525.Az

Paşinyanın iflası: Azərbaycan liderinin növbəti qələbəsi


 

Paşinyanın iflası: <b style="color:red">Azərbaycan liderinin növbəti qələbəsi  </b>

Avrasiya İqtisadi İttifaqının Yerevanda keçirilmiş sammiti Ermənistanın baş naziri Nikol Paşinyanın ümidlərini puça çıxardı. Hələ bu sammitdən əvvəl ekspertlər onun məhsuldar olmayacağına dair proqnozlar verirdilər.

"Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerov erməni mətbuatına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin çox sərin olacağını demişdi: "Onu da nəzərə alaq ki, Putin Ermənistan Respublikasına səfərə deyil, Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iştirak etmək üçün gəlir". Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiyanı incidəcək, əsəbləşdirəcək bir çox bəyanatlar səsləndirir: "Bu, daimi baş verir. Məsələn, Paşinyan və Mirzoyanın  "Qarabağ Ermənistandır" açıqlaması. Rusiya bunu iqnor etdi. Bu nə deməkdir? Bu, danışıqlar prosesinin sonu, 20 illik danışıqlar prosesinin səhv olduğu deməkdir. Yəqin ki, bir az kobud səslənəcək, amma deyəcəyəm: əgər bu istiqamətdə heç bir proses aparılmırsa, hakim partiyadan olan bir deputat belə bir layihə təqdim etmirsə, deməli, bu, sadəcə söhbətdən başqa bir şey deyil. Paşinyan bu barədə daha bədii cəhətdən danışır, amma Mirzoyan yox. Belə ifadələr Moskvanı incitmək, əsəbiləşdirmək, narahat etmək üçün kifayətdir".

Ekspertlərin sammit öncəsi şərhləri özünü doğrultdu. Bu ölkənin baş naziri Nikol Paşinyan belə bir mötəbər sammiti keçirməklə ölkəsinin nüfuzunu qaldırmağı hədəfləsə də, hər şey onun gözlədiyinin tam əksinə oldu. Çünki sözügedən sammit həm Ermənistanın, həm də Paşinyanın tam nüfuzdan düşdüyünü açıq şəkildə göstərdi.

Rusiya prezidenti Vladmir Putinin tədbirə evsahibliyi edən ölkənin rəhbərinə nümayişkəranə laqeyd yanaşması həm Ermənistan, həm də Rusiya mediasında əsas müzakirə mövzularından birinə çevrilib. Hətta yerli jurnalistlərdən biri Paşinyanın "doğma divarlar" arasında nokauta düşdüyünü yazıb.

İlk öncə onu qeyd edək ki, tədbirin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü son anda baş tutdu. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və qısa da olsa görüşün olması xahişi edilib. Düzdür, Paşinyanla Putin arasında görüş keçirilib. Lakin bu görüş sammitin sonunda baş tutub və çox qısa davam edib. Görüş zamanı Paşinyanın çox həyəcanlı və pərt olduğu diqqətdən yayınmayıb.

Siyasi təhlilçilər bildirirlər ki, Paşinyanın narahat olmasına yetərincə səbəb var. Əsas səbəb Putinin Ermənistana səfərinin gözlənilən nəticələri verməməsidir. Fakitiki olaraq, Vladimir Putin Paşinyan hakimiyyəti ələ keçirəndən bu vaxta qədər hələ də İrəvana rəsmi səfər etməyib. Bu, Ermənistan-Rusiya münasibətlərinin reallıqda hansı səviyyədə olduğuna, Putinin yanında Paşinyanın nüfuzunun olduqca aşağı olmasına dəlalət edir.

Yeri gəlmişkən, Moskvaya qayıtmazdan əvvəl Vladimir Putin Rusiyanın Ermənistandakı səfirliyində bu ölkənin sabiq dövlət başçısı, hazırda həbsdə olan Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanı qəbul edib, lakin detallar barədə açıqlama verilməyib.

Paşinyan Putin görüşü ilə bağlı bir maraqlı məqama da diqqət çəkmək lazımdır. Protokol qaydalarına görə, zirvə görüşünə ev sahibliyi edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Məsələn, ortada dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi var. Belə tədbirlərdə Azərbaycan Prezidenti dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirir ki, dediklərimiz əyani şəkildə təsdiqlənir.

Xatırladaq ki, bundan öncə də Amerikaya səfəri öncəsi Paşinyanın ABŞ prezidenti Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi.

Bütün bunların, Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf edir ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir. Bununla yanaşı, Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər ilə görüşləri bir daha həm İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin bugünlərdə dünyanın məşhur "beyin mərkəzləri"ndən biri olan "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük etimadın təzahürüdür.

Qeyd edək ki, "Valday" Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb.

Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən, Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri "Valday" klubunun qonağı olublar.

Rusiya prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə də bir neçə ölkənin rəhbəri iştirak edir. 

Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.

"Valday" Klubu 2018-ci ildə bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Çin konfransının və Rusiya-İran dialoqunun təşkilatçısı olub. Ötən ilin iyun ayında Klubun diskussiya meydanında məhz bu məqsədlə Rusiyaya səfər edən BMT-nin Baş katibi Antonio Quterreşlə görüş keçirilib.

Ortaya belə nəticə çıxır ki, Paşinyanın nüfuzsuzluğu özü ilə yanaşı, işğalçı dövlətini də dünyada biabırçı duruma salmaqdadır.

Analitiklər də belə qənaətdədirlər ki, Paşinyan dünyada qəbul olunmayan, küçədən siyasətə gəlmiş, təsadüf nəticəsində özünü ölkə rəhbəri postunda tapmış qeyri-ciddi şəxsdir. Beynəlxalq aləm onu ciddi siyasətçi kimi qəbul etmir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirlər də Ermənistan rəhbərliyinin yarıtmaz siyasətini bir daha sübut edir: "ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən, bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən, Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir".

Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov deyib: "Bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var. Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik".

Siyasi ekspert Elçin Mirzəbəyli mövzu ilə deyib ki, Ermənistanda keçirilmiş Avrasiya İqtisadi İttifaqının zirvə toplantısının nəticələrinin rəsmi İrəvan üçün uğursuz olduğunu hesab edir. Onun fikrincə, Avrasiya İqtisadi İttifaqının zirvə toplantısının Yerevanda keçirilməsinə və baş nazir Nikol Paşinyanın sammitdən öncə apardığı təbliğat kampaniyasına, hətta BMT Baş Assambleyasının kürsüsündən Rusiya-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi mübaliğəli fikirlərə baxmayaraq, gözlənilən nəticə əldə olunmadı: "Sammitdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Putinin Yerevana səfərinin rəsmi xarakter daşımadığını və Rusiyanın dövlət başçısının Ermənistana yalnız zirvə toplantısında iştirak etmək üçün gedəcəyini söyləməsini əslində, Nikol Paşinyanın ümidlənməməsi üçün verilən xəbərdarlıq xarakterli bəyanat kimi də dəyərləndirmək olardı".

Ekspert qeyd edib ki, rəsmi Yerevan ənənəvi olaraq bu xəbərdarlığı da dəyərləndirə bilmədiyi üçün məyus oldu və zirvə toplantısının Yerevanda keçirilməsi, nəticə etibarilə, Nikol Paşinyanın bacardığı ən yaxşı işlə - baş nazirin selfi çəkilişləri ilə yadda qaldı. Bundan öncə də Ermənistanın baş nazirinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün göstərdiyi səylərin necə boşa çıxdığı, erməni diasporunun və lobbisinin apardığı genişmiqyaslı kampaniyanın da necə puça çıxdığı müşahidə olundu. Bütün bunlar hakimiyyətə küçədən gəlişi zamanı ətrafında ajiotaj yaradılan Nikol Paşinyanın beynəlxalq səviyyədə bir lider kimi qəbul olunmadığının, onun qondarma "demokrat" imicinin də iflasa uğradığının göstəricisidir.

Elçin Mirzəbəyli vurğulayıb ki, istənilən müqayisə qüsurludur, amma həqiqət də müqayisədə ortalığa çıxır. Təkcə son bir il ərzində biz Azərbaycan Prezidenti İlham Əliyevin dünya liderləri ilə çoxsaylı görüşlərinin, istər dünyanın aparıcı güclərinin dövlət başçılarının, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarının, güc mərkəzlərinin rəhbərlərinin Azərbaycana, həmçinin, Prezidentin xarici ölkələrə səfərləri zamanı dövlətimizin başçısının regional və qlobal proseslərdə fəal iştirak edən və söz sahibi olan, öhdəliklərinə sadiq qalan lider kimi qəbul edildiyinin şahidi olmuşuq: "Prezident İlham Əliyevin şəxsi nüfuzu və liderlik keyfiyyətləri nəticəsində Azərbaycan qlobal proseslərin müzakirə olunduğu ölkə statusunu qazanıb. Dünyanın aparıcı siyasi və hərbi güc mərkəzlərinin yüksək statuslu təmsilçilərinin Bakıda keçirilən görüşləri, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən üçtərəfli və çoxtərəfli regional və subregional əməkdaşlıq platformaları da bunu sübuta yetirir. Prezident İlham Əliyevin dünyanın məşhur "beyin mərkəzləri"ndən biri olan "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlətimizin başçısına dünyada olan böyük hörmətin göstəricisidir".

PƏRVANƏ

 





06.10.2019    çap et  çap et