525.Az

O mənim sevgili cananım olub...


 

O mənim sevgili cananım olub...<b style="color:red"></b>

Onu çox sevdim... həm də çox! Ordan-burdan dedilər ki, tayın deyil, başqasını seç! Dedim, yox, o və yenə o! Kənd qızlarının sevgi məktublarındakı kimi. Ölsəm, qara torpağın, qalsam, onunam, - dedim...

İnadım, inad! Ona çatmaq üçün gecəm, gündüzüm olmadı! Nəhayət, əllərindən tutdum. Uzun, incə bir yoldaydıq... Yol gedirdik gecə, gündüz. Qovuşduq!  Qovuşmazsan deyirdilər, səni almaz, sən yetim qızsan, gərək vəzifədə dədən olsun, - dedilər. Amma O, uzatdığım əli tutdu. Allahıma şükürlər olsun - dedim. Bərabər yürüdük... düz beş il! Bərabər islandıq biz bu yollarda. Və illərdir, bərabərcə yol gəlirik...

Bir-birimizi heç qırmadıq. Evimin baş köşəsində yeri var! Hər an sevgimi bildirirəm, səni verənə şükürlər olsun, - deyirəm!.. Nə yaxşı ki varsan, - deyirəm!.. Bir dəfə də xətrimə dəymədi, danlamadı ki nə çox alış-veriş edirsən, - deyə. Çox israf etdin, az xərclədin, demədi.

Bərabərik! Xeyirdə-şərdə, xəstəlikdə və sağlıqda, yaxşı və pis gündə! Əlimdən tutub həkimə aparır. Dərmanlara son qəpiyini xərcləyir. Övladların, nəvələrin könlünü şad edirik. Bəzən yükü ağır olsa da, gileylənməz, sakitcə işini bilər. Ondan ayrılmağı heç düşünmürəm, düşünmək belə istəmirəm. Bir-birimizi göylərə ucaltdıq. Adını dağlara yazdım. "Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?!"

İkimiz də yaşlandıq, amma tutunmuşuq bir-birimizə. Hələ də!.. Onu çox sevdim. O qədər sevdim ki. Ürəyimi barmaqlarımın sıxıb qanadıncaya qədər. Onu elə sevdim ki, yüz  kilometrlərcə uzuna... yüz! Yüzdə yüz sevdim! Onu elə sevdim ki, dərin... yüz kilometrlərcə dərin... dərindən dərin!..

Türklər demiş, - sana aşığım, sana hayranım, vazkeçilməzim, olmazsa, olmazsa... olmazım!.. Sana hayranım, sana aşığım, sana vurğunum... S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Diplomu!.. Ən etibarlı, kübar həyat arkadaşım!..

P.S. Ata ocağımın övladları və nəvələri daxil, on bir BDU diplomuna sahibdirlər!..

P.P.S. Təkcə bu il şagirdlərimdən 10  nəfərindən çoxu BDU-nun tələbəsi oldu. Bu da mənim sevgili elm məbədimə yubiley hədiyyəm olsun!..

 





04.10.2019    çap et  çap et