525.Az

Tanıyaq və tanıdaq: Süleyman Cəfərli


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Süleyman Cəfərli </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
 
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Süleyman CƏFƏRLİ

1979-cu ildə Təbrizdə milli ruhlu bir ailədə dünyaya gəlib. Təbriz şəhərində ibtidai, orta və ali təhsil alıb. Süleyman Cəfərli hər 3 üslubda - əruz, heca vəznlərində və sərbəst formada şeirlər yazır.

Bütün günəşlərimin ölüm çağında

Şəhərim...
Barışa bilmədim sənlə bir təhər,
Halbuki ərköyün balandım sənin.
Yoxsa sən! Anlaya bilmədin
dərdimi mənim.
De görüm, çoxmuydu səndən istəyim?
Biraz ay işığı, bir kərpic divar
Səslənəm üstündə haraylarımı
Qırmızı boyayla bir ulduz çəkib,
Onunla sayrışam kim olduğumu.
De görüm, çoxmuydu səndən istəyim?
Sən qucaq açarkən hər gələninə,
Bir qarış divarı çox gördün mənə.
De görüm, mən sənə ögey oğuldum?
Bəlkə də mən səndə doğulmamışam?
Bu barıt qoxulu soxaqlarında
Yaşamaq adına boy atmamışam.
Barışa bilmədim sənlə bir təhər,
Gedirəm, rahat qal, ay qoca şəhər.
Baş atıb yatginən sən bu yazı da,
Tərpənmə amandır, yuxun kal olar!
Qoynuna basdığın kimliksizlərin
Sən oyandığında uykusuz qalar.
Gedirəm...
Nə olar unutma ancaq!
İstəyim bir kərpic divardı səndən.
Qaranlıq sokaqda, ay işığında
Yaslanıb qoynuna başımı qoyam.
Polisdən, bəkçidən qorxum olmadan
Çəkdiyim ulduzun yanında yatam.
Nə olar çox görmə barı sən şəhər!
Ölüm bildirişimə bir qarış divar
Bir neçə saatlıq borc alım səndən.
Xətrim olursa yanında sənin
Bu qədər bəsimdir, qoca şəhərim.

Gözlərin kimi

Bir az bulud, bir az yağmur,
Səsi yaşlı olur, gözlərin kimi.
Əsmər bir gəlindir gecə,
muncuq düzmüş tellərinə
qonaq gəlib şəhərimə...
sənsən, mənəm,
bir də bəy durmaq istəyən bu şəhər...
sən tellərinə ulduz düzmüsən,
gözlərinə yağmur,
mən içi dolu kaldırım, içi dolu küçə,
içi dolu ev-evcik,
içi dolu Təbriz bir şəhərəm...
Sən bütün günəşlərimin ölüm çağında
içimə dolursan.
Mən bir qurtum yağmurun yanğısı,
Ürəyimdə aysız gecələrin qorxusu
Saxta işıqlardan doğulmuş
kölgələrə səslənirəm:
"Əl dəyməyin gecəmizə!"
Gecə mənim, gecə sənin,
biz gecənin
Burax yatsın kölgələrin
günəş bildikləri gəlin...

Ayrılıq yükü

Yenə axşamladı bu dəli şəhər,
Yenə də ayrılıq saatı çatdı.
Yenə də sevgimin sarı günəşi,
Qaralan qaşların altında batdı.
Yenə də ayrılıq, yenə də özləm,
Yenə önümüzdə dayandı axşam.
Yenə də saatlar ayırdı bizi,
İçimdən gəlmədi, mən sağollaşam.
Yenə də süzüldü durna gözləri,
Hələlik deyərək uzandı qollar.
Yenə uzaqlaşdıq istər-istəməz,
Yenə də taksılar, yenə də yollar...
Yenə qəhərlənib doldu boğazı,
Yenə gözlərinə calandı dəniz.
Yenə də dil-dodaq tuta-tutmaya
Görüşmək üzərə! - dedik ikimiz.
Yenə sevgi bilməz, tozlu sokaqlar,
Yenə də qara qum, yenə kaldırım...
Yenə də qalmışam sənsiz bu axşam, -
Ayrılıq yükünü necə qaldırım?

Aylı qız

Bu gün səhər, bütün xəbər verlişləri
Sizə yalan söylədilər.
Bir mən bildim, bir bu şəhər,
Dünən gecə,
Qar yağmadı!
Dünən gecə,
şəhərin batı bölgəsində Aylı bir qız,
Ağlayırdı ulduz-ulduz,
Yatmışdız, sizlər hamınız.
Bir mən idim,
bir bu Təbriz, bir də o qız,
Ağlayırdı ulduz-ulduz...
İllər öncədə, o yabancı söyçü
Sizə yalan söyləmişdi, -
"To be or not to be"...
Heç də sorun deyildi bu.
Bütün sorun,
Ulduzların axmasında,
Bütün sorun,
Aylı qızın ulduz dolu dünyasında...
Aylı qızın, ay-ulduzlu dünyası var,
Dünyasında heç nəsi var,
Heç nəsində hər nəsi var,
Bir köçəri durnası var.
Tələsiri uçub qaça,
Gözlərini yolda qoya,
Aylı qıza, gələcəyə bir yol aça
Tələsirdi, qanadları
yara dolu, aylı durna...
Yarın səhər
Bütün kitablarda
yalan yazacaq bu şəhər.
Aylı qızla, durnasından,
Kaldırımlarsa, ağ-ağ parlayacaqlar
Aylı qızın ulduz-ulduz
göz yaşlarından...

 





04.10.2019    çap et  çap et