525.Az

İnsanların inamını öldürməyin - Şahnaz Şahin yazır


 

İnsanların inamını öldürməyin - <b style="color:red">Şahnaz Şahin yazır </b>

Yaradılanı xoş gör,
Yaradandan ötəri...

Yunus Əmrə 

İnam öldürmək adam öldürməkdən pisdir, deyiblər. Belə çıxır ki, ikisi də cinayətdir, amma biri aşkar, biri gizlin... Birinə cəza düşür, digərinə yox. Hər ikisinin vəbalı ağırdı, birini bəndə görürsə, o birini Tanrı görür. Nə olsun ki, ortada cismani ölü  yoxdur. Bəzən ölənə deyil, öldürənə təlaşlanırıq birinci halda (mən hər  zaman cinayətin əleyhinəyəm), amma bəzən kimsə özünümüdafiənin qurbanı olur, adı da qalır cinayətkar! Mənəvi cinayətlər də var, bu zaman inam, etibar, güvən, yaxşılıq kimi insani hisslər hədəf seçilir, bu adamı səssiz-küysüz, bıçaqsız, gülləsiz öldürür, odsuz yaxır. Hissə-hissə, tikə-tikə tükədir insanı onun ali insanlıq hisslərinə toxunan, sinir damarları üzərində "gəzişənlər". Bilə-bilə "mazol"a basanlar, qəsdən qəsdə duranlar! Vampirdir onlar... Şərt o deyil ki, uzun, köpək dişləri çıxara, sanca şah damara!..

... Hər şeyin iki tərəfi var - qaranlıq varsa, işıq olması mütləqdir, pis varsa yaxşı. Maskalılar da var arasında, öz istəyi naminə əqidəsini dəyişənlər də. Ən pisi əqidəsizlikdir, hətta yanlış yol seçənin də əqidəsi varsa, deməli, hələ hər şey uduzulmayıb. Vay o günə ki, əqidən olmaya, onda dönüb olacaqsan buqəlamun.

İndi kimi dindirirsən etibarsızlıqdan, bir-birinə qarşı inamın itməsindən danışır, hətta evdə balaca uşaqlara da bu yöndə tərbiyə verənlər var, ailəsindən başqa dostun olmadığı fikri aşılanır saf balalara. Bəlkə özlərinə buraxsaq, daha yaxşı olar?! Nəinki gözləri açılmadan etibarsızlıq, inamsızlıq aşılayırıq - bu, dəhşətdir, məncə. Kim səpdi bu şübhə toxumlarını ürəyimizə, nə vaxt becərdi, xəbərimiz olmadı. Səbəb soruşursan, bilən yoxdur, amma hamı bir-birindən ehtiyatlanır, aldadılmaqdan qorxur.

Günümüz hadisələrlə doludur, qulaqlarımız da darı dənləyir xəbər üçün. Təki xoş xəbər eşidək, təki yaxşı şeyləri tez görək. Məsələn, nəqliyyatda hələ də yaşlı insanlara, uşaqlara yer verən insanlar var, yolpulu olmayanda yardım edənlər, çətinə düşəndə əl uzadanlar, dilənçiyə pul verənlər və s. Sevinək, insanlıq yaşayır demək! Amma təki saxtakarlıq olmasın, həmin az sayda olan yaxşı adamları da əməllərinə küsdürməsinlər.

... Orta yaşlı kişi metronun girəcəyində divara söykənib, yanından keçib  uzaqlaşmamış da "bəlkə xəstədir, ürəyi tutub, ya nəsə..." fikriylə geri dönürəm. İki qadın da tez mənə qoşulur.

Qadın:

- Nə olub sizə?

Kişi:

- Astmam tutub...

Mən:

- Dərman qutunuzu verin alıb gətirək.

Kişi:

- Pulum çatmır.

Qadın:

- Nə qədər?

Kişi:

- Dörd manat otuz qəpik...

Qadın çantasından bir göz qırpımında beş manat çıxarıb kişiyə verir.

Mən:

- Bəs oldumu?

Kişi mızıldanır:

- Filan qədər də çatmır.

Mən bayaqdan bəri həm də adamı müşayiət edirəm, həkim olduğum üçün, necə deyərlər, həm də başqa nəzərlə baxıram və içimə şübhə sızır (yenə Allah bağışlasın). Hissim "astma tutması belə olmur" pıçıldayır utancaq peşmanlıqla.

Növbəti "beşlik" kişinin ovcuna qonur. Bu zaman o, yanında olan, DVD-ni qadına təklif edir və əlbəttə, imtina! Yardım təmənna üçün edilməyib, axı.

Beləcə, ayrılıb yolumuza davam edirik, qadın bir imkansıza yardımda bulunduğundan məmnun, mən həqiqətlə yalanın arasında çırpına-çırpına. Yadıma məşhur Azərbaycan filmindəki bir epizod düşür: Kimdir günahkar?! Və bir də bu yaxında yazdığım şeirdən bir parça:

... Lap elə açıq-aşikar,
Bir yol da qoymur gizlinə.
Sürünə-sürünə gəlir
Düşür əlimə, dizimə -
Yalana bükülü adamlar...

 





06.10.2019    çap et  çap et