525.Az

"Ermənilər həm Lüksemburqda, həm də Soçidə sarsıdıcı zərbə aldılar"


 

MİLLƏT VƏKİLLƏRİ ÖLKƏ PREZİDENTİNİN SOÇİ BƏYANATINI VƏ LÜKSEMBURQDA YAŞANAN HADİSƏNİ BELƏ DƏYƏRLƏNDİRDİLƏR

"Ermənilər həm Lüksemburqda, həm də Soçidə sarsıdıcı zərbə aldılar"<b style="color:red"></b>

"Növbəti dəfə erməni həyasızlığı, erməni fintəkarlığı və erməni təxribatı ilə qarşılaşdıq. Onlar üçün heç bir dəyərin, abır-həyanın zərrəsinin belə qalmadığı bir daha öz əməlləri ilə təsdiqlənmiş oldu. UEFA Avropa Liqasında növbəti oyununu keçirən "Qarabağ" futbol klubu Lüksemburqun  "Düdelanj"  komandası ilə qarşılaşırdı. Lüksemburqda keçirilən oyun zamanı qürurumuz, fəxrimiz olan "Qarabağ" klubu ikinci topu ev sahiblərinin qapısından keçirəndən dərhal sonra böyük bir təxribat, həyasızlıq yaşandı. Dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağı gətirildi.  Bunun ermənilər və onun himayədarları tərəfindən edildiyinə heç kimdə şübhə qalmadı, bu təxribatı, fitnəkarlığı, həyasızlığı yalnız onlar edə bilərdi. Bu isə təbii ki, böyük gərginlik, hər birimizdə, eyni zamanda, "Qarabağ" klubunda böyük etiraz, narazılıq yaratdı və  oyunda fasilə elan edildi".

Bunu "525"ə  açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Millət vəkilinin dediyinə görə, Lüksemburq rəsmilərinin üzrxahlığından sonra isə oyun davam etdirildi və futbolçularımız rəqib komandanın qapısından daha iki top keçirərək, həm ev sahibləri, həm ermənilər üzərində növbəti mənəvi qələbəsini qazandı: "Azərbaycan futbolçuları Qarabağ məsələsində Azərbaycanın hərbi-siyasi-diplomatik qələbələrinə bu qələbəsi ilə daha birini əlavə etdi. Bəli, idman siyasət, futbol meydanı siyasət meydanı deyil. İdman, onun şah əsəri sayılan futbol heç bir halda siyasətə alət edilməməli, kirli siyasi oyunlara bulaşdırılmamalıdır. Amma ermənilər və onların dünyadakı, Qərbdəki himayədarları bir daha iç üzlərini açıb ortaya qoymuş oldular, onlar üçün heç bir dəyərin olmadığını nümayiş etdirdilər. Amma dərhal da layiqli cavablarını aldılar.

Qeyd edim ki, bir müddət öncə də antiazərbaycan ermənipərəst dairələr tərəfindən futbol təxribatı ilə üzləşmişdik. Avroliqanın final qarşılaşmasının, "Çelsi" - "Arsenal" oyununun Bakıda baş tutmaması üçün ən rəzil, ən murdar variantlara əl atılmışdı. Azərbaycana qarşı növbəti qarayaxama və ləkələmə kampaniyasına start verilmişdi. Amma Azərbaycanın təmkinli, səbrli və uzaqgörən siyasəti sayəsində bu təxribatın da qarşısı alınmış, final qarşılaşmasına Bakıda çox möhtəşəm şəkildə ev sahibliyi edilməklə, ermənipərəst dairələrə, bütövlükdə bütün dünyaya nələrə qadir olduğu və ola biləcəyi nümayiş etdirilmişdi. Yəni deməkdə məqsədim odur ki, ermənilər və onların himayədarları nə qədər cəhd etsələr də, öz istəklərinə nail ola bilmirlər və bundan sonra da nail ola bilməyəcəklər, daha da rəzil günə düşəcəklə, rüsvay olacaqlar.

Necə ki, dünən bir daha bu duruma düşdülər. Azərbaycan bütün cəbhələrdə ermənilərə və onların himayədarlarına qalib gəlir və qalib gəlməkdə davam edəcək. Xatırladım ki, həmin dəqiqələrdə Ermənistan özünün daha bir layiqli cavabını, ən böyük siyasi-diplomatik zərbələrindən birini aldı və hesab edirəm ki, onlar hələ uzun illər bu zərbənin təsirindən ayıla, özlərinə gələ bilməyəcəklər. Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ermənilərə və Ermənistana əsl meydana oxudu. Çıxışında Ermənistan-Azərbaycan münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi", - deyə bəyan etdi.

Hesab edirəm ki, bu, ermənilər, Ermənistan, onun gizli-açıq himayədarları üzərində çalınmış növbəti böyük siyasi-mənəvi-diplomatik qələbədir. Bu, həm də bir daha onun təsdiqi oldu ki, Azərbaycan dövləti, Azərbaycan xalqı, dövlət başçısı Qarabağ məsələsində birmənalı və dəyişməyən mövqeyə malikdir. Azərbaycan Qarabağ məsələsində bu günə kimi güzəştə getmədiyi kimi, bundan sonra da güzəştə getməyəcək. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və Azərbaycanın da tarixi-ayrılmaz tərkib hissəsi kimi qalacaq. Həmçinin, bu tarixi bəyanat, mesaj onun nümayişdir ki, bu bəyanatın hərb, savaş meydanında da davamı gələcək, Azərbaycan bütün vasitələrlə öz torpaqlarını işğaldan azad edəcək, erməni tapdağından qurtaracaq. Uğurlu Aprel döyüşlərində, Günnüt və Qazax əməliyyatlarında olduğu kimi, növbəti əməliyyatlarında da daha möhtəşəm qələbəsini qazanacaq. Kimsənin buna əsla və əsla şübhəsi olmasın".

Digər millət vəkili Aydın Mirzəzadə hesab edir ki,  həyat mübarizədir: "Həmçinin, siyasət mübarizədir. Dövlət maraqlarının müdafiə edilməsi mübarizədir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi mübarizədir. Azərbaycan müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəsini heç zaman zəiflətməyəcək. Dövlətimiz və xalqımız lideri Prezident İlham Əliyevin dili ilə bütün dünyaya bir daha elan etdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" - deyən millət vəkili həm Soçidə, həm də Lüksemburqda ermənilərin böyük zərbə aldığını və bundan dərs çıxarmalı olduqlarını sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





06.10.2019    çap et  çap et