525.Az

“O tənqidçi olmayıb, tənqidçi doğulub...”- Məşhurların xanımları


 

“ƏDƏBİYYATDAN ONUN YEGANƏ QAZANCI ƏSƏB, XƏSTƏLİKLƏR VƏ SARSINTILAR OLUB”

“O tənqidçi olmayıb, tənqidçi doğulub...”- <b style="color:red">Məşhurların xanımları</b>

“Füzulini anlamaq qəliz məsələdi, onu hər adam anlamır mən onu sevirəm, oxuyuram və anlayıram.Anladıqca ölüb, yenidən dirilirəm”. Həmsöhbətimiz, bu maraqlı fikirlərin müəllifi, Azərbaycanın dəyərli ədəbiyyatşünaslarından biri olan, ədəbi tənqidçi Vaqif  Yusiflinin həyat yoldaşı Solmaz xanım Yusiflidir.

 

–Solmaz xanım, gəlin söhbətimizə sizin tərcümeyi-halınızı dilinizdən eşitməklə körpü salaq. Hansı ailədə dünyaya göz açmısız?

–Masallı rayonun Mahmudavar kəndində anadan olmuşam. Ailədə səkkiz uşaq olmuşuq: beş qız, üç oğlan. Mənim anam təhsilsiz qadın idi, amma ədəbiyyatı sevən, incəsənətlə maraqlanan insan idi. Əvvəllər həkim olmaq arzusunda idim. Birinci qəbul imtahanında  konkursa düşdüm, biologiya müəllimliyi oxumaq şansım olsa da, oxumadım, qərarım qəti idi, həkim olmaq istəyirdim. Lakin ikinci il nədənsə fikrimi dəyişdim, sənədlərimi APİ-yə verdim.  İbtidai sinif müəllimliyi ixtisasına daxil oldum. 4-cü kursda olanda  Vaqiflə ailə qurduq. Universiteti öz evimizdə bitirmişəm. Heç vaxt müəllim olmaq qərarımdan peşman olmamışam. Həyatım gözəl keçib.Yüzlərlə şagird yetişdirmişəm, deyilənə görə yaxşı müəlliməyəm.

– Vaqif Yusifli ilə necə tanış oldunuz?

–Hər ikimiz Masallı rayonundanıq. Vaqif Masallının Ərkivan kəndində doğulub, mənsə Mahmudavar kəndində. Mən heç onu tanımayanda da məqalələrini, yazılarını oxuyurdum. Masallıdan olduğu üçün Vaqifin yazılarına daha böyük maraq göstərirdim. Tanış olmağımıza böyük bacım vəsilə olub. Bacım Vaqifin əmisi arvadıdı. Vaqif məni onların ailə albomundakı şəkildə görüb, bir müddət sonra məsələni bacıma açıb. İlk əvvəl razı deyildim, arıqlığı xoşuma gəlməmişdi. Vaqif cavanlıqda da indiki kimi arıq idi. Mən də cavan qız, naz etdim əvvəlcə, sonra onun o mülayim xarakteri, sakit görünüşü, intellekti məni özünə cəlb etdi.

– Doğrudan da söz sözü çəkib gətirir. Elə isə cavanlıqda olan ən  çox maraqlı xatirələrinizdən danışardız

–Onun çox qeyri-adi xüsusiyyətləri var idi. Məsələn, görüşə gəlirdi, əlində bir böyük dəstə zanbaq, yanında da bir paçka pendir. (gülür)  Bu qəribəlik onun həssaslığından irəli gəlirdi- tələbə idim, şəhərdə qalırdım, ehtiyacım ola biləcəyini düşünərdi. Birlikdə çox sayda tamaşalara, operalara, kitab sərgilərinə, açılışlara gedirdik. Nişanlı dövrümüz olduqca maraqlı keçib. İncəsənətlə iç-içə olmuşuq . Bütün bunlar mənim dünyagörüşümün formalaşmasında da dərin izlər qoyub. Evlilikdən sonra da təxminən 10 il ərzində teatrların daimi tamaşaçısı olmuşuq. Qaynım Cavanşir o vaxtlar tələbə idi, bizim evdə qalırdı. Uşaqları Cavanşirə tapşırıb, Vaqiflə birlikdə tamaşaya gedirdim. İndi düşünürəm ki, bunu heç bir qayın etməzdi. Vaqifin ailəsini də, ən azı Vaqif qədər sevmişəm. Onlar mənə qarşı çox mülayim, çox qayğıkeş olublar.

–Vaqif müəllimlə evlilik qərarınıza qarşı çıxanlar oldumu?

–Ailələrimizdə heç kim bizim evliliyimizin əksinə deyildi. Bir – birimizə uyğun olduğumuzu düşünür və bizə dəstək olurdular. Atam da, anam da bu evliliyin tərəfdarı idi. Vaqif o vaxtdan məqalələri, televiziya verilişlərindəki çıxışları ilə tanınırdı. Bəlkə də elə onun bu xüsusiyyətləri bəzi əngəlləri aradan qaldırmışdı. Biz ailə qurduqdan sonra Vaqif aspiranturaya daxil oldu, Bakıya oxumağa getdi, mən isə Masallıda onun ailəsi ilə birlikdə qaldım,orada işlədim. Heç vaxt nə mən, nə uşaqlarım əziyyət çəkməmişik, həm maddi, həm mənəvi cəhətdən o bizi hərtərəfli təmin edib. Üç uşağımız dünyaya gəldi. Uşaqlarımızın tərbiyəsinə kifayət qədər vaxt ayırmışam, diqqət etmişəm, elə yoldaşım da çox qayğıkeş ata olub.

–Solmaz xanım, geriyə baxanda dünənlə bu günü necə müqayisə edərdiz?

–Bizim vaxtımızda həyat daha gözəl idi. Maraqlanırdıq, araşdırırdıq, yeni çıxan jurnalları, romanları  oxuyurduq, həvəslənirdik. Mən özümüzü indiki gəncliklə müqayisə edirəm, məsələn, oğlumun  nişanlısı ilə getdikləri yer ancaq dəniz kənarı əyləncə məkanları idi. Nədənsə biz kollektivlə vaxt keçirməyi, ədəbi diskussiyalarda iştirak etməyi, müzakirələrə qoşulmağı daha çox sevirdik. Bizi buna heç kim məcbur etmirdi. Yalnız özümüz, kitab-kitab şeirlər əzbərləyir, romanlar oxuyurduq. İndi bizim evdə Vaqifin böyük bir kitabxanası var. Heç kim o kitabları oxumur, maraqlanmır. Mən çox xoşbəxtəm ki, onun kimi bir insanla ailə qurmuşam.

–Sizcə niyə Vaqif müəllim yazıçı, yaxud şairliyi yox, məhz tənqidçiliyi seçib?

– Vaqif həmişə deyir ki, mən tənqidi anamdan öyrənmişəm. Anası çox cəsarətli və sözü üzə deyən qadın idi. Heç kimin arxasınca danışmaz, kimə nə sözü varsa üzünə deyərdi. Məncə bu xüsusiyyət ona irsən keçib, o tənqidçi olmayıb, tənqidçi doğulub.

–Vaqif  Yusifli yaradıcılığa şeirlə başlayıb, 28 yaşına qədər də şeir yazıb. O şeirlərdən nə qədəri sizə aiddir?

–Vaqif qeyri-adi adamdı, yazmaqdan başqa əlindən heç nə gəlmir. 28 yaşına qədər şeir yazıb, onların arasında mənə də aid etdiyi saysız –hesabsız şeirləri var. Ədəbiyyata münasibətdə çox tələbkardır. Onun sadiq oxucusu olaraq deyə bilərəm ki, olduqca güclü şeir duyumu var. Hissləri aydın, duyğuları qabarıq şəkildə ifadə etmək xüsusiyyətinə malikdir. Amma həmişə deyir ki, Füzulinin bir misrasını belə yaza bilmədikdən sonra, şair olmağın heç bir mənası yoxdur.  Evləndikdən sonra şeirlərini, mənə məktub şəklində ünvanlayardı. Çünki Bakıda oxumağı bizi bir –birimizdən uzaq salmışdı.

–Tənqidçinin bir vəzifəsi də təbii ki, tənqid etməkdir. Bu tənqidlərə görə, nə vaxtsa ailənizi təhdid, təqib edənlər olubmu?

– Təzə ailə qurmuşduq. Hər ikimiz çox gənc idik, Vaqif özündən rütbə və yaşca böyük bir yazıçının əsərlərini tənqid etmişdi. Evə hədələyici yazılar yollayırdılar, yolda Vaqifin yolunu kəsdilər, qorxutmağa çalışdılar. Bu cür  hadisələr az olmayıb. Sonra tale elə gətirdi ki, həmin insanlar özləri xahiş edirdi ki, Vaqif onlar haqda məqalə yazsın, fikir bildirsin. Vaqif yaradıcılığa başladığı dövrdə, tənqidçiliklə məşğul olan jurnalistlər çox idi. Yalnız  1990-cı illərdə bir dövr gəldi ki, ədəbiyyatda Vaqifdən başqa tənqidçi fəaliyyət göstərmədi. O ağır, çətin dövrlərdə, bütün jurnallarda, qəzetlərdə ancaq onun imzası idi.

– Vaqif Yusifliylə ailə həyatınızda nələri ona təlqin etməyə çalışmısız?

–Vaqifin mənfi cəhətləri olduqca azdı. Həmişə onun siqaret çəkməyinə mane olmaq istəmişəm. Səhhəti pisləşəndə, bu vərdişdən öz istəyi ilə  əl çəkdi, nəhayət ki. Bir də olduqca səliqəsiz adamdı. Həmişə onun bu xüsusiyyətini dəyişdirməyə çalışmışam və bu mübarizəmdə, həmişə məğlub olmuşam. Başqa dəyişdirməyə çalışdığım heç bir cəhəti yoxdu.

–Sənətkarlar adi insanlardan fərqlənir. Vaqif müəllimin hansı qeyri – adi xüsusiyyətləri var?

–Onun qəribə davranışları olduqca çoxdu. Məsələn, Füzulinin yaradıcılığını çox sevir, hər səhər tezdən durub, onun qəzəllərini əzbərləyir. Özü də yüksək səslə, pafosla, elə oxuyur ki, səsini qonşular da eşidir. (gülür) Yaxud da yolla gedərkən qəzəl deyə – deyə gedir. Bəzən mənə də deyirlər ki, Vaqif yolla danışa-danışa gedir. Onlara  izah etməyə çalışıram ki, o danışmır, əzbərlədiyi şeirləri, qəzəlləri təkrarlayır ki yadından çıxmasın. Yaxud da işdən gəlirəm ki, stolun üstündə iki bənd şeirlə yazılmış bir məktub yazıb qoyub. Sonda da məndən xahiş edib ki, onunçün plov hazırlayım. Evdə elektrik cihazlarının, ya naqillərin hansındasa boşluq olur, onu təmir etmək əvəzinə, işdən gəlib görürəm ki, elektrik xətlərinin hansınınsa üstünə böyük hərflərlə bu sözləri yazıb yapışdırıb: “Əl vurma, öldürər”. (gülür) Yəni demək istəyirəm ki, bu adam yazmaq üçün doğulub, əlindən yazmaqdan başqa heç nə gəlmir. Ən gözəl xüsusiyyəti odur ki, fürsətcil deyil. Şəhər mühiti, həyat tərzi, heç bir şey onun xarakterini dəyişə bilməyib.

–Solmaz xanım, bir qadın, bir ana kimi, “indiki ağlım olsaydı bunu edərdim, ya etməzdim” dediyiniz məqamlar hansılardır?

–İndiki ağlım olsaydı, övladlarıma sənətlərini seçməkdə yardım edərdim, verdikləri qərarlara təsir etməyə çalışardım. Qızımı da, oğlumu da incəsənət sahəsinə yönləndirərdim. Çünki əminəm ki, hazırda çalışdıqları sahələrdən daha çox bu sahədə uğur əldə edərdilər. Bəzən Vaqifin xəstəliyini, şəraitsizliyini göz önünə gətirəndə, düşünürəm, kaş cavanlıqda onu başqa sənət seçməyinə dəstək olardım, icazə verməzdim ki, ömrünü ədəbiyyata həsr etsin. Ədəbiyyatdan onun yeganə qazancı əsəb, xəstəliklər və sarsıntılar olub.

Məhəbbət HACIYEVA,

Firəngiz AĞALAR

İdeya müəllifi Tofiq Abdin.

 





28.10.2013    çap et  çap et