525.Az

Balakəndən olan çağırışçılar hərbi xidmətə yola salınıblar


 

Balakəndən olan çağırışçılar hərbi xidmətə yola salınıblar<b style="color:red"></b>

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.

Oktyabrın 7-də Balakən rayonunda keçirilən yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Balakən rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Balakən rayon şöbəsinin rəisi, polkovnik-leytenant Sadiq İsmayılov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini onların diqqətinə çatdırıb.

Valideynlər adından çıxış edən Sevinc İsgəndərova xalqımızın qüdrətli Azərbaycan Silahlı Qüvvələrinə inamının böyük olduğunu diqqətə çatdırıb, övladlarını hərbi xidmətə fəxrlə yola saldıqlarını deyib.

Digər dövlət orqanlarının, veteran təşkilatlarının nümayəndələri çıxış edərək möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə həyata keçirilən islahatlardan danışıb, çağırışçılara işğal altında olan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıblar.

Çağırışçılar adından danışan Fuad Əliyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə, Azərbaycan əsgərinə olan etimadı doğruldacaqlarına söz verib. 

Konsert proqramı ilə davam edən tədbirin sonunda çağırışçı gənclər Azərbaycan bayrağını öpərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

 





08.10.2019    çap et  çap et