525.Az

EIA: "Qlobal elektrik enerji istehsalında alternativ mənbələrin payı artacaq"


 

EIA: "Qlobal elektrik enerji istehsalında alternativ mənbələrin payı artacaq"<b style="color:red"></b>

Azərbaycan Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2050-ci ildə qlobal elektrik enerji istehsalında alternativ mənbələrinin payının 49%-dək artacağını proqnozlaşdırır.

Bu barədə “APA-Economcs” EIA-in 2019-cu il üzrə enerji icmalına (“Energy Outlook 2019”) istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, 2018-ci ildə qlobal elektrik enerjisinin 28%-i bərpa olunan enerji mənbələrindən istehsal olunub ki, bunun da 96%-i su, külək və günəşdən elektrik stansiyaların payına düşüb.

Proqnozlara görə, 2050-ci ilədək götürülən dövr ərzində elektrik enerjinin istehsalı üzrə daha sürətli artımı günəş, daha zəif artımı isə su elektrik stansiyalar nümayiş etdirəcək.

Xatırladaq ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmağı planlaşdırır.

Bu barədə daha öncə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, hazırda ölkənin elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı isə təqribən 8%-dir.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 546 MVt-dır. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1 276 MVt-dır. Bu da ümumi gücün 17%-ni təşkil edir. Elektrik enerjisinin 92%-i təbii qazdan istifadə edərək əldə edilir.

Əgər Azərbaycan bərpa olunan enerji mənbələrindən il ərzində 1 mlrd. kVt-saat elektrik enerjisi istehsal edə bilsə, bu, ildə təxminən 245 mln. kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

 





03.10.2019    çap et  çap et