525.Az

Bədii tərcümə sənətinin böyük ustası - Portret


 

Bədii tərcümə sənətinin böyük ustası - <b style="color:red">Portret </b>

Olduğumuz məclislərdə, işlədiyimiz yerdə kimlərinsə haqqında tez-tez eşidirik ki, "yaxşı müəllimdir", "yaxşı insandır", "müəllim ikinci valideyndir", "cəmiyyətimizdə müəllimin rolu danılmazdır"... Bu kimi yanaşma tərzi və qiymətləndirmələr məni daim düşündürüb, özüm-özümə bir çox suallar vermişəm.
 
İşlədiyim Azərbaycan Dillər Universitetində hər yeni tədris ili tələbələrə sorğu yönümlü verdiyim suallardan biri də: "Sizə dərs keçən müəllimlərdən kimlərin sizə yenidən dərs deməsini istərdiniz?" Alınan cavablar həm düşündürücü və həm də insanın öz seçdiyi peşəsinə olan münasibətləri daha dərindən təhlil etməyə, verilən qiymətlərin obyektivliyinə görə işinə ürəklə yanaşmağa sövq edir. Tələbələrin yenidən auditoriyada görmək və yararlanmaq istədiyi insanlardan biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Vilayət Hacıyevdir.

Əvvəlcə Vilayət Hacıyevin keçdiyi yola qısa nəzər yetirək, sonra isə əldə etdiyi nailiyyətləri və elmi yeniliklərilə tanış olaq.

Vilayət Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-1971-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsində təhsil alıb. 1971-1972-ci illərdə Daşkəsən rayonunda alman dili müəllimi işləyib.

1973-cü ildən indiki Dillər Universitetində çalışır. Uzun müddət Tərcümə fakültəsinin dekan müavini və dekanı vəzifəsində işləyib.

1987-ci ildən AYB-nin üzvüdür. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini, ADU-nun German dilləri üzrə tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti vəzifəsində çalışır.

İntensiv işləmək qabiliyyətinə malik olan Vilayət müəllim alman ədəbiyyatının bir çox nümunələrini Azərbaycan dilinə tərcümə etməsi onun artıq Almaniyada, Avstriyada tanınmasına yol açıb. Öz peşəsini və ana dilini mükəmməl bilməsi, alman xalqın adət-ənənəsinə, həyat tərzinə bələd olması tərcümə etdiyi əsərlərdə oxucuda belə bir təəssürat yaradır ki, sanki onları ana dilində oxuyur.

Azərbaycan Dillər Universitetinin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayev onun haqqında deyir: "Vilayət müəllim hələ gənc yaşlarından tərcüməçilik peşəsinə maraqla və tələbkarlıqla yanaşdı. O, bu sənətə ixtisas kimi yox, peşə kimi yiyələndi. Məhz özünün səyinin nəticəsi olaraq onu təkcə Azərbaycanda deyil, Avropanın bir çox ölkəsində tanıyırlar, müntəzəm olaraq ustad dərsləri keçir, gənc tərcüməçilərin məsləhətçisinə çevrilib. Azərbaycan ədəbiyyatının tanınmasında böyük əməyi var".

ADU İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov isə bu fikirdədir: "Vilayət Hacıyev kollektiv və tələbələr tərəfindən qəbul edilən müəllim, tərcüməçi olmaqla yanaşı, yaxşı dekan olub. İndiyədək elə bir dekan görməmişəm ki, fakültənin adı yerinə özünün adı işlənsin. Maraqlı budur ki, tələbələr və məzunlar bunu çox qürurla işlədirlər, sual verəndə hansı fakültəni bitirmisən və yaxud hansı fakültədə oxuyursan? "Vilayət Hacıyevin fakültəsində". Bilirsinizmi, tələbə olan hər kəs yaxşı bilir ki, dekan onun universitetdə valideynidir, insan o hissləri duyanda ürəkli, inamlı olur. Bax bu insani keyfiyyətlərinə görə Vilayət Hacıyev şəxsiyyəti təkrarsızdır. Məndən soruşanda ki, Vilayət Hacıyev necə tərcüməçidir, cavabım belə olur: Vilayətin tərcüməsi, az qala, "müəllifi üstələyir və arxa plana keçirir", çünki tərcümələri çox dilə yatımlı olur, onun hansı dildə yazılmış olduğunu aydınlaşdırmağa çətinlik çəkirsən. Yalnız güclü bədii təxəyyülü olan adamlar belə tərcümə edə bilər.

Vilayət Hacıyevin istər gənclər, istərsə də yaşlı nəsil tərəfindən qəbul olunması onun özünün gənclik dövründən tərcüməçilik peşəsinə özünəməxsus tərzdə yanaşması və mənimsəməsidir. Hər kəsə yaxşı məlumdur ki, onun müəllimliyi və tərcüməçiliyi müasir gənclər üçün bir məktəb kimi formalaşıb. Alman dilini bilən mütəxəssilərin, daha doğrusu, alman dilindən Azərbayacan dilinə tərcümənin nəzəri və praktiki məşğul olanların fikrincə onun tərcümələri orijinal mətnə son dərəcə yaxın olur. Başqa sözlə, müxtəlif dillərin transformasiyasında ortaq nöqtəni ustalıqla tapır. Bu sözləri, eyni zamanda, Vilayət müəllimin Azərbaycan ədəbi mühitinin tanınmış simalarının əsərlərini alman dilinə tərcüməsi haqqında da demək olar. Başqa sözlə, onun tərcüməçi kimi dəsti-xətti burada da özünü büruzə verir.

Vilayət Hacıyevin tərcümə etdiyi əsərlərin siyahısına nəzər salsaq, onun necə geniş yaradıcılıq spektrinə malik olduğunu görərik və bu əhatəlilik onun bir tərcüməçi kimi  çəkdiyi zəhməti konkret ifadə edir. Düzdür, istər söhbətlərində, istərsə də müsahibələrində  həmişə "başqa xalqlarda hər müəllifin öz tərcüməçisi olduğunu" qeyd etsə də, bunun nə vaxtsa Azərbaycanda da olmasını arzulasa da, respublikamızda hələ də kifayət qədər orijinaldan tərcüməçilər olmadığından, o, bu qədər çox müəllifin istər ideya-bədii, istərsə də üslub baxımından fərqli əsərlərinə müraciət etməli olub. Remarkın "Zəfər tağı" (1986), Hessenin "Yalquzaq" (1989), Feyxtvangerin "Lautenzak qardaşları" (1990), Kafkanın "Məhkəmə" (2012), Böllün "Bir təlxəyin düşüncələri" (2004), "Və bircə kəlmə də demədi..." (2017), "Kişisiz ev" (2019) romanları, eləcə də Svayq, Lents, Handke, eləcə də digər alman və Avstriya yazıçılarının hekayələri ... Dünya ədəbiyyatına az-çox bələd olan adamlar bu yazıçıların yaradıcılıq maneralarının bir-birindən nə qədər fərqləndiyni yaxşı bilirlər və Vilayət müəllimin bir tərcüməçi kimi ustalığı da bu yazıçıları azərbaycancada öz dil və üslubları ilə "yazdırmasıdır". Başqa sözlə, Remarkın lirik-psixoloji təsvirləri, Hessenin sosial-fəlsəfi dərinlikləri, Kafkanın hələ də cavabı bilinməyən "müəmmaları", Böllün satirası Azərbayacan dilində həmin müəlliflərin fərdi yaradıcılıq üslubları kimi oxucuya çatdırılır. Burda "çatmayan"  yalnız mütərcimin üslubu olur ki, bu da, əslində, onun uğuru hesab oluna bilər. Vilayət Hacıyevin bir tərcüməçi kimi "fərdi üslüb"u tərcümə sənəti üçün ən vacib olan söz duyumudur. Elə buna görədir ki, onun tərcümələri oxunaqlı, anlaşıqlı olur.

Vilayət müəllimin keçdiyi dərslər tələbələr tərəfindən yüksək dəyərləndirildiyi kimi, ədəbi mühitin də daima diqqət mərkəzində olub, müxtəlif  mükafatlar, həmçinin, orden və medallara layiq görülüb.

2012-ci ildə Frans Kafkanın "Məhkəmə" romanının tərcüməsinə görə "Tofiq Bayram" mükafatına, 2013-cü ildə Frans Kafkanın "Məhkəmə" romanının tərcüməsinə görə Avstriya Federal Elm, Təhsil və Mədəniyyət Nazirliyinin  "Tərcümə mükafatı"na layiq görülüb. 2014-cü ildə Avstriya Prezidentinin fərmanı ilə Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, eləcə də Avstriya ədəbiyyatının tədqiqi və Azərbaycan dilinə tərcüməsi işindəki nailiyyətlərinə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç ordeni" ilə təltif olunub.  Bunlardan əlavə, Böllün "Kişisiz ev" romanının uğurlu tərcüməsi üçün bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb.

Dəyərli müəllim, gözəl tərcüməçi Vilayət Hacıyevi bu günlərdə qeyd olunan Tərcüməçilər Günü münasibətilə təbrik edir, almandilli ədəbiyyatı bizə və Azərbaycan ədəbiyyatını almandilli oxuculara yüksək səviyyədə tanıtdığına görə ona ürəkdən təşəkkürümü bildirir, yaradıcılığında yeni uğurlar diləyirəm.

Əzim ƏLİYEV
Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti

 





06.10.2019    çap et  çap et