525.Az

Şair ilhamlı rəssam


 

Şair ilhamlı rəssam<b style="color:red"></b>

Surxay ƏLİBƏYLİ

Nadir istedad sahiblərindən biri kimi tanıdığım və dərin hörmət bəslədiyim dəyərli sənətkar Natiq Ağayev, çox təəssüf ki, artıq bu dünyada yoxdur. Rəssamlıq istedadı ona Allah tərəfindən verilmiş vergi idi. Çoxlarının görə bilmədiyini, duya bilmədiyini hiss edirdi. Onda misilsiz rəssamlıq duyğusu var idi. Təbiətdə gördüyü hər şeyə, hər canlıya özünəxas vurğunluqla baxırdı. Natiq hər şeydən öncə mahir bir portret ustası kimi yetişmişdi. Əfsus ki, böyük qalereyalarda, şöhrətli salonlarda sərgiləri keçirilmədi. İnanıram ki, nə vaxtsa qədirbilən xalqımız Natiqin də əzəmətli salonlarda açılan sərgilərinin tamaşaçısı olacaq.

Natiq Ağayev çox nikbin bir insan idi. İnsanları, insani keyfiyyətləri olan, kövrək qəlbi olan insanların vurğunu idi. Natiq cavanlığında Ağdamın “Qarabağ” futbol klubunun öz dəsti-xətti olan futbolçularından olmuşdu. O, Qarabağın dilbər guşələrindən olan Ağdamın dəli-divanəsi idi. Öz yurdunu, obasını, onun insanlarını bala anasını sevən kimi sevərdi. Erməni işğalçıları Ağdamı işğal edəndən sonra uzun müddət özünə yer tapa bilmirdi, elə bil havalanmışdı. Kim bilir, bəlkə də ürəyinə ilk zərbə də özündən çox sevdiyi Ağdamın namərdcəsinə işğalından sonra dəydi. Həmişə təkliyə çəkilərək özünə qapanıb, Ağdamlı günlərini xatırlayıb kövrəlir, bəzən də özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayırdı.

Məlumdur ki, rəssamlıq bir çox sahələrə bölünür. Bu sahələr arasında bəlkə ən çətinlərindən biri portret rəsmlər çəkməkdir. Allahın yer üzünün əşrəfi kimi yaratdığı insanın şəklini çəkmək çox çətin və zəhmətli bir peşədir. İslam dini uzun müddət insan şəklini çəkməyi qadağan etdi. Bəlkə ona görə qadağan etdi ki, “İnsan Allahın şah əsəridir, Yaradandan kamil bir əsər yarada bilmirsənsə, yaratma”, – deyirdi. Natiq Ağayev sözün həqiqi mənasında Yaradanın Yaratdığı insanın obrazına sadiq idi və insanın portretini çəkəndə onun iç dünyasını, ürəyinin işığını, heç kəsin görmədiyi, görə bilmədiyi bir aləm yaratmağa can atırdı. Natiq portretini çəkmək istədiyi adamı uzun zaman müşahidə edərdi, onun bütün iç dünyasını kəşf edib, sonra fırçanı əlinə götürüb, kətan üzərinə rəsmini köçürərdi. Ona görə də onun tabloda gördüyü rəsm işləri hamısı yaxından tanıdığı, daim təmasda olduğu insanlar idi.

Natiq Ağayevin ən çox sevdiyi, şeirlərinin vurğunu olduğu şair Şahmar Əkbərzadə idi. Ona görə də ustad şairin bir neçə  gözəl, əvəzsiz rəsmini yaratdı. Onun “48 ölçüdə qadın paltarı” rəsmi misilsiz bir sənət əsəridir.

Natiqin rəsmləri bitkin bir obraz idi. “Hacı Rövşən”, “Hacı Vidadi”, “Hacı Ədalət” və başqa-başqa müqəddəs yerləri ziyarət edib gəlmiş insanlarımızın kətan üzərində dolğun obrazlarını yaratmışdı. Məsələn, “Hacı Arif Babayev” portretinə baxanda elə bilirsən ki, bu dəqiqə bir yanıqlı “Segah” eşidəcəksən, “Qədir Rüstəmov” portretinə baxanda qulaqlarına “Sona bülbüllər”in səsi gəlir, Aqil Abbas elə bil “Dolu” romanını qəhrəmanlarının taleyini əbədiləşdirir, Şahin Rüstəmovu Vətən xainlərinə hökm oxuyarkən, Bəhruz Axundovu Qarabağ haqqında yeni bir kitabın nəşrində, Vasif Quliyevi tüstüsü ərşə dirənmiş Şuşanın dağlarında təsəvvür edirsən. Həmçinin, təvazökarlıqdan uzaq olsa da, bəndənizin portretinə baxanda da “Ağdamım – qibləgahım” kitabları göz önünə gəlir.

Məşhur bir rəssamın yanına gedib deyirlər ki, sən bu qədər rəsmləri hardan tapıb çəkirsən. O, bir söz demədən, külqabını ona müraciət edənin qarşısına qoyub deyir: “Buyur, sən də çək”. Tərəf-müqabili söyləyir ki, bu külqabında nə məna, romantika var ki, onun rəsmin çəkim? Cavab verir ki, elə yaradıcılıq da budur, hər şeydə məna, romantika var, onu görmək lazımdır. Natiq də bütün canlı və cansız aləmdə məna arayıb, romantika axtarıb. Ona görə də onun yaratdığı bütün obrazlar həyatidir, əbədiyaşardır.

Natiq Ağayevin bu dünyadakı həyatı tam, bitkin bir insan taleyinin portreti idi. Sadə, bəzək-düzəksiz, amma işıqlı bir insan taleyinin portreti. Onun bundan sonrakı taleyi də mənalı və işıqlı olacaq. Əsərləri olan hər yerdə Natiq öz mənəvi ömrünü yaşayacaq, sənətsevərlərin qəlbində əbədi həyat sürəcək.

Ruhu şad olsun!



 





28.10.2013    çap et  çap et