525.Az

Əflatun Amaşov: "Gözləntilər də çoxdur, görülməli işlər də"


 

Əflatun Amaşov: "Gözləntilər də çoxdur, görülməli işlər də"<b style="color:red"></b>

“Davamlılıq prizmasından yanaşsaq, gözləntilər də çoxdur, görülməli işlər də”

 
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi
 
- Mətbuat Şurası yarananadək «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri olmusunuz. Qurumun indi də təqdim olunan «Jurnalistlərin dostu» mükafatı məhz sizin sədr kimi fəaliyyətə başlamanızdan sonra təsis edilib. Sizcə, bu mükafat nə dərəcədə önəmli oldu?
 
- «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin «Jurnalistlərin dostu» mükafatı 1997-ci ildə təsis edildi. Bildiyiniz kimi, obyektiv amillər səbəbindən həmin dövrdə cəmiyyətdə gərginlik hökm sürürdü. Dövlət suverenliyini yenicə əldə etmiş ölkə üçün saysız-hesabsız problemlər haradasa təbii sayıla bilərdi. Hamının müstəqilliyə bəlli gözləntilərlə yanaşması da həmçinin.
 
İstəklər heç də həmişə gerçəkləşmirdi. Nəticədə müəyyən mənfi meyllər müşahidə olunurdu. Özünü hər şeyin bir göz qırpımındaca düzələcəyinə kökləyənlərin fəallıqları bəzən aşkar konfrantasiyalar doğururdu. O dövr üçün rasional düşünmək bəlkə də mümkünsüz idi. Və mövcud dolaşıq labirintdə mənafelərin toqquşması qaçılmaz reallığa çevrilirdi.
 
Media təbiətinə uyğun olaraq baş verən proseslərin mərkəzində dayana bilirdi. Amma cəmiyyətdə qütblər arasındakı gərginlik jurnalistlərə də xeyli dərəcədə sirayət etmişdi. Kütləvi informasiya vasitələri ölkədə yığılıb qalmış problemləri həll etmək məsuliyyətini daşıyan, eləcə də prosesə hansısa formada təsir mexanizminin olduğu güman edilən şəxslərə qarşı daha tələbkar idilər, daha çox şeyi umurdular. Əksər hallarda tələbkarlığın özü də qarşıdurmalara gətirirdi, münasibətlər qeyri-peşə müstəvisinə daşınırdı. Bəzən təxribat predmetli olaylar yaşanırdı.
 
Ümumən ziddiyyətlərin davamlı xarakter alması nə cəmiyyətə, nə də onun tərkib hissəsi sayılan jurnalistikanın özünə xeyirliydi. Toplumda sanki barış mesajına ehtiyac duyulurdu. Hesab edirəm ki, «Jurnalistlərin dostu» mükafatının təsisi bu mənada əhəmiyyətli rol oynaya bildi. Mesajın ölkənin tanınan, media cameəsinin önündə gedən «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən verilməsi önəmliydi.
 
- Ziddiyyətlərdən söz açdınız. Sizcə, mükafatın təqdimatına başlanılması nəyi dəyişdi?
 
- O dövrün prizmasından yanaşaraq konkret nələrin fərqli şəkil aldığını birmənalı qaydada söyləmək çətindir. Təbii, mükafatın hər şeyi göz qırpımındaca dəyişəcəyini düşünmək doğru olmazdı. Ümumən tarix boyu həyatın özü anidən dəyişən mənzərələrdən faydalanmayıb. Mövcud anlamda medianın və cəmiyyətin fantastik uduşunu proqnozlaşdırmaq sadəlövhlük olardı. Jurnalistlərin tənqid hədəfinə çevrilən məmur, ictimai-siyasi xadim kontingentinin də bir proseslə dəyişəcəyini təsəvvürə gətirmək mümkünsüz idi. Ancaq «Jurnalistlərin dostu» nümunə və belə deyərdim ki, ənənənin başlanğıcıydı. Bu ənənə bir daha deyim, ümumən Azərbaycan cəmiyyətinə ünvanlanmış barış mesajı idi və bir növ, qayəsi səmimiyyətlə yoğrulmuşdu. Barış əlini uzadan jurnalistika idi və o öz böyüklüyünü nümayiş etdirirdi.
 
Digər tərəfdən, «RUH»un mükafatı eyni zamanda jurnalistikanın özünün özünə verdiyi qiymət idi. Jurnalistlərlə dost olmağın prinsiplərini açıqlayırdı. Həmin prinsiplər əslində demokratikləşməni hədəfləyən hər bir cəmiyyətin fundamental dəyərləridir. Qurumun 20 dekabr 1997-ci ildə keçirilmiş iclasında qəbul edilmiş əsasnamədə də göstərilir ki, «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaq məqsədilə özünün «Jurnalistlərin dostu» mükafatını təsis edir.
 
- 1997-ci ildən sonranın, yəni «Jurnalistlərin dostu» mükafatının təsisinin Azərbaycanın media məkanında baş verən proseslərə hansısa müsbət çalarlar gətirdiyini söyləmək olarmı?
 
- Mükafatın ictimai yükü böyük idi. 1998-2001-ci illər ərzində onun təntənəli təqdimatları müsbət qarşılandı. Ancaq hesab edirəm ki, dövrün mətbu mənzərəsini canlandırarkən ilk növbədə 1998-ci ildən sonra götürülən xətti vurğulamaq zəruridir. Həmin il prezident fərmanı ilə Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirrini mühafizə edən Baş İdarənin fəaliyyətinə son qoyulması tamamilə yeni mərhələ açdı. Həmin mərhələdə senzura artıq yox idi. Ancaq təkcə senzura aradan qaldırılmadı, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış, «Jurnalistlərin dostu» mükafatının  əsasnaməsində də yer almış dəyərlər prinsipial dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq əməli fəaliyyət müstəvisinə gətirildi. 1999-cu ildə «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun yeni, daha təkmil variantı hazırlandı. Sonra Mətbuat və İnformasiya Nazirliyinin ləğvi mətbuata dövlət nəzarəti mexanizmini tamamilə sıradan çıxardı. Bütün bunlar söz və mətbuat azadlığı ilə bağlı mühüm mesajlar idi və bu mesajların verilməsi son dərəcə böyük qətiyyət tələb edirdi. Nəzərə alaq ki, sadaladığım proseslər müharibə şəraitinin hələ tam sovuşmadığı ölkədə baş verirdi. Və onu da düşünək ki, söz azadlığı dövlətin milli maraqlarını təhdid edən sui-istifadə meyllərini də doğura bilərdi. Lakin ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafında bu gün də prinsipial əhəmiyyət daşıyan xəttin hansısa kənar amillərin təsiri ilə təxirəsalınmazlığını bəyan etdi. Bu, əsl qətiyyət nümayişi, böyük uzaqgörənlik idi.
 
Ümumən 1998-2001-ci illərdə Azərbaycanda KİV sahəsində aparılan islahatlar milli mətbuat ənənələrimizi bərpa etdi. Belə deyərdim ki, mətbuat Azərbaycan cəmiyyəti üçün sanki yenidən kəşf olundu. Konkret olaraq Həsən bəy Zərdabi irsinə dəyər ortaya qoyuldu. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar eyni zamanda müasirliklə tarixi keçmişin vəhdətini yaratdı. Onun həyata keçirdiyi tədbirlərə ən yaxşı səmimiyyət qarşılığı isə «Jurnalistlərin dostu» mükafatı ola bilərdi.
 
Azərbaycan jurnalistlərinin 2001-ci ildəki seçimi ölkədə gerçəkləşdirilmiş media siyasətinə real qiymət verilməsinə əsaslanırdı. Heydər Əliyev 2002-ci ilin martında mükafatın təqdimatı mərasiminə qatılmaqla, jurnalistikaya dair fikirlərini bölüşməklə, qələm sahibləri ilə fərdi söhbətlər aparmaqla nəinki o dövrün münasibətlər sistemində tamamilə yeni siyasi mədəniyyət formasını ortaya qoydu, eyni zamanda məmur-jurnalist münasibətləri üçün canlı nümunə yaratdı. Zənnimcə, ümumən cəmiyyətə bundan yaxşı mesaj ola bilməzdi.
 
- Uzun müddət «Jurnalistlərin dostu» mükafatı təqdim olunmadı. Bu nə ilə əlaqədar idi?
 
- Əvvəla, 2003-cü ildə Mətbuat Şurası yarandı və qurum formalaşması ilə ölkənin media məkanındakı bütün ağırlığı üzərinə götürdü. «RUH»un sədri Azərbaycan jurnalistlərinin I qurultayında Mətbuat Şurasının sədri seçildi. Bütün diqqət yenicə əsası qoyulmuş təşkilata yönəldi.
 
Ümumən Mətbuat Şurası ilə «RUH»un iş prinsipləri ayrıydı. «RUH» jurnalistləri qoruyurdusa, Mətbuat Şurası eyni funksiyanı daşımaqla əlaqədar sosial sifarişi yerinə yetirməklə yanaşı, müəyyən mənada cəmiyyəti jurnalistikanın görünən fəsadlarından qorumaq missiyasını üzərinə götürmüşdü. 2002-ci ildə Heydər Əliyevə «Jurnalistlərin dostu» mükafatı təqdim olunanda jurnalist ictimaiyyəti dövlət başçısının 1998-ci ildən həmin vaxtadək media sahəsində gerçəkləşdirdiyi siyasətə - senzuranın aradan qaldırılmasına, media üzərindəki dövlət nəzarətinin ləğvinə, bilavasitə azad və qayğılardan uzaq mətbu mühit quruculuğuna yönələn fəaliyyətinə münasibət bildirmişdilər. Ancaq həmin mühiti formalaşdırmaq elə də asan başa gələn proses deyildi və Mətbuat Şurasının da yaranma zərurəti bunu ortaya qoydu. Deməli, media azadlıqlarına adekvat işlər görülməli, sui-istifadə meyllərinə yol verilməməliydi.
 
Əlbəttə, Mətbuat Şurasından gözləntilər fərqliydi. Qurum müəyyən müddət müxtəlif cinahların sərt təpkisi ilə üzləşdi. Ümumən 2002-2005-ci illərdə cəmiyyətdəki gərginlik təzahürləri səngiməmişdi və siyasi olaylar mediaya təsirini göstərirdi. Mətbuat orqanları qütblərə bölünmüşdü. Problemlər çox idi. Təbii ki, «RUH»un fəaliyyətində də müəyyən durğunluqlar yaranmışdı…
 
- 2010-cu ildə «Jurnalistlərin dostu» mükafatının təqdimatının bərpası zərurətini necə əsaslandıra bilərsiz?
 
- Yuxarıda qeyd etdiyim kimi, «RUH» AJMK-nın fəaliyyətində nisbi durğunluq var idi. Bununla belə qurum işini dayandırmamışdı. Müəyyən layihələr reallaşdırırdı. Layihələrin bir qismi beynəlxalq jurnalist qurumları ilə əməkdaşlığa əsaslanırdı. Xüsusən də Cənubi Qafqazın və MDB-nin media təşkilatları ilə ortaq təşəbbüsləri olurdu. Amma məsələyə bir qədər fərqli izah verərdim.
 
2005-ci ildən sonrakı sabitlik mühitinin formalaşdırdığı qaydalar media dəyərlərini yenidən ön plana çıxardı. Elə həmin il «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qəzetlərin «Azərbaycan» Nəşriyyatına olan  borcları dövlət vəsaiti hesabına silindi. Azərbaycan milli mətbuatının 130 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Həmin ilin 22 iyul tarixində neçə-neçə həmkarımız dövlət orden və medallarına, fəxri adlara layiq görüldü. 2005-ci ildə «Əməkdar jurnalist» fəxri adı bərpa edildi. KİV sahəsində müxtəlif qanunvericilik təşəbbüsləri qaldırıldı. Götürülən sabitlik kursu dövlətə də həmin təşəbbüsləri dəyərləndirmək, özünün media siyasətinə uyğunlaşdırmaq imkanı verdi.
 
2008-ci ildə prezident sərəncamı ilə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» kimi mükəmməl sənəd ərsəyə gəldi. Bir il sonra sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Deməli, prinsipial əsaslarını Heydər Əliyevin müəyyənləşdirdiyi mediaya qayğı ənənəsi real sistemli iş mərhələsinə qədəm qoydu.
 
2010-cu ildə dövlət başçısı Azərbaycan milli mətbuatının 135 illik yubiley təntənəsi yaşandı. Bu isə o demək oldu ki, milli mətbuatımızın 125 illik yubileyinin keçirilməsi haqqında sərəncamla əsası qoyulan yubiley ənənəsi dönməz xarakter alıb. 135 illik yubiley həmkarlarımızın təltifi ilə yanaşı, mediaya dəstək göstərilməsinə əsaslanmış dövlət siyasətinin daha bir istiqamətini gündəmə gətirdi - jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet seçilməklə onların mənzillə təminatı üzərində dayanıldı. Müvafiq prezident sərəncamı ilə prosesin icrasına başlanıldı. Və bütün bu tədbirlər dövlətin media siyasətinin bariz təzahürü, yəni, medianı dinamik sahəyə çevirmək niyyəti olmaqla yanaşı, eyni zamanda qayğı ənənəsinin davamı idi. Ənənələrə sadiqlik varsa və özünü konkret işlərdə göstərirsə, o zaman media da xoş məramlı ənənəsini bərpa etməliydi. «Jurnalistlərin dostu» mükafatının yenidən təqdimatı məhz bundan qaynaqlandı. 2010-cu ildə cənab İlham Əliyev yüksək səs çoxluğu ilə mükafatın laureatı adını qazandı. 2013-cü ildə seçimin təkrarlanmasını labüd edən cəhətlər də göz önündədir. 156 jurnalist mənzillə təmin olunub, dövlət başçısı KİV təmsilçiləri üçün nəzərdə tutulmuş yeni yaşayış binasının təməlini qoyub. Ümumən gerçəkləşdirilən işlər jurnalistləri bilavasitə peşələrinə bağlayır, peşə fəaliyyətini stimullaşdırır.
 
- Sizcə, Azərbaycan jurnalistikasının hazırkı mərhələdəki vəziyyəti dövlətin media siyasətinin tələblərinə adekvatdırmı?
 
- «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda nəzərdə tutulan prinsiplər kifayət qədər mütəhərrik struktura malik media orqanlarının formalaşdırılmasını hədəf seçir. Götürülən kurs medianın institusional məzmununun formalaşdırılmasını rəhbər tutur. Proses dövlətin maraqlarından irəli gəlir. Konkret desək, dövlət istəyir ki, KİV-in cəmiyyət həyatındakı aktivliyi onun prioritet saydığı sahələrin təbliğinə daha güclü şəkildə köklənsin. Həmin sahələr sistemli qaydada konsepsiyada əksini tapır. Həm də sənəd stimullaşdırıcı rol oynayır, media orqanlarını bir növ, məhvərinə qaytarır. Onları birbaşa cəmiyyət üçün zəruri mətləblərə, mövzulara yönləndirir. Həssas məqama toxunursunuz, məsələ bu yönləndirməyə cavabın nə dərəcədə adekvat olmasındadır.
 
Əlbəttə, qısa müddət ərzində arzuladığımız mənzərənin formalaşması mümkünsüzdür. Nəhayət, məqsədimiz KİV-in özlərini tam şəkildə təmin edə biləcəkləri şəraiti formalaşdırmaqdır. Nəzərə alaq ki, Konsepsiya da medianı həmin platformaya, belə demək mümkünsə, rəvan yola çıxarmağa hesablanmış dövlət sənədidir. O, jurnalistikanı hələ də tam qərarlaşmayan bazar münasibətlərinin cəngindən qoruyur. KİV-in öz oyun qaydalarını müəyyənləşdirmək şansını tanıyır. Bu qaydalarda cəmiyyətin mənafelərinin nəzərə alınması əslində təkcə dövlətin şərti deyil, həmçinin normal media orqanının fəaliyyətinin peşəkarlıq qayəsidir. Dəstək həmin peşəkarlığa, onun formalaşdırılmasına yönəldilir ki, KİV bir zamanlar olduğutək sınağa çəkilməsinlər. Yaşamlarını sürdürmək naminə ayrı-ayrı qrup mənafelərinin təmsilçisi olaraq çıxış etməsinlər. Doğru bildiklərini, həqiqətən obyektiv səciyyə daşıyan reallıqları qələmə alsınlar, hadisə və proseslərdə məhz vətəndaş maraqlarını, bəşəri dəyərləri tərəf tutsunlar. Hesab edirəm ki, dövlət dəstəyi qısa müddət ərzində məhz bu cür fəaliyyət göstərən KİV-in sırasını kifayət qədər genişləndirdi. Mediada siyasiləşmə tempini aşağı saldı. Bütün bunlara görə medianın hazırkı səviyyəsini dövlət dəstəyinə adekvat saymaq olar. Ancaq onu da mütləq nəzərə almalıyıq ki, dövlət dəstəyinin miqyası hazırda reallaşdırılmaqda olan proseslərlə məhdudlaşmır və məsələyə davamlılıq prizmasından yanaşsaq, gözləntilər də çoxdur, görülməli işlər də.

 





28.10.2013    çap et  çap et