525.Az

"Fikrət Qoca getdi demə..." - Xalq şairindən iki şeir


 

"Fikrət Qoca getdi demə..." - <b style="color:red">Xalq şairindən iki şeir </b>

BALALARIM

Mənim şirin balalarım,
Can verirəm, bal alıram.
Adınızı hər çəkəndə
Ağzım dolu bal oluram.
Hər yerdə ağa tək gəzib
Mən sizə hambal oluram.
Sizdən giley-güzar olsa
Kar olmuram, lal oluram...
Eldə hörmət qazansanız
Şişib Rüstəmzal olaram.
Qocalığı sizə verib
Xatirə, xəyal olaram,
Adıma Rəhmət gətirin,
Mən sizə halal olaram.
Fikrət Qoca getdi demə
Məni yada sal! Olaram!
04.10.2019

YAŞA, YAŞIL YER KÜRƏMİZ

(Mahnı mətni)

Sahilsiz kainatda,
Bu dünyada, həyatda
Mən ən ali bir canam,
İnsandır atam-anam.
Kainatda ünvanım
Yaşıl Yer kürəmizdir,
Hələ havası safdır,
Hələ suyu təmizdir,
Qonaq bizə əzizdir.
Gələn qonağa yetər,
Bizim də bəsimizdir.
Nəğməmizdə bir sözdür:
"Gələrsən qadan allam,
Gedərsən yola sallam".

Yenə də axşam olcaq,
Səmada yanar ocaq...
Hər ulduz bir diyardı,
Hər biri dostdu-yardı.
Sizdən kimlər gələcək
Bizdən kimlər gedəcək...
Bunlar da arzulardı...
Alqış belə görüşə
Qoy kainat boyansın
Nəğmələrə gülüşə.
"Bənövşə bəndə düşə,
Bizdən sizə kim düşə".
Yallı getsin ulduzlar
Gəlsin oğlanlar, qızlar.
Belə şənlik olmasa
Qoca dünya uduzar.
Gənclərin gülüşündən
Bu gecə dan sökülsün
Bizi yaradanın da
Bu gecə üzü gülsün
Aləmə nur tökülsün.
Sevinc qaynayar, daşar,
İnsanlar qucaqlaşar.
Gül yanaqlı körpələr
Güllərin, çiçəklərin
Rənglərini öpərlər.
Kainatda biz olaq
Sevinc paylayan ordu...
Ulduzlar rəqs eləsin
"Ha yordu, yordu, yordu,
Görək kim-kimi yordu".

 





06.10.2019    çap et  çap et