525.Az

Qarabağ Azərbaycandır və nida işarəsi


 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVDƏN ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYANA İFŞAEDİCİ CAVAB

Qarabağ Azərbaycandır və nida işarəsi<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərinə səfəri böyük uğurla keçib.

Dövlətimizin başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, iki ölkənin liderləri aktual məsələləri, o cümlədən, Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, kənd təsərrüfatı, hərbi və hərbi texniki sahə, humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Eyni zamanda, Azərbaycan Prezidenti  "Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti iclasında çıxış edib. "Şərq şəfəqləri və dünya siyasi quruluşu" mövzusuna həsr olunmuş iclasda İlham Əliyevin çıxışı xüsusi maraqla qarşılanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Dövlətimizin başçısı Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Xatırladaq ki, Paşinyan bu ilin avqust ayında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə növbəti qanunsuz səfəri zamanı Xankəndində çıxış edərək "Artsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə" bəyanatı vermişdir. Dağlıq Qarabağdakı separatçı rejimlə Yerevan arasında artan gərginlik fonunda səslənmiş bu bəyanat beynəlxalq müstəvidə də qınandı. ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Rusiya da qeyd edilən bəyanatı mənfi qarşıladı. Bununla, xal qazanmağa çalışan Paşinyan əslində, növbəti dəfə öz ölkəsinin işğalçı siyasətini ifşa etmiş oldu.

Azərbaycanın dövlət başçısı isə Paşinyana cavabı yüksək kürsüdən verdi. Bununla da Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətinə Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bir daha çatdırmış oldu.

Soçi səfəri həm də Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu yenidən göstərdi. Bu gün əminliklə demək mümkündür ki, iki qonşu və dost dövlət arasında münasibətlər dinamik xətlə inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü də bir daha isbatlayır. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Digər tərəfdən, "Valday" klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyəndirilib.

Prezident İlham Əliyev görüşdə bildirib ki, "Valday" diskussiya klubu bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Dövlət başçısı bəyan edib ki, Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verir: "Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur".

Söz yox ki, iki ölkə arasında təsdiq olunmuş "Yol xəritələri"nin reallaşdırılması da belə bir nəticə hasil etməkdədir ki, bu gerçəklik özündə digər sahələrin inkişafına kifayət qədər yol açacaq. Cənab İlham Əliyevin "Tərəflər arasında təsdiq olunmuş "Yol xəritələri"nin reallaşdırılması daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq", fikri də həmin mövcudluğu ehtiva etməkdədir.

Rusiya lideri isə bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr möhkəmlənir: "Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə, iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir. Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, Siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz".

Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Soçiyə işgüzar səfərinin yekunlarını şərh edərkən bildirib ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur: "Dövlət başçıları səviyyəsindəki dialoq Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafında çox mühüm bir amildir. Bu il artıq ikinci dəfədir ki, Azərbaycan və Rusiya prezidentləri görüşürlər. Bundan öncə Çinin paytaxtı Pekində "Bir kəmər, bir yol" layihəsi çərçivəsində olan forumda iki ölkə liderləri görüşmüşdülər. 2018-ci ildə isə dövlət başçıları dörd dəfə görüşüblər. Bu kimi görüşlər Azərbaycan-Rusiya tərəfdaşlığının hərtərəfli inkişafına təkan verir".

İkitərəfli görüşdə Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, kənd təsərrüfatı, hərbi və hərbi texniki sahə, humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bundan başqa, görüşdə dövlət başçıları tərəfindən tapşırıq verildi ki, aidiyyəti nazirliklər elə bu platforma çərçivəsində fürsətdən istifadə edərək qoyulan tapşırıqlar əsasında öz müzakirələrini davam etdirsinlər.

Dövlət başçılarının görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu deyən PA rəsmisi vurğulayıb ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Rusiya münaqişənin həlli prosesində yaxından iştirak edir və ona görə də bu müstəvidə də dövlət başçıları tərəfindən ətraflı fikir mübadiləsi aparıldı: "Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında şəxsi dostluq münasibətləri mövcuddur. Bu məqam iki ölkə arasındakı münasibətlərə müsbət impuls verir".

O, "Valday" beynəlxalq diskussiya klubunun iclasında Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandırarkən Qarabağın Ermənistanın olması barədə bəyanatların münaqişənin həllinə, siyasi prosesin tənzimlənməsinə kömək etməməsinə dair bəyanatını da şərh edib. Bildirib ki, ümumiyyətlə, bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq ictimaiyyəti narahat edən məsələdir. Çünki Ermənistanın rəhbərliyi bu açıqlaması ilə danışıqlar prosesinə çox güclü bir zərbə vurmuşdur. Görünən odur ki, Paşinyanın bu bəyanatı həmsədr ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən ciddi bir narahatlıqla qarşılanıb və burada başqa münaqişələrlə anneksiya xarakteri daşıyan münaqişələr kontekstində analogiyalar da aparılıb: "Biz də hesab edirik ki, Ermənistan rəhbərliyi tərəfindən verilən bu cür açıqlamalar heç bir halda münaqişənin həllinə xidmət etmir, vəziyyəti gərginləşdirir. Ona görə də bu fikri bölüşürük ki, bu gün danışıqlar prosesi bir ətalət çərçivəsindədir. Təəssüflər olsun ki, danışıqlar prosesində bu gün hər hansı bir irəliləyişdən danışmaq olmaz. Həmsədrlər özləri də bu barədə açıqlama verdilər. Onların substantiv danışıqlara çağırış etdiklərinə baxmayaraq, hazırda Ermənistan tərəfindən təxribatlar davam edir. Elə bu günlərdə Azərbaycan-Ermənistan sərhədində bir mülki şəxsimiz öldürülüb. Bütün bunlar göstərir ki, Ermənistanın bugünkü açıqlamaları və fəaliyyəti beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməkdədir. Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq xarici işlər naziri səviyyəsində bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib".

Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, "Valday" diskussiya klubu dünyanın beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə ən aktual məsələlərin müzakirə olunduğu bir platformadır. Budəfəki tədbirdə dünyanın 40-a qədər ölkəsindən çoxsaylı dövlət xadimləri, ictimai nüfuzlu şəxslər və media nümayəndələri iştirak edirdilər. Belə mühüm bir platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi.

Deputat deyib ki, Prezident İlham Əliyev ilk növbədə Ermənistanın baş naziri Paşinyana və onun sərəsəm bəyanatlarına elə qətiyyətli və tutarlı cavab verdi ki, bu işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı: "Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məhz Rusiyadan, "Valday" diskussiya klubu kimi nüfuzlu platformanın tribunasından cavab verilməsinin özü olduqca ciddi bir icmarıcdır. Prezident İlham Əliyev "Qarabağ xalqı" kimi təxribatçı ifadələrə də cavab verərək bildirərək qeyd etdi ki, bu kökündən yanlış ifadədir, Qarabağ əhalisi var və bu azərbaycanlı və erməni icmasından ibarətdir. Münaqişə başlayanda bu nisbət 75-in 25 azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki yekun aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu qətiyyətli mövqe bir daha Azərbaycanın qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi".

Rusiya Azərbaycan münasibətlərinə gəldikdə isə H.Babaoğlu qeyd edib ki, hazırki mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya-Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya baş tutan işguzar səfəri və Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur".

Millət vəkili Azər Badamov isə deyib ki, Prezdent İlham Əliyev Rusiyanın prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində "Valday" Beynəlxalq Diskusiya Klubun plenar iclasında çıxışı böyük maraqla qarşılanıb: "Burda bir müqayisəni aparmaq istəyirəm. Bir neçə gün əvvəl Rusiya prezdenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün bir neçə saatlıq Ermənistanda səfərdə olmuşdu. Paşinyan dəridən-qabıqdan çıxırdı ki, Putinlə normal görüş keçirsin, danışıqlar masası arxasında otursun. Prezident Putinin Paşinyana münasibəti o qədər mənfi idi ki, hətta Paşinyanla yan-yanı oturmadı.. Sammit çərçivəsində çəkilən şəkildə Vladimir Putinin kənarda dayanması, prezdentlə avtobusda oturanda lap arxada Paşinyandan uzaqda yerləşməsi və səfərin sonunda aeroportda ayaqüstü görüşməsi əslində, Rusiyanın dövlət başçısının Paşinyanı bir dövlət başçısı kimi qəbul etməməsindən irəli gəlir".

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin dəvət olunduğu "Valday" Beynəlxalq Diskussiya Klubu dünyada meydana gəlmiş qlobal siyasi-iqtisadi problemlərin müzakirə olunduğu geniş platformadır: "Bu tədbirdə dünya siyasətində rolu və yeri olan dövlət başçılar, siyasətçilər, alimlər və bir sözlə, beyin mərkəzləri iştirak edirlər. Valday Klubun dünən keçirdiyi plenar iclasında Prezident İlham Əliyev möhtəşəm nitqlə çıxış edib. Birinci onu qeyd etmək istəyirəm ki, İlham Əliyevdə xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığı o biri natiqlərdən fərqlənirdi. Bu fərqi cənab İlham Əliyevin nitqi zamanı auditoriya iştirakçıların necə diqqətlə və maraqla dinlədiklərində hiss etmək heç də çətin deyildi. İlham Əliyev öz nitqində bir səra aktual məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığına, bu günə qədər davam etməsinə geniş yer verdi. Paşinyanın Xankəndiyə səfəri zamanı söylədiyi "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir və nöqtə" sərsəm ifadəsinə cavab olaraq beynəlxalq platforma olan “Valday” Klubunun iclasında Azərbaycan Prezidenti "Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır və nida" deməsi ən tutarlı və Paşinyanın savadsızlığını ifşaedici cavab oldu. Bir sözlə, Prezdent İlham Əliyevin Soçiyə səfəri strateji əhəmiyyət daşıyan çox səmərəli və məhsuldar görüşləri ilə yadda qalacaq".

PƏRVANƏ

 





06.10.2019    çap et  çap et