525.Az

Bakıda Oljas Süleymenovla görüşlər keçirilib


 

Bakıda Oljas Süleymenovla görüşlər keçirilib<b style="color:red"></b>

Oktyabrın 2-də Bakı Kitab Mərkəzində görkəmli qazax ədibi, tanınmış və ictimai-siyasi xadim Oljas Süleymenovla görüş olub.

"LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində keçirilən görüşü Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi  açaraq, ölkəmizə gəldiyinə və xalqımıza həmişə səmimi münasibət bəslədiyinə görə fəxri qonağa təşəkkür edib. Bildirib ki, ölkəmizdə Oljas Süleymenovun yaradıcılığına böyük maraq və məhəbbət var.

Oljas Süleymenov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycana həmişə sonsuz sevinc hissi ilə gəlir, çünki onu ölkəmizin bir çox görkəmli yazıçıları və incəsənət xadimləri ilə çoxillik dostluq əlaqələri bağlayır: "Mən hər dəfə paytaxtınızın gözəlliyinə və bakılıların qonaqpərvərliyinə heyran oluram. Bu dəfə isə mənə gözəl Sumqayıt şəhərinə getmək nəsib oldu. Sumqayıt məndə gözəl təəssürat yaratdı. Sevindirici haldır ki, Azərbaycan sürətlə inkişaf edir. Mənə xoşdur ki, ölkənizdə mənim yaradıcılığımı yüksək qiymətləndirirlər. Bu görüşü təşkil etdiyinə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə də təşəkkürümü bildirirəm".

Xalq yazıçısı, millət vəkili Elmira Axundova onun yaradıcılığına həmişə dəstək göstərdiyinə görə şairə minnətdarlığını bildirərək deyib ki, Oljas Süleymenovun Azərbaycana hər səfəri onun üçün bayramdır, çünki qazax şairi ilə onun dostluğu ötən əsrin 80-ci illərindən davam edir. E.Axundova bildirib ki, Oljas Süleymenov "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin yaradılmasında ona böyük dəstək verib.

Xalq yazıçısı Natiq Rəsulzadə vurğulayıb ki, Oljas Süleymenovun dünya ədəbiyyatına töhfəsi ölçüyəgəlməzdir. Onun yaradıcılığı bütün zamanlar üçün aktualdır.

Sonra O.Süleymenov oxucuların suallarına cavab verib.

Həmin gün görkəmli qazax ədibi Azərbaycan Milli Kitabxanasında da olub. Kitabxananın direktoru professor Kərim Tahirov əfsanəvi yazıçının buraya gəlişinin böyük fərəh hissi doğurduğunu bildirib. Qeyd edib ki, onun əsərləri hər zaman Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb, ədəbi yaradıcılığı yüksək qiymətləndirilib.

O.Süleymenov Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnunluğunu ifadə edərək, ölkəmizə və azərbaycanlılara məhəbbəti barədə geniş söz açıb.

Kitabxana direktoru K.Tahirov "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" (3 dildə), "Deviçğə başnə", "Pamətniki Zapadnoqo Azerbaydjana" kitablarını və Oljas Süleymenovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə çap olunmuş "AZ-Ya" kitabını yazıçıya təqdim edib.

Daha sonra qonaq yazıçı öz imzalı kitablarını Milli Kitabxanaya hədiyyə verib.

Şahanə MÜŞFİQ

 





04.10.2019    çap et  çap et