525.Az

Sözün öz adamı - Elxan Yurdoğlu yazır


 

Sözün öz adamı - <b style="color:red">Elxan Yurdoğlu yazır </b>

Adəm Asnını uşaqlıq vaxtlarımdan tanımışam. Qonşu Qarabağlar kəndindən idi. Adını tez-tez eşidirdim. Eyni zamanda, qardaşı Aləm Kəngərlini. Ataları el arasında usta Qulu kimi məşhur idi. Bunları deməkdə məqsədim odur ki, Adəm Asnı poeziyaya təsadüfi gələn biri deyil.
 

Bu imza bir neçə il bundan əvvələ kimi mənim üçün Adəm müəllim idi. Adəm Əkbərov. Lakin 2-3 il bundan əvvəl onun mətbuatda şeirlərini oxumağa başladım. Bəlkə lap əvvəllər də mətbuatda nəşr olunurdu, təəssüf ki, mən həmin yazılarla qarşılaşmamışdım. Mətbuatda oxuduğum şeirləri, haqqında yazılmış yazılar məndə Adəm Əkbərovun Adəm Asnıya çevrilməsində böyük rol oynayan poetik dünyası ilə tanışlığa maraq yaratmışdı. Bu yaxınlarda isə müəllifin nəşr olunmuş üç kitabını avtoqrafla mənə göndərməsi həmin kitablarda yer alan şeirlərlə, hekayətlərlə, lətifələrlə tanışlıq üçün yaxşı bir fürsət oldu. Üst-üstə min səhifədən çox olan bu üç kitabı oxuduqdan sonra yaranan təəssüratlarımı oxucularla da bölüşmək istədim.

"Ovqat" və "Duyğuların ifadəsi" kitabları 2017-ci ildə, "Bir röya həsrətində" kitabı isə ötən 2018-ci ildə nəşr olunub. Təbii olaraq oxucuda yaranan "Adəm Asnı kimdir?" sualının cavabında da bir çox maraqlı həyat hekayəsi dayanır: 1954-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun (indiki Kəngərli rayonunun) Qarabağlar kəndində anadan olub. 1977-ci ildə Vilnüs şəhərində daxili işlər nazirliyinin xüsusi məktəbini bitirib. Həmin məktəbi fərqlənmə diplomu ilə bitirdiyi üçün, eyni zamanda, adı məktəbdəki xüsusi fərqlənmiş məzunların adı yazılan mərmər lövhəyə həkk olunan ilk azərbaycanlı kimi ona təyinat yerinin seçimində sərbəstlik verilib. O isə öz vətənində xidmət etməyi üstün tutub. Bir müddət xüsusi cəzaçəkmə müəssisələrində rəhbər vəzifələrdə çalışdıqdan sonra SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına qəbul olub və 1987-ci ildə oranı bitirib. Uzun illər Ədliyyə orqanlarında çalışan Adəm Asnı 1991-ci ildə öz ərizəsi ilə Naxçıvana göndərilib və Sədərək döyüşlərində düşmənlərə qarşı vuruşub. 1992-ci ilin yayında yenidən Bakıya göndərilib, 2006-cı ildə isə polkovnik-leytenant kimi təqaüdə buraxılıb. Eyni zamanda, Qarabağ müharibəsi veteranı olan Adəm müəllim orta məktəb illərindən yazı-pozuya maraq göstərib, "Gəl baharım" adlı ilk şeiri hələ ötən əsrin 80-ci illərində Şərur rayonunun "İşıqlı yol" qəzetində dərc olunub. Təqaüdə çıxdıqdan sonra isə zaman-zaman yazdıqlarını bir yerə yığan Adəm Asnı bu gün qarşımıza məhsuldar bir şair kimi çıxır. Həm də müxtəlif mövzularda qələmə aldığı yüzlərlə şeiri ilə yanaşı, hikmətamiz təmsilləri, gündəlik həyatımızda yumora çevrilmiş hadisələrdən doğan lətifələri ilə.

Adəm müəllimin ilk kitabları - "Duyğuların ifadəsi" və "Ovqat" əkiz qardaşlardır. Eyni ildə, eyni gündə, eyni nəşriyyatda çapdan çıxan bu əkizlərdən "Duyğuların ifadəsi" adından da göründüyü kimi, müəllifin ilk sevinci kimi diqqəti cəlb edir. Elə mən də ilk olaraq bu şeirlər kitabı haqqında söz açmaq istəyirəm. Akademik Nizami Cəfərovun "Həvəskar"ın peşəkarlığı" adlı ön söz yazdığı kitab Adəm asnının annotasiyada da bildirdiyi kimi, "ağır zəhmətinin, yuxusuz gecələrinin, qəlb çırpıntılarının" nəticəsi kimi ərsəyə gəlib. Kitabdakı şeirləri oxuduqca akademikin kitab haqqındakı rəyində qeyd etdiyi bu fikirlərlə razılaşmalı olursan: "Adəm Asnının şeirləri ilə tanış olduqdan sonra ona, özünün təvazökarlıqla israr eləməsinə baxmayaraq, "həvəskar" deməyə dilim gəlmədi. Adəm Asnı şairdir... Ənənəvilik sələflərə ehtiramın, özünəməxsusluq isə cəmiyyət həyatının yeni təcrübələrinə istinadın nəticəsidir. Və əminliklə demək olar ki, Adəm filosofluq etməyə qüdrəti çatan, bundan çəkinməyən fikir, mühakimə adamıdır". "Duyğuların ifadəsi"ni oxuyan hər bir oxucu akademik Nizami Cəfərova qoşulacaq və əminliklə deyəcək ki, Adəm Asnı şairdir. 

Adəm Asnının oxuduğum şeirlərinin böyük əksəriyyətində kənd həyatı, Qarabağlar kəndi, kənddə keçən illəri, kənddəki doğmaları, ümumilikdə isə kənd saflığı bir boy hündür görünür. Bu barədə qələmə aldığı şeirlərinin təkcə adını sadalasam, oxucu heyrətə gələr.

Adəm müəllimin şeirlərinin hər biri özünü nələrsə yazmağa məcbur etməkdən uzaq olan ilhamlı, təbli şeirlərdir. Təb isə onun kölgəsi kimidir. Görünməyən kölgəsi. İçindəki işıqdan elə içinə düşən kölgə kimi. Bir şeirində bu barədə də söz açıb təbindən danışır:

Mənimlə birlikdə girir yatağa,
Ta dağı arana, aranı dağa
Yüz yol köçürməsə, sakitlik bilmir,
Nə qoyur mən yatam, nə o dincəlmir.

Belə təbli insanın yaradıcılığında müxtəlif mövzulu şeirlər oxumamaq mümkün deyil.

Bəzən o şair "çoxbilmişliyi"ndən də istifadə edir. Özünə xeyli oxucu qazanmağın yolunu tapır. Bu baxımdan xüsusilə onminə yaxın əhalisi olan kəndinin qızlarına müraciətlə yazdığı "Kəndimizin qızları" çoxbəndli şeiri lap yerində yazılmış şair şıltaqlığıdır:

Vəfalı, ismətli, abır-həyalı,
Yaranışdan ənlik-kirşan boyalı.
Quracağı ev-ocağın dayağı,
Məhəbbətdir kəndimizin qızları,


- deyən şairin hansı kənd qızı oxucusu olmaz ki?!  

Haqqında bəhs etdiyim kitabında müəllifin müxtəlif mövzularda, müxtəlif janrlarda şeirlərinə rast gəlirik ki, bu nümunələrdə o, özünün də ifadə etdiyi kimi qarşılaşdığı hadisələrə, həmçinin, ona danışılan olaylara, ürəyinin diktə etdiyi duyğulara poetik rənglər əlavə edir. Bir neçə bölmədə qruplaşdırılmış bu şeirlərin içərisində "Dördmisralıqlar" da maraqlı poetik mənzərə yaradır.

Müəllifin Səriyyə və Qızxanım nənələrinə həsr etdiyi "Nağıl" şeiri isə bir nəvənin uşaqlıq yaddaşına sadiqlik andı kimi diqqəti cəlb edir.

Ümumiyyətlə, "Duyğuların ifadəsi" kitabı Adəm Asnının həqiqi mənada duyğularının ifadəsinə çevrilməyi bacarıb. Bundan o tərəfə də keçib və oxucuların da duyğularına işıq tuta bilib, onların da dərd-sərini poetik şəkildə dilləndirməyə nail olub.

"Duyğuların ifadəsi"nin əkiz qardaşı isə "Ovqat" adlanır ki, bu da əslində, ovqatımızı yeniləmək, təzələmək və fərqli aurada kökləmək üçün araya-ərsəyə gəlmiş bir kitabdır. "Ovqat" təmsillərdən, lətifələrdən, müxtəlif yumoristik hadisələrin bədii dillə ifadəsindən ibarətdir. Təmsillərində özündən əvvəlki təmsil ustadlarının mövzu əhatəsini genişləndirən, obrazlar qalereyasını çoxaldan nümunələr yer alıbsa, yumoristik mətnlər xalq lətifələri ilə yaxınlıq təşkil edir, bəzilərində isə ümumiyyətlə şifahi ədəbiyyat nümunəsindən fərqlənmədən özünəməxsusuluq yaradır.

Adəm Asnının lətifələri içərisində müasir dövrün mövzuları da geniş əks olunub. Tarixən bizə bəlli olan lətifə qəhrəmanlarını götürən, onları qəhrəman, obraz, xarakter kimi istifadə etməklə yeni nümunələr ortaya qoyan müəllif özünün yaradıcılıq laboratoriyasının çoxşaxəliliyini də nümayiş etdirmiş olur. Bu yerdə onu da qeyd edim ki, Kəngərli rayonunun Qarabağlar kəndində usta Qulunun bir çox lətifələri xalq arasında yayılıb. O usta Qulu ki, Adəm Asnı həmin kişinin ocağında dünyaya gəlib, onun yumor hissi atasından, ailəsindən mənəvi irsi kimi davam etdirilən bir yaradıcılıq manevridir. Çox qısa, bəzən 2 cümləlik lətifələr vasitəsiylə Adım Asnı ironiya ilə yanaşdığı məsələyə elə yumoristik zərbə endirir ki, hədəfə dəymiş ox öz təsirini anındaca göstərir. Necə ki, oxuduğun anda dodaqlarının qaçdığını hiss edirsən.

"Ovqat" kitabına AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Adəmin sözü və sözün adəmi" adlı maraqlı bir ön söz yazıb. Müəllifin yaradıcılığını alim dəqiqliyi ilə şərh edən professor Adəm Asnının lətifə yaradıcılığını bu cümlələrlə qiymətləndirir: "Adəm müəllim çox söhbətcil, səbrli, həyatsevər, yumorlu insandır. Xoş və şirin söz-söhbəti ilə, nazik rəftar və davranışı, natiqlik qabiliyyəti, bəlağətli danışığı ilə adamın qəlbinə girir, onun rəğbətini qazanır. Söz sərrafı Adəm müəllim bu lətifələri də böyük həvəslə, böyük səbr və zəhmətlə, işgüzar şəkildə müxtəlif qaynaqlardan, ictimaiyyətdən toplayıb, bəzilərini isə özü düzəldibdir. Müəllifin doğru olaraq qeyd etdiyi kimi, həyatda elə hadisələrə rast gəlirsən ki, elə lətifə kimidir". 

Adəm Asnının lətifələrində özünün yaratdığı bir obraz da var: Zeyməd. Bu müəllifin nəinki yazılı, həmçinin şifahi ədəbiyyata qazandırdığı maraqlı və yumoristik lətifə qəhrəmanıdır. Həmin qəhrəmanın xalqın yaddaşında nə qədər yaşayacağı isə lətifələrin janrın tələbinə uyğunluğundan doğan yaşarlılığından asılı olacaq. Amma indidən deyə bilərəm ki, Zeyməd çox uzunömürlü bir "kişi" olacaq. Molla Nəsrəddin kimi, Bəhlul Danəndə kimi.

"Ovqat"ın yaratdığı şən əhval-ruhiyyəli ovqatdan fikirlərimə körpü salaraq Adəm Asnının ötən il - 2018-ci ildə nəşr olunmuş "Bir röya həsrətində" adlı üçüncü və hələlik sonuncu kitabı haqqında danışmaq istəyirəm. Kitaba tanınmış şair Əbülfət Mədətoğlu "Fikri, hissi sözə çevirən Adəm" adlı ön söz yazıb və onun bu fikri olduqca sərrastdır: "Mən bir oxucu kimi Adəmin şeirlərində etirafın xüsusi yer tutduğunu böyük hərflərlə yazardım. Yəni onun demək olar ki, əksər şeir çələngində o, sevgini də, vurğunluğu da, torpağa, gözəlliyə səcdəni də etiraf edir".

Altmış beş yaşını geridə qoymuş bir şairin yaradıcılığında didaktik əhval-ruhiyəli, nəsihət xarakterli şeirlərin çoxluq təşkil etməsi təbii qarşılanmalıdır. Ömrün qazandırdığı təcrübələrin nəticəsi kimi ortaya çıxan təəssüratlarını şeirlərində də dilə gətirən Adəm Asnı "Qəbiristanlığa baş çək", "Çalış", "Oğruya", "Ümid", "Kirakeşik biz" kimi şeirlərində əsl ağsaqqal obrazında göz önünə gəlir.

Mən şairin vətən, doğma diyar, doğma kənd haqqında şeirlərindən ətraflı danışmaq istəmirəm. Çünki yaradıcılığında Azərbaycan sevgisi, Qarabağ ağrıları, Naxçıvan sevdası, Qarabağlar kəndi mütəmadi olaraq oxucunun qarşısına çıxacaq. "Gözlərin aydın, vətən" şeiri bu tipli şeirlərin epiqrafı kimi səslənə bilər:

Mərd, igid övladların şərəfli tarix yazır,
Uğurunda hər biri şəhid olmağa hazır.
Başa gəlməyibsə də uğurlar sənə asan,
Hər gün yüksəlişdəsən, hər gün inkişafdasan.
Hər gün daha güclüsən, ötən günə nisbətən,
Gözlərin aydın, Vətən!

Ümumiyyətlə, Adəm Asnının yuxarıda adlarını çəkdiyim və bu yaxınlarda mənə göndərdiyi üç kitabının hər birini diqqətlə oxuduğumu, böyük zövq aldığımı, oxucuların da bu şeirlərdən, təmsillərdən, hekayət və lətifələrdən hədsiz zövq alacaqlarını ifadə etmək istəyirəm. Adəm Asnı yaradıcılığı göstərir ki, o, uşaqlıqdan ona verilən istedadı, həmçinin, uşaqlıq xatirələrini də eyni həsasslıqla mühafizə edib. Oxucularla görüşə 60 yaşdan sonra gəlməsinə baxmayaraq, Adəm Asnı sözün özgəsi deyil, sözün öz adamıdır. Qonşu kənddən olan həmyerlimə, sözün doğması, sözün öz adamı Adəm müəllimə möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram. 

 





04.10.2019    çap et  çap et