdə, şükür!

Dönməz yolçu gördüm hər izdə, şükür!

Soydaş, dədəsinə çəkəndi, Əli.

Gəncə

20.07.2013

 

DÖRDDƏ BİRİ

Eşqim bəyin

iyirmi beş yaşına.

 

Məclisində Eşqimizin

Yüz yaşının dörddə biri!

Yüz nəşəli bağı olsun;

Heç olmasın dərddə biri!

 

Sözü müdam qəti olsun!

Vicdanı: sərvəti olsun!

Yüz havalı atı olsun,

Büdrəməsin sərtdə biri!

 

Xilaf deməz o heç kimə!

“Ayım!”—söylər, “Günəş”—kimə!

Min qılman gəlsə Eşqimə,

Bənzəməz surətdə biri!

 

Eşq ətirli o axşamla

Söz xərclərdim bircə damla.

Mərc gəlsəm min bir adamla,

Çətin udar şərttə biri!

 

Uzaq olsun qorxu-qada!

Cəfərlə çatsın murada!

Yüz yaşında yüz tamada:

Onlardan Məmməd də biri!

Bakı

25.03.2013

 

SƏN DEYƏN OLSUN...

 

Sözünü deyə bilməmək dərdi də var bu arsız-gorsuz dünyanın.

Düşmənim də düşməsin düşdüyüm dərdə!

Buna bənzər naçarlıq qarşısında farsların çox ibrətli çıxış yolu var: deyərlər: “Necəsən qanmayım, atan yansın?!”

Amma özünü qanmamazlığa vurmaq da müşkül məsələdir! Deyək ki, bacardın,bununla dərdin azalacaqmı?! Ürəyin təskin olacaqmı?!

Deyəcəyim sözə nə qıyıram, deyəm; nə onun bəyanına dilim var gəlir...

O adama siz deyən yaxşılığım dəyməyib. Pisliyim də keçməyib, vallah.Bununla belə  heç nədən başladığı dığdığanın səbəbini də bir yana yoza bilmirəm.

Yönü hara düşürsə, adam işini-gücünü tərgidib mənim dərdimi çəkir:

–-Məmməd niyə şair olsun?!

Sual cavab üçündür. Başqaları nə cavab verir,özləri bilsinlər. Amma mənim də cavab vermək haqqım var. Heç cürə əsaslandıra bilmirəm ki: mən niyə şair olum, ya olmayım?!  Ən təəccüblüsü odur ki, şair olmadığımı o şair olan kimsə yaxşı bildiyi halda,niyə ağzına hayıfı gəlmir: belə yersiz sualla özünü də yorur, özgələri də.Bir sağlam məntiqə sığırmı bu cəfakeşlik?!

Görünür,adamın dərdi çatışmır. Çatışsaydı, öz dərdi ilə özcə başını qatardı...

Əslində, cavab yerinə yazdığım aşağıdakı naçar şeirim də deyə bilmədiyim əsl sözü əvəz etməz.

Xülasə, deyə bilməyəcəyim o gərəkli söz zinhar edər məni...

 

“Məmməd niyə şair olsun?!” - deyirsən.

Dedinsə, isbatdı: sən deyən olsun!

Şair ərşlə-kürşlə əlləşsin gərək;

Şair ki baş qatdı, sən deyən olsun!

 

Şairlik toxumdu: cücərib bitər;

Kimi boy göstərər, kimisi itər.

Kim cəbrə dözdüsə, o qalsın,yetər!

Bu canlı həyatdı: sən deyən olsun!

 

Sənə verən fələk mənə vermədi;

Ciddi-cəhd elədim, yenə vermədi.

Dərdə qalxan tutan sinə vermədi,

Gün doğdu, gün batdı; sən deyən olsun!

 

Bacara bilmədim, tale utansın!

Şözümə yatmayan lalə utansın!

Məni tıncıqdıran nalə utansın!

Hər sözüm it-batdı,sən deyən olsun!

 

Mən şair olmadım, özün gördün ki.

Sən çalış, sən yarat, büdrəmə diki!..

Heç kəsin qəlbini qanatma təki...

Hər halım bərbatdı; sən deyən olsun!

 

Şair olmadımsa, qərq olma qəmə;

Amma duyduğunu hər yerdə demə!

Azmı dərdimiz var, qoymuşuq

dəmə;

Haqdı, zarafatdı, sən deyən olsun!

 

Meşədə, “orman”da söz gizli qalmaz!

Astar gizli qalmaz, üz gizli qalmaz!

Əyri gizli qalmaz, düz gizli qalmaz...

Qulaqlarım batdı...Sən deyən olsun!

 

Bir az yavaş danış,el duyar bizi;

Eşidər Dəlidağ, odduyar bizi!

Silər yaddaşından o diyar bizi;

Söz məni qurcatdı, sən deyən olsun!

 

Gözüm görə-görə ölən muraddı...

Lafını bol elə,bu nə urvatdı?!

Mən ki daş deyiləm,Allah yaratdı;

Sözün neçə qatdı: sən deyən olsun!

 

“Məmməd niyə şair olsun?!”—Nə deyim!?

Haqq verməsə,balla dolmaz pətəyim...

Bomboş qalar tamam əlim-ətəyim;

Taleyim çat-çatdı; sən deyən olsun!

 

Mən haçan dirəndim: “şairəm!”—deyə?!

Dirənsə, kim alar şairlik guya?!

Şairlik vergidi,şairlik maya!

Əgər ki, inaddı, sən deyən olsun!

 

Mən şair olsaydım, bu, nə xəbərdi?!

Ola bilmədimsə, kimə nə dərdi?!

Vurğun demuş: hər şey “gəldi-gedərdi!..”

Söz tamama çatdı: sən deyən olsun!

27.07.2013

 

QUYUDAN  GƏLƏN  SƏS

(Musa Yaquba)

 

Qafil, bu gürzədən özünü gözlə:

Şair olanları sözündən çalar.

Əzrayıl yamana ta yaxın durmaz,

Yaxşını hərləyib gözündən çalar.

 

Yerə bax, göyə bax, bu həkətə bax;

Seçdiyi ova bax, hərəkətə bax!

Tükü-tükdən seçən kəmfürsətə bax:

Tərpənməyə qoymaz, dizindən çalar.

 

Çalxanan dəryada ilan bu ada,

Heç nədən verərsən hər şeyi bada...

Aman verməz qala tozun dünyada,

Kəsdirər yolunu, izindən çalar.

 

Biri heç olmasın; bir ki varmış...

Bahardan qorxurmuş qar dolu hər qış;

Sirli bir quyudan kəsilən qamış,

Nə çalsa, hər sirrin düzündən çalar.

 

Seçilər gerçək də, yalan da bir gün,

Gələr tamaşaya el onda bir gün.

Çəkər öz əcrini ilan da bir gün;

İnşallah, qayıdıb özündən çalar.

Gəncə

21.07.2013

 





28.10.2013    çap et  çap et