525.Az

Kinorejissorlar Gildiyası Apellyasiya Məhkəməsinin qərarından narazı qaldı


 

Kinorejissorlar Gildiyası Apellyasiya Məhkəməsinin qərarından narazı qaldı<b style="color:red"></b>

Oktyabrın 2-də hakim Həmid Həmidovun sədrliyi ilə Apellyasiya Məhkəməsində Azərbaycan Professional Kinorejissorlar Gildiyası İctimai Birliyinin cavabdeh "Connect" MMC-yə qarşı appelyasiya şikayətinə baxılması ilə bağlı növbəti iclas keçirilib.

Məhkəmədə İddiaçı Kinorejissorlar Gildiyasının sədri, kinorejissor,  ssenarist Hüseyn Mehdiyev, kinorejissor Şahirə Tacəddin və vəkil Əkbər Bağırov, üçüncü şəxs qismində Əqli Mülkiyyət Agentliyinin nümayəndələri İqbal Əskərov və Faiq Əlizadə, cavabdehin qanunsuz fəaliyyətindən zərər çəkmiş audiovizual müəlliflər - rejissorlar, Azərbaycanın xalq artistləri Əbdül Mahmudov, Ramiz Həsənoğlu, Vasif Babayev, Elxan Qasımov, bəstəkar Azər Dadaşov,  Əməkdar İncəsənət xadimləri kinorejissor Elxan Cəfərov, Elçin Axundov və kinorejissor Vüsalə Mirzəyevə, mərhum kinorejissorlar - Arif Babayev, Tofiq Tağızadə, Həsən Seyidbəylinin hüquqi varisləri Vasif Babayev, Ziya Seyidbəyli, Firdovsi Atakişiyev iştirak ediblər. Cavabdeh tərəf məhkəmədə vəkil Mahir Məmmədovla təmsil olunub.

Hakim Həmid Həmidov məhkəmədə iştirak edən bütün tərəfləri bir daha dinləyərək, mövqelərin qanunauyğunluğunu suallar vasitəsi ilə dəqiqləşdirərək, yekun qərar çıxarıb: "İddiaçı - "Kinorejissorlar Gildiyası" İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı "Kinorejissorlar Gildiyası" İB ilə müqavilə bağlananadək cavabdeh "Konnekt" MMC tərəfindən, hüquqların qorunması Kinorejissorlar Gildiyasına həvalə olunmuş əsərlərin nümayişi qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin".

Məhkəmənin qərarı ilə bağlı fikirlərini bildirən Kinorejissorlar Gildiyasının sədri H.Mehdiyev deyib ki, məhkəmələr tərəfindən müəlliflərin hüquqlarının bərpası istiqamətində atılmış addımlar həmişə alayarımçıq olur: "Nə üçünsə məhkəmə artıq neçə ildən bəri sakitcə müəllifləri saymaya-saymaya, onların hüquqlarını poza-poza filmləri qanunsuz şəkildə gen-bol nümayiş etdirən tərəfin bu illər ərzində yol verdikləri qanun pozuntularını onlara "bağışlayır". Qanuna görə, istifadəçi əsərin istifadəyə başladığı andan  müəlliflərə qononarı ödəməlidir. Qanunu bilməmək və yaxud düzgün şərh etməmək onları qonorarı ödəməkdən azad edə bilməz. Qanunda bu hal üçün məbəğ də göstərilib: zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi. Eyni vəziyyət bizim "CBC" kanalı ilə məhkəmədə də baş verib. "CBC" TV kanalına ilk xəbərdarlığı Kinorejissorlar Gildiyası 2014-ci ildə rəsmi məktubla bildirmişdi. Məhkəməyə müraciət edilməzdən qabaq həmin kanala onlarla xəbərdarlıq məktubları göndərilmiş, danışıqlar aparılmış və heç bir nəticə əldə olunmadığından məhkəməyə müraciət olunmuşdu. Məhkəmə onlara eyni məzmunlu qərarla filmlərin istifadəsinə qadağa qoymuşdu və indiyə kimi istifadəyə görə verilməyən qonorarlara görə onlardan heç bir kompensasiya tutmamış, yəni qarşı tərəf qanunsuz fəaliyyətə görə cəzalandırmamışdı. Nə qədər ki, məhkəmələr müəlliflərin hüquqlarının pozulması ilə bağlı hüquq pozuntusuna yol verənləri cəzalandırmır, bu sahədə vəziyyət düzəlməyəcək".

Şahanə MÜŞFİQ

 





06.10.2019    çap et  çap et