525.Az

Tarix İnstitutunun nümayəndə heyəti Bolqarıstanın Şumen Universitetində


 

Tarix İnstitutunun nümayəndə heyəti Bolqarıstanın Şumen Universitetində<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetində olub.

Tarix İnstitutundan “525”ə verilən məlumata görə, tarixçilərimiz Şumen Universitetinin rektoru, professor Habil Georgi Kolev ilə görüşüb, geniş fikir mübadiləsi aparıblar.

Görüşdə H.G.Kolev iki dəfə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən və dövlət başçımız İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratlardan söz açıb. O bildirib ki, Şumen Universiteti Tarix İnstitutu ilə geniş əlaqələr qurmaq niyyətindədir: “Yaxınlarda fakültənin Elmi və universitetin Akademik şuralarında humanitar elmlər fakültəsi ilə Tarix İnstitutu arasında əməkdaşlıq protokolunun imzalanması barədə qərar qəbul olunacaq”.

Y.Mahmudov Tarix İnstitutunun nümayəndə heyətinin Bolqarıstanın Yambol şəhərində keçirilən “Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” adlı beynəlxalq konfransda iştirak etməsindən danışıb. Deyib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: “Biz iki qardaş xalqın - Azərbaycan və bulqar xalqlarının ortaq tarixi keçmişi və Bulqar türk dövləti haqqında birgə tədqiqatlar aparmaq arzusundayıq. Alimlərimiz arasında qarşılıqlı elmi mübadilənin olmasını, magistrantlarımız və gənc tədqiqatçılarımızın bir-biri ilə sıx əlaqələr qurmasını istəyirik”.

Nümayəndə heyəti, həmçinin, Azərbaycan-Bolqarıstan əlaqələri tarixi və iki qardaş xalqın etnogenetik kökləri barədə ətraflı məlumat verib. Alimlərimizin məlumatları universitetin rektoru və görüşün digər iştirakçıları tərəfindən böyük maraq və razılıqla qarşılanıb.

Əldə olunan razılığa əsasən, tərəflər müvafiq müqavilənin mətnini hazırlayıb bir-birinə göndərəcəklər.
Sonda rektora Qarabağın, İrəvan xanlığının tarixinə və erməni vandallarının məhv etdikləri tarixi abidələrimizə həsr olunan əsərlər təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Georgiyev Tarix İnstitutunda olub və görüşdə iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması da qərara alınıb.
 





08.10.2019    çap et  çap et