525.Az

Akademik İsa Həbibbəyli missiyası: azərbaycançılıq, analitiklik və kreativlik


 

Akademik İsa Həbibbəyli missiyası: <b style="color:red">azərbaycançılıq, analitiklik və kreativlik</b>

İsa Həbibbəyli müasir Azərbaycan elminin və mədəniyyətinin korifeylərindən biridir. Humanitar elm sahəsində şəriksiz nüfuza malikdir və fəaliyyətinin çoxplanlılığı ilə diqqəti cəlb edir.
 
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsi başda olmaqla, bir çox əhəmiyyətli komitə və komissiyaların sədridir.

İsa müəllimə bu qədər çətin, ciddi və məsuliyyətli işlərin etibar edilməsinin səbəbi keçdiyi həyat yolunda özünü fədakar, eyni zamanda, istedadlı, təşəbbüskar, yaradıcı bir insan kimi təsdiq etməsidir. Təhsil illərindən istedad və çalışqanlığı ilə diqqəti cəlb edən İsa Həbibbəyli analitik düşüncəyə malik olduğunu və kreativliyini Naxçıvan Dövlət Universitetində rektor kimi çalışdığı illərdə tam aydınlığı ilə üzə çıxardı və sübut etdi. Onun rəhbərliyə başladığı illərdə universitet sovet ordusunun təhsil üçün bir o qədər də yararlı olmayan köhnə hərbi kazarmasında yerləşdirilmişdi və burada yalnız bir neçə ixtisas üzrə müəllimlər hazırlanırdı. 1996-2013-cü illərdə, rektorluğu dövründə İsa müəllim Naxçıvan Dövlət Universitetini təsəvvürə gətirilməyəcək dərəcədə dəyişdirdi. Universitet məhz onun təşəbbüskarlığı, rəhbərliyi və dövlətdən aldığı dəstəklə yeni korpuslar, laboratoriyaların təchizatı, ixtisasların çoxşaxəliliyi, müasir tipli tələbə yataqxanası, elektron kitabxana, yüksək səviyyəli nəşriyyat və başqa imkanları ilə respublikanın bütün universitetlərindən yaxşı mənada fərqləndi, birincilik nümayiş etdirdi. Ermənistanın törətdiyi münaqişə və torpaqlarımızın işğalı nəticəsində blokadada olan Naxçıvanın çətin şəraitdə elm və təhsil sahəsində beynəlxalq əlaqələrini inkişaf etdirdi - Türkiyə Cümhuriyyətinin, Fransa, Misir Ərəb Respublikası, İran İslam Respublikasının, Rusiyanın bir sıra universitetləri ilə qarşılıqlı əlaqələr yaradıldı, əməkdaşlıq müqavilələri imzalandı. Ən əsası blokadada olan Naxçıvan üçün yüksək səviyyəli mütəxəssislər yetişdirildi. Naxçıvan Dövlət Universiteti böyük bir struktur kimi kiçik universitetlərin birliyinə, ittifaqına çevrildi.

Naxçıvanda rektor vəzifəsində işlədiyi müddətdə İsa müəllim elmin, təhsilin, mədəniyyətin patriarxı kimi tanındı, ziyalıları öz ətrafında cəmləşdirdi; Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin, AMEA-nın Naxçıvan bölməsinin, teatrın, muzeylərin, mətbuatın inkişafında öz dəyərli tövsiyələri ilə yaxından iştirak etdi. MR-in ictimai-siyasi həyatında da fəal rol oynadı. 1998-2005-ci ildə Naxçıvan MR Ali Məclisinin, 2005-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı seçildi. Akademik İsa Həbibbəylinin çoxmasştablı fəaliyyəti, analitik-yaradıcı yanaşmaları, təşəbbüskarlığı nəzərə alınaraq o, mərkəzə, Bakıya dəvət olundu. Artıq Azərbaycanın elm, təhsil, mədəniyyət sahələrində İsa müəllim çox yaxından iştirak edir və onun varlığı öz müsbət nəticələrini göstərir. Azərbaycanın müxtəlif elmi və mədəni qurumları arasında yaxın əlaqələrin yaranmasında akademik İsa Həbibbəylinin müstəsna xidmətləri var; AMEA bu əlaqələri öz ətrafında mərkəzləşdirib - Akademiya və Azərbaycan Yazıçılar Birliyi, Akademiya və Akademik Teatr, Akademiya və universitetlər, orta təhsil müəssisələri, Akademiya və Respublika kitabxanası və başqa qurumlar tez-tez birgə layihələr gerçəkləşdirirlər.

Müasir dünyada elmlərarası münasibətlərin güclənməsinə verilən əhəmiyyət AMEA-da diqqət mərkəzində saxlanılır; bölmələrin və institutların birgə tədbirləri keçirilir, tədqiqatlar əlaqələndirilir. Bu sahədə son illər Akademiya maraqlı və unikal bir mövzuya həsr olunmuş konfranslar silsiləsi ilə diqqəti cəlb edir. Bu, akademik İsa Həbibbəylinin təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə keçirilən "Fizika və lirika" konfranslarıdır. "Fizika və lirika" uğurlu bir formul olaraq, simvolik mənada humanitar və dəqiq elm sahələrini, bədii yaradıcılığı, sənətkarlığı əlaqələndirir. Biri beynəlxalq olmaqla 6 "Fizika və lirika" konfransı keçirilmiş və hər il davam etdirilməsi nəzərdə tutulmuşdur.

AMEA-nın ictimai və humanitar bölməsi üzrə vitse-prezident vəzifəsini də daşıyan İsa Həbibbəyli Akademiyanın müasirləşməsi və hazırkı modelinin qorunub saxlanması, aktivləşməsi sahəsində xeyli iş görüb. Humanitar və ictimai sahələrə aid verilən dövlət sərəncamlarının, qərarlarının yerinə yetirilməsinə rəhbərlik məsuliyyəti İsa müəllimə aidir. Bundan başqa, humanitar və ictimai elmlər arasında üfüqi və şaquli əlaqələr yaratmaq, problemlərin həllində onların birgə fəaliyyətini və inteqrasiyasını təmin etmək kimi fəaliyyət proqramlarının hazırlanması, həyata keçirilməsi məsələləri də İsa müəllimin vitse-prezident olduğu sahəyə aiddir. Bu bir gerçəkdir ki, Humanitar və İctimai elmlərin problemlərə bu qədər fəal müdaxiləsi, əlaqələndirilməsi əvvəllər heç vaxt akademik İsa Həbibbəylinin dövründə olduğu səviyyəyə çatmamışdır.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri kimi bu sahədə dövlət siyasətinin formalaşmasına, elm, texnika, təhsil, peşə hazırlığı, ixtiraçılıq və patent hüququ, informatika və informasiyanın mühafizəsi, dil, din, kütləvi informasiya sahələri üzrə qanun layihələrinin hazırlanmasına, ekspertlər tərəfindən rəyləşdirilməsinə İsa müəllimin uğurlu rəhbərliyi də onun şəxsi keyfiyyətləri və analitik yanaşmasının nəticəsidir. Hazırlanan qərar və layihələrdə Azərbaycanın dövlət və milli maraqlarının qorunması diqqət mərkəzində saxlanılır, dövlətçiliyin möhkəmlənməsi, elm və təhsilin inkişafı əsas prioritet kimi dəyərləndirilir.

İlk növbədə ədəbiyyatşünas alim kimi tanınan İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin olunduqdan (2013-cü il) sonra bu İnstitutun həyatında çox mühüm dəyişikliklər yaranıb. İnstitutdakı süstlüyə və ətalətə son qoyulub. Sovet rejimi dağıldıqdan sonra humanitar və ictimai elmlərdə, o cümlədən, ədəbiyyatda yeni tədqiqatların sistemləşdirilməsi və istiqamətləndirilməsi işində bir boşluq yaranmışdı, yeni mexanizmin formalaşması gecikirdi. Azadlıq eyforiyasına qapılıb, boşluğa düşən bir qrup tədqiqatçılar elmi normalar və yeniliklərə laqeydlik göstərir, nailiyyətlər bir-biri ilə əlaqələndirilmirdi. İsa müəllim vitse-prezident kimi humanitar və ictimai elmlər sahəsində bu mexanizmin yaranıb, işləklik qazanmasına rəhbərlik etdiyi kimi Ədəbiyyat İnstitutunda da əməkdaşların fəallaşması, tədqiqatların elmdaxili və elmlərarası inteqrasiyasının təminatının proqramlaşdırılması və yerinə yetirilməsi sahəsində xeyli işlər gördü və həmin fəaliyyət bu gün də uğurla davam etdirilməkdədir. Onun demokratik prinsiplərə əsaslanan idarəçiliyi hesabına institutumuzda hər kəs öz araşdırmalarından əldə etdiyi müddəaları cəsarətlə irəli sürə bilir.

İsa Həbibbəyli ədəbiyyatşünas alim kimi akademik adını və titulunu lazımınca təsdiq edib, qoruyur. O, poetika problemləri, ədəbi-tarixi proses, ədəbi mühit, ədəbiyyat tarixinin dövrləşdirilməsi, ədəbiyyat və dövlətçilik münasibətlərində ədəbiyyatın funksiyası, ədəbi təsir kateqoriyasının üfüqlərinin yenidən müəyyənləşdirilməsi istiqamətində apardığı tədqiqatlar və irəli sürdüyü müddəalarla elmi fikrimizi xeyli zənginləşdirmişdir.

Akademikin yaradıcılığında diqqəti cəlb edən əsas cəhətlərdən biri onun verdiyi müxtəlif tipli elmi təsnifatlardır. Nəzəri fikrin əsaslılığı, ümumiləşdirmə gücü, fraqmentallığı, elmi yekunu ən mükəmməl şəkildə klassifikasiylarada üzə çıxır. Eyni zamanda, alimdən cəsarət tələb edir, çünki burada müəyyənləşdirilən tip, şöbə, növ, sahə, istiqamət və digər nəzəri problemlərin müddəaları birbaşa müzakirələrə və mübahisələrə yol açır, dözümlülük tələb edir. Bu məqamda təkcə humanitar baxış yetmir, həm də riyazi təfəkkür rol oynayır, fərqli elm sahələrinin metodlarından xəbərdarlıq tələb olunur. Klassifikasiya ümumidən xüsusiyə, xüsusidən ümumiyə hərəkətliliyi, dinamikanı göstərməklə irəli sürülən nəzəriyyənin fəlsəfi təməlini möhkəmləndirir.

İlk elmi məqalələrindən başlayaraq, fərqli münasibət və elmi nəticələr sərgiləyən alim, hələ birinci monoqrafiyasında üzərində tədqiqat apardığı mövzu ilə bağlı yeni tipli bir əsər meydana gətirərək özünün ədəbiyyatşünas kimi gələcəkdə görəcəyi işlərin perspektivlərini canlandırır. Yazıldığı dövrdən elmi nailiyyətə və istinad qaynağına çevrilən bu əsərdə - "Romantik lirikanın imkanları"nda (Bakı, Yazıçı 1984) sistemli təsnifatlarla rastlaşırıq. XX əsrin əvvəllərində yaranmış romantik lirikanın mövzu dairəsi, ideya istiqaməti, lirik-poetik formaların inkişafı, məcazlar sistemi, üslubla bağlı məsələlər tədqiqatın əsas problemlərinin sistemini təşkil edir və müəllif bu problemlərin də ayrı-ayrılıqda təsnifatını aparır. Həmin təsnifatlarda diqqəti cəlb edən əsas cəhət isə alimin gətirdiyi yeniliklər və dəqiqləşmələrdir. Məsələn, "Romantik lirikanın mövzu dairəsi və ideya istiqaməti" fəslində istiqamətlərin tipoloji klassifikasiyası belə müəyyənləşdirilir: "1. Sosial-fəlsəfi lirika. 2. Əxlaqi-tərbiyəvi, yaxud maarifçi lirika. 3. Aşiqanə məhəbbət lirikası". Diqqət yetirdikdə, hər bir ifadədə ədəbi mənzərəyə uyğun dəqiqləşmə özünü göstərir. Bu təsnifatda müəllifin əxlaqi-tərbiyəvi, yaxud maarifçi lirika, eləcə də aşiqanə və məhəbbət lirikası ifadələrini qoşa şəkildə istifadəsi təsadüfi deyil; çünki hər bir istiqamətdəki ifadələrin birgəliyi həm də fərqləndirmələrin göstəricisidir. Həmin eyniliklər və fərqliliklər isə tədqiqatda öz ifadəsini lazımi səviyyədə tapa bilir. Hər bir istiqamətə dair tədqiqlər belə öz daxili bölgüsü ilə bir çox yeni müşahidə və münasibətləri əks etdirir. Məsələn, sosial lirikanın içərisində vətən lirikasının, romantik vətən lirikasının içində peyzaj lirikasının tutduğu yer konkretləşir. Baxmayaraq ki, klassik şeirdə şəhər peyzajının əsas olduğu şəhrəngiz şeirləri var idi, məhz bu tədqiqatda ilk dəfə ədəbi-nəzəri fikrimizdə şəhər peyzajından bir bədii-nəzəri anlayış kimi XX əsr romantik Azərbaycan poeziyasına istinadən İsa Həbibbəyli söz açdı.

"Poetik formalarda novatorluq" fəslində ədəbi mühitin faktlarına söykənən yeni təsnifatlarla rastlaşırıq. Xüsusilə, "Yeni poetik formalar" istiqamətininin nəzəri əsaslandırılması zamanı müəlifin nə qədər zəngin bədii faktlarla işləməsinin, geniş nəzəri biliklə yeni elmi mülahizə və müddəalarla çıxış etməsinin bir daha şahidi oluruq.

Müəllif yalnız təsnifat verməklə kifayətlənmir, həm də ədəbiyyatşünaslığın struktrunda yeni istiqamətlərə yol açır. Problemə əlaqəli və sistemli yanaşma o qədər yeni şaxələri üzə çıxarır ki, mövcud mənzərənin heç də indiyədək qəbul edilmiş vəziyyətdə olmadığının şahidi oluruq.

Ədəbiyyatımızda əsrlər boyu davam edən romantik ənənələrin romantizm ədəbi cərəyanında Qərb texnologiyası ilə sintezləşərək yeni mərhəldə də inkişafa zəmin verdiyi müddəası ilə çıxış edən alim araşdırmaya cəlb etdiyi mətnlərlə yeniliklərin dolğun mənzərəsini yaradır. Akademik burada da yeni baxış sərgiləyərək, fərqli, indiyə qədər görmə sahəsindən uzaqda qalan mənzərəyə diqqət çəkir və özündən sonrakı tədqiqatçıları həmin sahəyə dəvət edir. Müəllifin yeni nəzəri baxışının ortaya çıxardığı məqamlara diqqət yetirək; yeni romantik ədəbiyyatın məzmununda aparıcı yeri olan vətən, hürriyyət, millət eşqindən, şairlərin bu hissləri oyatmaq, tərbiyə etmək, şüurlara yerləşdirmək cəhdindən bəhs edərkən istər-istəməz həm maarifçiliyin, həm də romantizmin yeni tipologiyasına ehtiyac olması qənaətini formalaşdırır; Şərq romantikası və romantizm vəhdəti prinsipi ilə çıxış edərkən də axtarış və sistemləşdirmələrə yol açır; Qərbdən gələn poetik formaların qazandığı milli və fərdi keyfiyyətlərdən söz açdıqda milli zəminin unudulmaması şərtini şüar deyil, fakt olduğunu qeyd edir və burada da elementlər sintez olunur, sistemləşdirilir, nisbi dominantlıq probleminə aydınlıq gətirmək istiqamətində yeni araşdırmalara yol açır. Bununla, hələ ilk kitabdan İsa Həbibbəylinin nəzəri görüşlərinin yaradıcılıq gücünə malik olduğunu görürük. Bu, bir daha yeni bir ədəbiyyatşünaslıq məktəbinin üfüqdə görünməsindən xəbər verir.

Alimin "Ədəbiyyat nəzəriyyəsi" dərs vəsaiti də konseptual yanaşma nümunəsi, bu sahədəki irəli sürülən perspektivlərin proqramı, təsnifatlar sxemidir. "Ədəbiyyat nəzəriyyəsi" kitabında İsa Həbibbəylinin ədəbiyyatın müxtəlif anlayışlarına dair tərifləri və bölgüləri verilmişdir. Bu, mükəmməl bir ədəbiyyat nəzəriyyəsi dərsliyinin modelidir.

İsa müəllimin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələrində son dərəcə maraqlı, yadda qalan, yeni araşdırma və müzakirələrə yol açan təsnifatların şahidi oluruq. Bu baxımdan onun "Ədəbiyyatşünaslıq elminin şöbələrinə yenidən baxış" və "Satira ədəbi növ kimi" məqalələri işıq üzü gördüyü andan böyük marağa səbəb oldu. Hər şeydən əvvəl, bu məqalələrdə gündəmə son dərəcə aktual problemlər gətirilmişdi. Bu, ədəbi-nəzəri fikrimizin müasir dünya ədəbiyyatşünaslığının problemləri ilə inteqrasiya olunması baxımından da yeni və əhəmiyyətli problemlər idi.

Akademikin nəzəri təsnifatlarında ədəbiyyat tarixinin və ədəbiyyatşünaslığın dövrləşdirilməsinin xüsusi əhəmiyyəti var. Onun bu təsnifatlarının təməli ilk elmi yaradıcılıq fəaliyyətindən rüşeymləşməyə başlamışdır.

İsa Həbibbəyli hələ ilk elmi əsərlərində nümayiş etdirdiyi fakta istinadın vacibliyi məsələsini ədəbiyyat tarixinin dövrləşdirilməsində də tətbiq edir. Alimə görə, ədəbi mühit, ədəbi cərəyan, üslub, janr əlvanlığı və dinamikliyi, ədəbi təsir, ədəbiyyat və mədəniyyət, ədəbiyyat və tarix, ədəbiyyat və dil, ədəbiyyat və fərqli elm sahələri, eləcə də digər amillər və s. diqqətlə araşdırılmadan ədəbiyyat tarixinin dövrləşdirilməsində düzgün elmi nəticənin əldə edilməsi qeyri-mümkündür.

Ədəbiyyat tarixinin dövrləşdirilməsi konkret yazıçının yaradıcılığı, konkret bir mərhələnin xüsusiyyətləri üzərində aparılan sistemli araşdırma və təsnifat prosesindən keçməyi tələb edir. İsa müəllim bu yolu Cəlil Məmmədquluzadənin yaradıcılığı və XX əsr Azərbaycan ədəbiyyatı üzərində tədqiqatlar ilə keçdi.

Tədqiqatçı öz predmetinə fərqli kontekstlərdən nəzər salır. Ədəbi mühit anlayışına bir kateqoriya kimi yaxınlaşan alim, mühitin əsas amillərini, şəxsiyyətləri dövrün aparıcı siması ilə əlaqələndirərək izah edir. Dahi yazıçının dünyagörüşünün və yaradıcılığının formalaşmasına təsir edə bilən amillərin, yazıçının özünün fəlsəfəsinin, ideya və ideologiyasının, mühit və yazıçı, müasirlər arasında qarşılıqlı əlaqələrin kompleks proqramını təqdim edən alim yenə də ədəbiyyat nəzəriyyəsi üçün əhəmiyyətli olan bir sıra prinsiplərin müəyyənləşməsinə nail olur. Tədqiqatın qarşısında duran vəzifələrin təsnifatı artıq ədəbi mühit və yazıçı probleminə bütöv baxışı təmin edən nəzəri proqramdır. Bu tədqiqatla İsa müəllim ədəbiyyat tarixinin mirzəcəlilşünası, nəzəriyyənin mühitşünası (həm də ilk mühitşünas) kimi tanındı; tədqiqat modeli formalaşdırdı. Ondan sonra Cəlil Məmmədquluzadədən və ədəbi mühitdən yazan hər bir tədqiqatçı araşdırmaya İsa həbibbəyli prinsiplərinin təyin etdiyi trayektoriyadan başladı.

Akademik İsa Həbibbəyli nədən, hansı mövzudan, kimdən yazırsa-yazsın onun ən başlıca qayəsi azərbacançılıqdır. Azərbaycançılıq və elmilik, nəzəri səciyyə İsa Həbibbəylinin əsas amalı və məqsədidir. Onun hazırladığı və çap etdirdiyi azərbaycançılıq konsepsiyası bu istiqamətdə meydana çıxmış əhəmiyyətli siyasi-ədəbi təlimdir. Bu, İsa Həbibbəylinin yanaşma metodunun meyarıdır.

İsa Həbibbəyli ədəbiyyat tarixindən yazarkən də dəqiqləşdirmələri və ümumiləşdirmələri, təsnifatları ilə diqqəti cəlb edir. Onun bir neçə dildə işıq üzü görüb, beynəlxalq miqyasda ədəbiyyatımızın təbliğinə xidmət edən "XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı" əsərinin annotasiyasında göstərilir ki, "Kitabda XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan yazıçı və şairlərinin, tənqidçi və ədəbiyyatşünaslarının həyatı və yaradıcılığının əsas tarixləri, tərcümeyi-hal göstəriciləri, yaradıcılıq yolu öz əksini tapmışdır". Kitabla tanışlıq isə annotasiyada vəd olunanın daha artığı ilə bizi qarşılaşdıraraq yaradıcılıq yolunun öyrənilməsinin hansı şərtlər daxilində mükəmməlliyini göstərir. Yazıçı tərcümeyi halını bütün mühüm faktları ilə təqdim edən müəllif, eyni zamanda, onların yaşadığı dövrün, tarixin də "tərcümeyi-halını" unutmur, zəruri şərt kimi yazıçı və tarix tərcümeyi-halını bir-biri ilə əlaqədə, vəhdətdə təqdim edir. Bundan başqa, onların ailə xəttini izləyir, həyat yoluna nəzər salır, mənsub olduqları "ədəbi ailələrin", ədəbi məktəblərin içərisində də tutduqları şəxsi mövqe və ədəbi taleləri haqda dolğun təsəvvür yaradır.

Ədəbiyyat tarixinin dövrləşdirilməsi ədəbiyyat tarixinin nəzəri problemidir. Daha doğrusu, nəzəri konsepsiyasız ədəbiyyat tarixinin dövrləşdirilməsi mümkün deyil. Müstəqillik dövründə bu, ədəbiyyatşünaslığımızın həll olunması vacib olan aktual məsələlərindən biridir. Dövrləşdirmədə müəyyənləşdirilən mərhələlər, eyni zamanda, Azərbaycan ədəbiyyatının qədimliyini, mədəniyyət sivilizasiyalarının formalaşmasında rolunu, dünya ədəbiyyatları içərisində özünəməxsusluğunu, dinamikliyini, canlılığını, zənginliyini sübut edir.

Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatının ayrılmaz tərkib hissəsi hesab edən akademik, eyni zamanda, ortaq türk ədəbiyyatının dövrləşdirilməsi problemi üzərində də araşdırmalar aparıb, layihələr təqdim edir. Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında İsa müəllimin "Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası" mövzusunda məruzəsi geniş müzakirə olunmuş və yüksək qiymətləndirilmişdir. "Geniş müzakirələrdən sonra "Ortaq türk ədəbiyyatı" dərsliyi üçün ilkin layihədə təqdim olunan dövrləşmələrin təxmini bölgüsü əvəzinə akademik İsa Həbibbəylinin təklif etdiyi türk xalqlarının min ildən çox dövrü əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks etdirən 6 mərhələ üzrə dövrləşdirilməsi haqqındakı prinsiplər məqbul hesab edilib". Ortaq türk ədəbiyyatının dövrləşdirilməsi, eyni zamanda, bu ədəbiyyatın tarixinin öyrənilməsinin metodoloji əsaslarını və ədəbi-tarixi prosesin nəzəri prinsiplərini təmin edir.

"Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" (dövrləşmə) monoqrafiyasında İsa müəllim əsas tədqiqat istiqaməti kimi Azərbaycan ədəbiyyatını götürsə də, müvafiq məqamlarda türk xalqları ədəbiyyatlarında yaşanan tipoloji uyğunluqları da nəzərdən qaçırmır. Eyni zamanda, problemin qoyuluşu ilə əlaqədar milli ədəbiyyatşünaslığımızın formalaşması və inkişaf mərhələləri problemini də tədqiq edir, faydalı elmi müddəalar irəli sürür.

Dövrləşmə konsepsiyasında, faktları dəyərləndirmə, yerləşdirmə prinsipləri bu konsepsiyanın elmi istinad və mənbə kimi imkanlarını genişləndirir. Qədim ədəbiyyat anlayışı və ədəbiyyatlararası ortaqlıqlar, konvergentivlik problemi, erkən realizm məsələsi ilə bağlı irəli sürülən müddəalar hər bir xalqın, xüsusən də türk, Şərq xalqlarının ədəbiyyatşünaslığı üçün əhəmiyyətlidir. 1960-cı illər Azərbaycan ədəbiyyatında modernizmin varlığını əsaslandırmaq, müstəqillik dövrü ədəbiyyatında çoxmetodluluğun mövcudluğunu göstərmək kimi nəzəri məsələlər bütöv postsovet məkanına şamil oluna bilər. Eləcə də, bu tədqiqat modernizmin, dekadentizmin, postmodernizmin və sair ədəbi cərəyanların tipologiyası ilə məşğul olan hər hansı bir ədəbiyyatşünas üçün ciddi elmi qaynaq sayıla bilər.

İsa Həbibbəylinin ədəbiyyat nəzəriyyəçisi kimi fəaliyyətinin əsas istiqamətlərindən birini ədəbiyyat və dövlətçilik problemi sahəsində apardığı araşdırmalar və irəli sürdüyü nəzəri müddəalar təşkil edir. Problemə müstəqil dövlətçilik, milli şüur və milli mədəniyyət, azərbaycançılıq nöqteyi-nəzərindən yanaşan Akademik bu məsələni ya ayrıca tədqiqat predmetinə çevirmiş və yaxud fərqli araşdırmalarında, çıxışlarında onu metodoloji prinsip kimi diqqət mərkəzində saxlayaraq inkişaf etdirmişdir.

Azərbaycançılığın bir ideologiya kimi təşəkkülünü publisistika ilə, ədəbiyyatla, mədəniyyətlə əlaqələndirən İ.Həbibbəyli onun siyasi ideologiyaya və dövlətçilik proqramına çevrilməsini Heydər Əliyevin fəlsəfi konsepsiyası ilə əlaqələndirir, daha doğrusu, Ümumilli liderin kəşfi hesab edir. Ədəbiyyat və dövlətçilik probleminə də bu istiqamətdə yanaşır.

İsa Həbibbəylinin nəzəri görüşlərində ədəbi təsir probleminin yenidən dəyərləndirilməsi, miqyasının genişlənməsi məsələsi ilə bağlı irəli sürdüyü müddəalar və fikirlər də diqqəti cəlb edir. Onun üçün təsir təkcə ənənə və ədəbi əlaqədən ibarət deyil. Problemə həm ənənəvi, həm də müasir multidissiplinar mövqedən yanaşan alim əlaqə probleminin aspektlərinin xeyli genişləndiyini müşahidə edir və özü yeni üfüqlərin daha da açılması üçün elmi, əməli fəaliyyət göstərir.

Akademik İsa Həbibbəyli nəzəri müddəalar irəli sürüb onları uğurla gerçəkləşdirməyi bacaran ədəbiyyatşünasdır. O, ədəbiyyatımızın keçdiyi yolu və gələcək inkişaf istiqamətlərini aydın görə və onun parametrlərini cızıb göstərə bilir. Bu, İsa Həbibbəylinin nəzəriyyəçiliyinin mahiyyətindən irəli gəlir və o, passiv nəzəriyyəçi deyil. Qurduğu konsepsiyanın tətbiqini və fəaliyyət mexanizmini də müəyyənləşdirir; tədqiqat planları, elmi əsərlər, çıxışlar, məruzələr, İnstitutun strukturunun yenidən qurulması, əməkdaşların vəzifələrinin qabiliyyət və istedadlarına uyğun müəyyənləşdirilməsi, beynəlxalq və yerli əlaqələrin yaradılması, elmi araşdırmaların nəşrinin təmini, yeni jurnalların təsisi və s. Bütün bunlar İsa müəllimin nəzəriyyə və praktikanı yüksək səviyyədə əlaqələndirə bilən ədəbiyyatşünas obrazının əsas cizgiləridir.

Tahirə MƏMMƏD
Filologiya elmləri doktoru, professor

 





07.10.2019    çap et  çap et