525.Az

Aydın Mirzəzadə: "Namizədlərimizi müəyyən etməyə xeyli vaxt var"


 

Aydın Mirzəzadə: "Namizədlərimizi müəyyən etməyə xeyli vaxt var"<b style="color:red"></b>

"525"in suallarını YAP-ın şöbə müdiri və parlamentin komitə sədrinin müavini Aydın Mirzəzadə cavablandırır. 

- Aydın müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində  hakim partiyanı Milli Məclisdə (MM) təmsil edən deputatların bir qisminin iştirakı ilə qapalı müşavirə keçirilib. Qarşıdan da növbəti - 6-cı çağırış parlament seçkiləri gəlir. Bu, yəni YAP-çı deputatların yalnız bir qisminin iştirakı ilə müşavirənin keçirilməsi artıq hakim partiyanın 6-cı çağırışla, özünün yeni və növbəti deputat korpusu ilə bağlı seçim etməsini göstərmirmi?

- Yeni Azərbaycan Partiyası vaxtaşırı özünün fəalları, o cümlədən, parlamentdə təmsil olunan  millət vəkilləri ilə görüşür və bu görüşlərdə partiyadaxili məsələlər, parlamentdə fəaliyyət, qarşıdan gələn bələdiyyə seçkilərində deputatların fəal iştirak etməsi məsələləri müzakirə edilir. Çünki partiyamız cəmiyyətə həmişə açıqdır, onun deputatlarının fəaliyyəti də göz qarşısındadır. Yəni bizim işimiz, fəaliyyətimiz üzərimizə qoyulan məsuliyyətin bacardığımız qədər yüksək səviyyədə yerinə yetirilməsidir.

- Ümumiyyətlə, YAP-ın növbəti deputat korpusu ilə bağlı ilkin rəylər, mövqelər varmı? Hər halda bu haqda mediada, sosial şəbəklərdə ən müxtəlif proqnozlar özünə yer alır...

- Bu məsələyə vaxt, zaman var. Çünki  parlament seçkiləri bir ildən sonra, 2020-ci ildə olacaq. Bu baxımdan da, bu məsələlər bu gün partiyadaxili müzakirə mövzusu deyil. Namizədlərimizi müəyyənləşdirməyə hələ xeyil zaman var.

- Bir YAP rəsmisi kimi hakim partiya təmsilçilərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- YAP-ı parlamentdə təmsil edən deputatların fəaliyyətini müsbət qiymətləndirirəm. Hər bir üzvümüz öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Fəaliyyətimiz hər kəsin gözü qarşısındadır.

- Yeri gəlmişkən, bitərəf olsa da, amma iqtidaryönlü sabiq millət vəkili Rafael Cəbrayılovla bağlı qalmaqal, onun səlahiyyətlərinə xitam verilməsi YAP-ın, onun deputat korpusunun də üzərinə, fəaliyyətinə kölgə salmayacaq ki?

- Rafael Cəbrayılov partiyanın üzvü deyil, ona görə biz onun fəaliyyətindən məsuliyyət daşımırdıq. Amma Yeni Azərbaycan Partiyasının üzvləri, deputatlarımız  üzərlərinə düşən hər bir vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Yeni Azərbaycan Partiyasının parlamentdəki hər bir üzvü partiya və seçildiyi regionun yerli partiya təşkilatları ilə sıx əlaqələri var.

- Bəs nəyə görə, sosial mediada, sosial şəbəklərdə YAP-çı deputalara bu qədər qəzəb var?

- Mən belə deməzdim. Bununla qəti razı deyiləm. Mən özüm sosial şəbəkədəyəm, və orada hər cür insan var. Onlarla yeri gələndə müzakirələr keçiririk, qarşılıqlı əlaqələrimiz olur, hansısa bir məsələyə dair müzakirələrdə, belə demək mümkünsə, rəyçilərin rəyini nəzərə alırıq. Bu, normal bir prosesdir. Odur ki, hər hansı bir narahatçılığa əsas görmürəm.

Kamil HƏMZƏOĞLU

 





04.10.2019    çap et  çap et