525.Az

Ana quzuları - Fidan Malik yazır


 

Ana quzuları - <b style="color:red">Fidan Malik yazır</b>

Bir neçə gün öncə oktyabr çağırışçılarını hərbi xidmətə yola salırdıq. Bir-birindən yaraşıqlı, oğul balaları. Kimimiz ata-ana, kimimiz baba-nənə, kimimiz də digər qohumlar idik. Hərəsi hər birimizin bir ciyər paramız idi. Anaları üçünsə "ana quzuları". Gözünün, ürəyinin yağını yedirdikləri, üzərində tir-tir əsdikləri, "ana quzuları". İllər öncə nənəmin hər əsgər gördüyündə nə üçün onlara "ana quzusu" dediyini indi çox yaxşı başa düşdüm...

"Anan boyuna qurban", - deyən səs tərəfə çevrildim. İçəridən qeydiyyatdan keçən çağırışçı çıxıb anasıgil olan tərəfə gəlirdi. Ortaboylu, arıq bir oğlan idi. Amma siz ona bir də anasının gözlərilə baxardız. Anası üçün ona doğru çinar boylu, yarlı-yaraşıqlı bir igidi gəlirdi. Baxdıqca doymurdu balasından. Üzünü tumarlayır, əlini tutur, ya da tez-tez qulağına pıçıldayaraq nə isə məsləhətlər verirdi. Beləcə də oradakı hər bir ana. "Ana quzuları" isə bu nəvazişi özünə sığışdırmayıb, anaya gözü-qaşı ilə "Yaxşı da, ana, bəsdir də. Mən sənin üçün uşaq deyiləm", - deyib anadan bir addım aralanırdı. Ona elə gəlirdi ki, kənardan təzə yoldaşları ona güləcək, "ana uşağı" deyəcəklər. Amma xəbərləri yox idi ki, onlar da eynilə özü kimi əzizlənirdilər. Hər nə qədər anaya göz-qaş ağartsalar da, bir-iki dəqiqədən sonra yenə də hərlənib ananın yanına gəlirdilər. Çünki boylarından, görünüşlərindən asılı olmayaraq hərəsi bir "ana quzusu" idi. O anda xanımına "uşaqnan işin olmasın", - deyən atalar əgər ayıb hesab etməsəydilər, bəlkə də, anadan çox sarıb-sarmalayardılar balalarını.

Nənə-babaların sevgisi hər zaman bir başqa olur. Nədənsə onlara elə gəlir ki, onlar nəvələrini ata-anasından daha çox istəyirlər. Bəlkə də bu, belədir. Bəlkə bu səbədəndir ki, onların bir-birilə münasibəti bir başqa aləm olur. Nəvələr də hər zaman baba-nənəyə ərk edir, danlamaq məqamında onların tərəfkeşliyinə arxalanırlar. Lakin bu gün baba-nənələr də ata-ana ilə bir tərəfi paylaşırdı. Onlar da gah oxşayır, gah da məsləhətlər verirdilər.

Bir azdan idarənin həyətinə avtobus sürüldü. Çağırışçıları təlim məntəqələrinə aparacaqdılar. Həyəcan birə-min artdı. Adlar çəkildi. Hər birisi əzizlərilə sağollaşıb avtobusa mindi. Yerlərinə oturdular. Atalar, babalar hər zamankı kimi özlərinə sığışdırmayıb avtobusdan kənarda dayandılar. Analar, nənələrsə hərəsi öz "quzusu" oturan tərəfin pəncərəsinin qarşısında durdular. Üzləri gülürdü. Gözləri isə nəmli idi. İçəridən boylanan "ana quzuları" analarına əllərilə gözlərini işarə edərək, "ağlama da bəsdir", deyirdilər. Avtobus yerindən tərpəndiyi an isə pəncərədən boylanan bu igid balaların gözlərindən, ürəklərindən süzülüb gələn minlərcə sətir oxundu. Başlarını çevirməyə utansalar da, gözlərilə avtobus dönənə qədər arxaya boylandılar. Onlar həm ata-ana nəzarətindən uzaq olacaqlarına sevinir, həm də bu məchul yolda nə ilə qarşılaşacaqlarını bilmədikləri üçün qəlbləri həyəcan təbili çalırdı.

Görəsən, bu müvəqqəti də olsa ayrılıq kimin üçün daha çətin olacaq?.. "Ana quzuları" üçünmü, onları Allaha, vətənə əmanət edən doğmaları üçünmü?..

Yolları çox uzaqdır... Məsələ məsafədə deyil. Onları bu yolda çox imtahanlar gözləyir. Həyatı bildiklərini zənn etdikləri halda, əslində isə hələ heç nədən xəbərdar olmadıqları bir yol. Adi bir poladdan bir qılınca çevriləcəkləri bir yol. Eynən dəmirçinin poladı kimi gah alova, gah da soyuğa salınacaqları bir yol. Dostla, yoldaşla sınağa çəkiləcəkləri bir yol. Sevdiyinin vəfasının sınandığı bir yol. Doğru ilə yanlışı ata-ananın məsləhəti olmadan ayırd etməli olduqları bir yol. Bəzən səhərin ayazına, bəzən gecənin zülmətinə yoldaş olacaqları bir yol. Nəfslərinə hakim olmağı öyrənəcəkləri bir yol. Bəzən dost bildiklərinin düşmən, düşmən bildiklərinin dost olacağına təəccüblənəcəkləri bir yol. Anaya bəyənmədiyi yemək üçün naz edərkən, qarşısındakı yeməyi nemət biləcəkləri bir yol. Gecə soyuq olduğunda üstlərini ananın gəlib örtməyəcəyi bir yol. Naxoşladıqları vaxt ananın kəkliotu, zoğallı çayının olmayacağını, öz qeydlərinə özlərinin qalmalı olduqları bir yol. Dara düşəndə ataya qürrələnə bilməyəcəkləri bir yol. Nənə-babanın nazlandıra bilməyəcəyi bir yol. Bəlkə bu səbəbdəndir ki, bu yola "kişilik, ərlik məktəbi" deyilir...

Yolları çox uzaqdır... Amma geri döndüklərində "ana quzusu"ndan tam bir nər igid olaraq dönəcəklər. Çinar boylu, ər igidlər dönəcəklər. Onların yolunu sevgiylə gözləyən analar üçünsə bir "ana quzusu" olaraq qalacaqlar.

Yolunuz açıq olsun, igid oğullar! Şanınız ata-anaya fərəh, düşmənə qorxu olsun! Su kimi gedib, su kimi gələsiz! Ayağınıza daş dəyməsin! Biləyiniz bərk, beliniz dik, alnınız açıq olsun! Vətənə xidmətiniz mübarək olsun, Azərbaycan əsgərləri!

 





04.10.2019    çap et  çap et