525.Az

Gələn il alternativ enerji sahəsində hərraclar keçiriləcək


 

Gələn il alternativ enerji sahəsində hərraclar keçiriləcək<b style="color:red"></b>

Gələn ilin ortalarında Azərbaycanda alternativ enerji sahəsində həyata keçiriləcək layihələr üzrə hərracların elan edilməsi gözlənilir.

Bunu "APA-Economics"ə Azərbaycan Energetika Nazirliyindən deyiblər.

Qurumdan bildirilib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb və bu sənədin cari ilin sonunadək təsdiq ediləcəyi gözlənilir: "Bu məsələ qanunun qəbul olunmasından asılıdır. Bu ilin sonuna kimi qanunun qəbul olunması gözlənilir. Bundan sonra hərraclara başlanılacaq. Hərraclar üzrə konkret tarix açıqlamaq hələ mümkün deyil. Onlar təxminən 2020-ci ilin ortalarında baş tuta bilər".

Qeyd edək ki, Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən şirkətlər alternativ enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır. Bəzi şirkətlər Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində iri həcmli investisiya layihələri həyata keçirmək üçün öz təkliflərini təqdim ediblər.

Nəzirlikdən verilən məlumata əsasən, bu təkliflər hazırda öyrənilir və ölkə üçün onların əlverişliliyi dəyərləndirilir.

Xatırladaq ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmağı planlaşdırır.

Bu barədə daha öncə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, hazırda ölkənin elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı isə təqribən 8%-dir.

Xatırladaq ki, Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 546 MVt-dır. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1 276 MVt-dır. Bu da ümumi gücün 17%-ni təşkil edir. Elektrik enerjisinin 92%-i təbii qazdan istifadə edərək əldə edilir. Əgər Azərbaycan bərpa olunan enerji mənbələrindən il ərzində 1 mlrd. kVt-saat elektrik enerjisi istehsal edə bilsə, bu, ildə təxminən 245 mln. kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

Əlavə edək ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2050-ci ildə qlobal elektrik enerji istehsalında alternativ mənbələrinin payının 49%-dək artacağını proqnozlaşdırır. Agentliyin məlumatına əsasən, 2018-ci ildə qlobal elektrik enerjisinin 28%-i bərpa olunan enerji mənbələrindən istehsal olunub ki, bunun da 96%-i su, külək və günəşdən elektrik stansiyaların payına düşüb.

 





03.10.2019    çap et  çap et