525.Az

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd edildi - Fotolar


 

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd edildi - <b style="color:red">Fotolar </b>

Oktyabrın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, yerli və xarici alimlər, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri iştirak ediblər.

Mərasimdə Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Həmçinin, Filarmoniyanın foyesində fotosərgi və Əhməd bəy Ağaoğlu mövzusunda kitabların sərgisi təşkil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Əhməd bəy Ağaoğlu daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilmədi. O, bütün ömrü boyu xalqımız üçün yazdı, yaratdı.

Azərbaycanın Macarıstandakı səfiri, Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından söz açıb. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Əhməd bəy Ağaoğlunun adını daşıyan nəticəsi Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirib. O qeyd edib ki, onda Əhməd bəy Ağaoğluna dair arxiv var. "Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam", - deyə o əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Bundan bir gün öncə isə  Atatürk Mərkəzində Azərbaycan və Türkiyənin dövlətçilik tarixində mühüm rol oynamış böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi çərçivəsində elmi konfrans keçirilib. "Türk ocağı"ının təşkilatçılığı ilə gerçəkləşən toplantıda ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyevin Əhməd bəy Ağaoğluya həsr etdiyi kitabların - "Atatürk və Əhməd Ağaoğlu", "Türkiyəni duyğulandıran ölüm" və "Xatirələr" adlı nəşrlərin təqdimatı olub. Tədbirdə millət vəkilləri, tarixçi-alimlər, media nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri İrfan Çiftçi və Əhməd bəy Ağaoğlunun qardaşı nəvəsi Nigar Axundova da iştirak ediblər.

Azərbaycan "Türk ocağı"nın sədri, "Şərq" qəzetinin baş redakoru Akif Aşırlı deyib ki, Vilayət Quliyev Əhməd bəy Ağaoğlu ilə bağlı ən çox çalışan alimlərdən biri kimi onun həyatının qaranlıq məqamlarına işıq salan dəyərli əsərlərin müəllifidir. A.Aşırlı Azərbaycan "Türk ocağı" barədə də qısa məlumat verib və ilk tədbirin böyük mütəfəkkir, fikir adamı, türk-müsəlman dünyasına önəmli faydalar gətirmiş Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunduğunu vurğulayıb.

Daha sonra çıxış üçün söz professor Vilayət Quliyev verilib. Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti barədə ətraflı çıxış edən alim öncə Azərbaycan "Türk ocağı"nın bərpasının mühüm bir addım olduğunu bildirib. V.Quliyev qeyd edib ki, Ocağın iki qurucu üzvü - Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə Azərbaycan türkü idilər: "Xatirələrdən aydın görünür ki, Ocağın ilk təsis yığıncağı da Əhməd bəyin İstanbul Şahzadəbaşındakı evində keçirilib. Yəni "Türk ocağı"na sahib çıxmağa mənəvi və məntiqi haqqımız var. Ocaq Türkiyə Cümhuriyyəti qurulandan sonra fəaliyyətini dayandırsa da, onun ən fəal üzvlərindən biri Əhməd bəy Ağaoğlu idi". Professor vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi mədəni, ictimai, siyasi və mənəvi həyatımızın ən diqqətə layiq hadisələrindən biridir: "Əhməd bəy Ağaoğlunın fəaliyyəti ilə bağlı daha çox maarifçilik işləri aparmalı, daha çox insana çıxış əldə etməliyik".

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir tədbirin Atatürk Mərkəzində keçirilməsinin simvolik əhəmiyyətə malik olduğunu deyib. Deputat vurğulayıb ki, ziyalıların mütəmadi olaraq bu cür toplantılar təşkil etməsi ictimaiyyətdə kifayət qədər maraqla qarşılanır: "Əhməd bəy Ağaoğlu ilə bağlı tədbirlərin keçirilməsi çox vacibdir. Çünki biz onu dərindən tanımalıyıq. Əgər bir insan öz xalqı uğrunda fədakarlıq edibsə, onun xatirəsi mütləq anılmalıdır".

Millət vəkili Qənirə Paşayeva, tarixçi Firdovsiyyə Əhmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı , tarixçilərdən Fərhad Cabbarov, Elmar Həsənli və başqaları da fikirlərini bölüşərək, Ocağın bərpasının və Ə.Ağaoğlunun yubileyinin qeyd edilməsinin əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

 





04.10.2019    çap et  çap et