525.Az

Kainat necə yaranıb? - Taleh Eminoğlu yazır


 

AKVİNALI FOMANIN BU BARƏDƏ MÜLAHİZƏSİ HƏLƏ DƏ AKTUALLIĞINI QORUYUR

Kainat necə yaranıb? - <b style="color:red">Taleh Eminoğlu yazır</b>

Fizikanın, astronomiyanın inkişaf etdiyi bu dövrdə "kainat əvvəldənmi vardı, yoxsa sonradanmı yarandı" sualına qismən cavab verə bilirik. Amma əsrlər əvvəl bu sualın cavabı ətrafında filosoflar və teoloqlar düşünürdü. Bu düşüncələr ortaya bir çox cavab çıxarmışdı. Onların içərisində dövrünə görə ən qəribə cavab katolik rahib, Orta əsr xristian filosofu Akvinalı Fomaya məxsusdur. Onun cavabı bu gün belə istinad kimi götürülür.

Akvinalı Fomanın cavabına keçməzdən əvvəl qeyd etməliyəm ki, onun cavabının mərkəzində Aristotel dayanır və elə ona görə də ilk növbədə Aristotelin kainatın varolması barədə fikrinə qısa da olsa nəzər salmaq lazımdır.

Aristotel düşünürdü ki, kainat hər zaman varolub və daş, qaya kimi cansız nəsnələrdən başlayaraq, insan, hevyan kimi canlı varlıqlara qədər böyük yol keçib. Kainat dəyişir, eyni zamanda da hərəkət edir. Bu isə o deməkdir ki, kainat sonradan deyil, elə lap əvvəldən hərəkət və dəyişiklik halındadır. Bu hərəkət və dəyişiklik isə cansız nəsnələrdən, canlı varlıqlara qədər bir çox şeyin yaranmasına səbəb olub. İnanclarına qarşı olsa da, istər İslam (İbn Sina, İbn Rüşd), istərsə də, Xristian dininə mənsub filosoflar Aristotelin bu düşüncəsinə yaxınlıq göstərirdilər.

Aristotel insanların varolması barədə də düşüncəsini ortaya qoymuşdu. Onun fikrinə görə, insanların sonsuzluğu sərhədləri olmayan bir şeydir. Bir gün bitsə də, yeni bir gün başlayır. Kainat sonsuz zaman içindədir, belə demək mümkündürsə kainat sonsuz zamandır. Aristotel bunu potensial sonsuzluq adlandırmışdı. Çünki sonsuz dediyimiz zamanı əmələ gətirən günlər eyni anda mövcud ola bilməzdi. Əgər belə olsaydı, o zaman sonsuz sayda şeylərin eyni anda mövcud olduğu sonsuzluq ortaya çıxardı ki, bu da mümkün deyil.

XIII əsrdə, yəni Akvinalı Foma ilə eyni dövrdə yaşamış içlərində İoaan Filoponusun da olduğu xristian inanclı filosoflar Aristotelin kainatın hər zaman varolduğu və günlərin bir anda mövcud ola bilməyəcəyi düşüncəsini ələ alaraq onu tənqid edirdilər. Onlar deyirdi ki, Aristotelin düşüncəsini əsas götürsək belə çıxır ki, onun doğulduğu dövrdə artıq sonsuz sayda insan mövcud olmuşdu. Halbuki insanların sayı o doğulandan sonra ona qədər mövcud olanlardan çox olmalı idi. Bu bir qədər rəqəmlərin düzülüşünü xatırladır. Bir rəqəmdən sonra ondan bir vahid böyük olan rəqəm gəlir. Onlar eyni zamanda, inancları dolayısı ilə düşünürdülər ki, insan ruhu ölümsüzdürsə, deməli, bu dəqiqə sonsuz sayda ruh da mövcuddur.

Bu filosofların Aristoteli tənqid etməsinin kökündə isə XIII əsrdə kilsənin təlimlərini və nüfuzunu qorumaq dayanırdı.

Akvinalı Foma isə düşünürdü ki, insanların və digər varlıqların bir başlanğıc nöqtəsi var. Foma Aristotelin düşüncəsini müdafiə etsə də, kainatın əbədi olduğu fikrini qəbul etmirdi. Çünki mənsub olduğu və inandığı xristianlıq dini bunun əksini deyirdi. Düşünə bilərsiniz ki, bu halda Akvinalı Foma da İoaan və onun davamçıları kimi düşünürdü. Yazının əvvəlində dediyim kimi, onun cavabının qəribəliyi elə bunda idi. Akvinalı Foma bir tərəfdən kainatın əvvəldən var olmadığı və sonunun olduğunu desə də, bir tərəfdən də Aristotelin düşüncələri ilə razılaşırdı. O düşünürdü ki, kainatı Tanrı yaratsa da, Aristotelin kainatın əbədi olması fikri doğrudur. Bunu sübut etmək üçünsə öz düşüncəsini ortaya qoyur və xristianlıqla Aristotelin düşüncəsini sintez edir.

Onu İoaan və davamçılarından fərqləndirən, kainatın bir başlanğıcı olmasına baxmayaraq, bu fikrin inkaredilməz olmadığında israr etməsi idi. Akvinalı Foma fikrini bu arqumentlə əsaslandırmağı çalışırdı: Qumda izi qalan bir ayaq düşünün ki, əbədi olaraq orada qalsın. Biz bu ayağı ayaq izinin səbəbi kimi qəbul edirik. Əgər ayaq olmasaydı, ayaq izi də olmazdı.

Akvinalı Foma düşünürdü ki, kainat antik filosofların da dediyi kimi, əbədi ola bilər. Aristotelin xristianlıqdan xəbəri yox idi. Foma, antik filosofların heç vaxt xəbəri olmayacağı - tanrının üç şəxs tərəfindən yaranmış üçlükdən (ata, oğul və müqəddəs ruh) oğulun insan cildinə girməsi inancına - Xristianlığın bir neçə təməl xüsusiyyətindən başqa da xüsusiyyətlərinin olduğuna inanırdı. İnsanlar məntiqli düşünsələr, xristianlığa qarşı çıxacaq heç bir fikirlə qarşılaşmazlar. Çünki insan ağlı, məntiqi və Xristianlıq təlimi eyni mənbədən, yəni tanrıdan gəlir. Onlar heç vaxt bir-birilərinə zidd ola bilməzlər.

Bu gün "kainat necə yarandı" sualına cavab kimi əsası Q.A.Qamov tərəfindən qoyulmuş və bir çox alimin dəstəklədiyi "Böyük partlayış" (Big Bang) nəzəriyyəsini göstəririk. Bu nəzəriyyə kainatın əvvəllər mövcud olmadığını, həddindən artıq tempratur yüksəkliyinin genişlənməsi ilə yarandığını iddia edir.

İstər fəlsəfədə, istərsə də, elmdə kainatın əvvəldən mövcud olub-olmadığı və ümumilikdə necə yarandığı sualı hələ də açıq olaraq qalır. Akvinalı Fomanın böyüklüyü isə inandığı Xristianlıq təlimi ilə məntiqinə güvəndiyi Aristotel düşüncəsini sintez edərək ölümündən sonra ona kafir damğasının vurulmasına səbəb olan və bu gün belə aktuallığını qoruyan fikri deməsidir: Bəli, kainatın bir başlanğıcı var, onu Tanrı yaradıb, amma Tanrı onu sonsuz yaradıb.

 





05.10.2019    çap et  çap et