525.Az

Mirzə Cəlilin həyat və fəaliyyətinin Ağcabədi səhifələri - Araşdırma


 

Mirzə Cəlilin həyat və fəaliyyətinin Ağcabədi səhifələri - <b style="color:red">Araşdırma </b>

Böyük mütəfəkkir yazıçımız Mirzə Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin"in  anadan olmasının 150 illiyi ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən geniş qeyd edilir. Yubliyar haqqında mətbuatda gedən yazılarda onun ədəbi-bədii yaradıcılığı və ictimai fəaliyyəti geniş təhlil olunur.

Maraqlıdır ki, bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin bir hissəsi də Qarabağ torpağı, Ağcabədi rayonu,  Kəhrizli kəndi ilə bağlı olub. Məlumdur ki, C.Məmmədquluzadənin Ağcabədi ilə əlaqəsinin səbəbkarı Kəhrizli Əhməd bəy Cavanşirin qızı Həmidə xanım Cavanşirdir. Onlar məkanca, mənşəcə nə qədər uzaq idilərsə, məsləkcə bir-birlərinə o qədər yaxın idilər. Hər ikisinin əqidəsi, həyata, insanlara münasibəti eyni idi. Mirzə Cəlil xalqına bağlı, onun problemlərinə qarşı son dərəcə həssas olduğu kimi, Həmidə xanım da həmişə kəndlilərin tərəfini saxlayır, onların qeydinə qalır, dar ayaqda dadlarına çatırdı. Öz xərci ilə kəhrizlər qazdırır, həmkəndlilərinin əkinlərinə su verir, onlara geniş tibbi yardım göstərir, məktəb, toxuculuq emalatxanası və dəyirman açaraq yoxsul kəndlilərin ehtiyacını ödəyirdi. Məhz bu canyananlığın, xeyriyyəçiliyin və kəndlilərə belə həmdəm olmağın nəticəsidir ki, onun adı da el-oba yanında həmişə əziz tutulub, indi də qocaların dediyi kimi, "Həmdəm xanım" kimi bugünədək yaşayıb.

Mirzə Cəlillə Həmidə xanımın tanışlığı 1903-cü ildə Tiflisdə yaranıb. Belə ki, Həmidə xanım yenicə vəfat etmiş atası Əhməd bəy Cavanşirin şeirlər kitabını çap etdirmək üçün Tiflis şəhərinə gedir. O zaman Tiflisdə "Şərqi-rus" qəzetində işləyən Cəlil Məmmədquluzadə ilə tanış olur və onun köməkliyi ilə  atasının şeirləri "Asari - Əhməd bəy" adı ilə həmin il kitab halında çap edilir. Həmidə xanımın açıqfikirliliyi, həyata düzgün baxışı ədibdə ona qarşı böyük rəğbət hissi yaradır və bu mehriban ünsiyyət dörd il sonra mehriban ailə həyatına çevrilir. C.Məmmədquluzadə ilə Həmidə xanımın birgə ailə həyatı 1907-ci il iyun ayının 15-dən başlamışdı. Həmin dövrdən etibarən böyük ədib ömrünün sonunadək müxtəlif fasilələrlə Ağcabədidə - Kəhrizli kəndində yaşamışdı.

C.Məmmədquluzadənin Ağcabədiyə ilk gəlişi 1907-ci il iyun ayının əvvəllərinə təsadüf edir. O zaman o, Həmidə xanımla birlikdə Kəhrizliyə gəlib və bir neçə gündən sonra kənd camaatının iştirakı ilə ailə həyatı qurublar. Kəndin mehriban adamları gəlib Mirzə Cəlillə görüşüb, onun maraqlı suallarının müqabilində şirin söhbətə girişirdilər. O, kənd camaatının vəziyyəti, həyat tərzi ilə yaxından maraqlanaraq kənd həyatı ilə ətraflı tanış olurdu.

Mirzə Cəlil ilk gündən özünü kəndin doğma adamı kimi aparır, kənd əhalisinə qaynayıb-qarışırdı. Çox keçmədən o, kənddə hamının hüsn-rəğbətini qazanır. Sonralar kəndə hər gəlişində özü ilə əhali arasındakı bu mehribanlıq daha da artır, bu yerlərə qəlbən bağlanırdı. Sevimli həyat və məslək yoldaşı Həmidə xanım həmin unudulmaz illəri xatırlayaraq yazır: "Bir dəfə Mirzə Cəlil mənə dedi: - Kəhrizliyə gələrkən hələ uzaq məsafədən yan-yana düzülmüş uca qovaq ağaclarını görüb malikanəmizi tanıyıram və bu zaman ürəyim sevinclə döyünməyə başlayır. Doğma ailəmə, mənim üçün əziz olan dost-aşnaya tez qovuşmaq üçün faytonçunu tələsdirirəm. Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Jurnalın qarşısında öz borcumu yerinə yetirdikdən sonra ömrümün son illərini bu sakit guşədə keçirmək istərdim..."

C.Məmmədquluzadə əsəblərinin sakitləşdiyi, mənəvi zövq aldığı bu yerlərə təkcə istirahət xatirinə gəlmirdi. O, hər dəfə kəndə gəlişində əhalinin qeydinə qalır, camaatla çiyin-çiyinə kəndin müəyyən bir işinə kömək edirdi. Böyük ədib 1910-cu ildə Kəhrizli kəndinə getməsi ilə əlaqədar "Molla Nəsrəddin" jurnalına redaktorluğun müvəqqəti olaraq Məhəmmədəli Sidqiyə verməyə icazə almaq haqqında Tiflis qubernatorluğuna göndərdiyi ərizəsində yazır:

 "Ev-ailə şəraitinin yaratdığı zərurətlə əlaqədar olaraq dörd ay müddətinə Tiflisdən ayrılıb Yelizavetpol quberniyasında Şuşa qəzasının Kəhrizli kəndinə getməliyəm. Siz cənablarından xahiş edirəm mənim əməkdaşım Məhəmmədəli Sidqiyə jurnala müvəqqəti redaktorluq etməyə icazə verəsiniz.

Cəlil Məmmədquluzadə.
16 sentyabr 1910-cu il". 

Mirzə Cəlil nəinki kəndin mühüm işlərində, habelə xırda təsərrüfat işlərində də çalışaraq, dəyirmana gedir, taxıl səpir, əkinləri suvarır, bağdakı ağaclara qulluq edirdi. Gəlin 1919-cu ilin payızında sevimli həyat yoldaşına ünvanladığı sözlərlə tanış olaq: "Gözün aydın olsun, Həmidə, bu il taxıl əkinlərimiz yaxşı tutub, ona görə ki, sahələri vaxtında şumladıq. Gələn il dəni tökməyə yer tapmayacaqsan. Kəndlilər də mənə baxıb taxılı vaxtında səpdilər. Əgər cəyirtgə, dolu və quraqlıq olmasa, bu il bol məhsul götürüləcək".

C.Məmmədquluzadənin əvəzsiz xidmətlərindən biri də kənddə məktəb və toxuculuq emalatxanası açılmasına göstərdiyi yüksək diqqətdir. O, bu sahədə Həmidə xanıma yaxından kömək edərək həvəslə işə girişir, usta çağırıb 20 ədəd skamya və sinif lövhəsi hazırladır. Həmidə xanımla bərabər, lazım olan müxtəlif dərs ləvazimatı toplayır, həmçinin, məktəbin ilk müəllimi kimi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

Cəlil Məmmədquluzadənin Ağcabədi, xüsusən Kəhrizli kəndi ilə bağlılığını araşdırarkən onun Həmidə xanımın həmin kənddə açdığı məktəbdə özünün təşkil etdiyi "Molla Nəsrəddin" adına kitabxananın bərpası ilə əlaqədar 2 iyul 1921-ci ildə Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə ərizəsi və bu ərizənin icrası ilə əlaqədar olaraq Dadaş Bünyadzadənin Şuşa qəza Xalq Maarif Şöbəsinə sərəncamı diqqət çəkir. Rusca yazılmış hər iki sənədin mətnini doğma dilimizdə  təqdim edirik:

"1907-ci ildə mənim həyat yoldaşım Həmidə xanım tərəfindən Şuşa qəzasının Kəhrizli kəndində yaradılmış xalq məktəbinin nəzdində mənim tərəfimdən "Molla Nəsrəddin" adına kitabxana təşkil olunmuşdur. Həmin kitabxana illərlə zənginləşdirilərək beş böyük şkafda yerləşirdi. Keçənilki inqilab zamanı bizim iştirakımız olmadan kitabxananın bir hissəsi talan edilmiş, bir hissəsi isə müsadirə olunmuş və deyilənə görə, Şuşa şəhərində yerləşir.

Xalq Maarif Komissarlığından xahiş edirəm ki, həmin kitabxana Həmidə xanımın iştirakı ilə bərpa olunsun və Kəhrizli kəndində savadlı kəndlilərin bu xalq sərvətindən istifadə etməsi üçün Həmidə xanımın ixtiyarına verilsin.

Cəlil Məmmədquluzadə.
02 iyul 1921-ci il". 

Həmin məktubla əlaqədar olaraq müvafiq tədbir görülmək üçün Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin Şuşa qəza maarif şöbəsinə göndərdiyi məktubda yazılır:

"Şuşa qəzasının Kəhrizli kəndində 1907-ci ildə Həmidə xanım tərəfindən yaradılmış xalq məktəbinin nəzdində yerləşən, "Molla Nəsrəddin" adına kitabxana keçən il müsadirə olunmuşdur. Deyilənə görə, hal-hazırda Şuşa şəhərində yerləşir.

Yuxarıda yazılanları və adıçəkilən kitabxananın yaradıcısı Həmidə xanımın həyat yoldaşı Cəlil Məmmədquluzadənin müraciətini nəzərə alaraq, xahiş olunur ki, kitabxananın qorunub saxlanması və yerli Kəhrizli əhalisinə xidmət məqsədi ilə Kəhrizli xalq məktəbinə köçürülməsi üçün müvafiq tədbir görəsiniz.

Dadaş Bünyadzadə.
16 iyul 1921-ci il" 

Yuxarıdakı hər iki sənəddən aydın olur ki, 1907-ci ildə Kəhrizli kəndində Həmidə xanımın açdığı məktəb Ağcabədidə ilk məktəblərdən biri idi. Həmin məktəbin nəzdində görkəmli yazıçı, jurnalist Cəlil Məmmədquluzadənin açdığı "Molla Nəsrəddin" adına kitabxana isə Ağcabədinin ilk kitabxanası olmuşdur.

Təqdirəlayiq haldır ki, görkəmli alim, Azərbaycan Tarix Muzeyinin sabiq direktoru Ataxan Paşayevin "Molla Nəsrəddin jurnalının nəşri tarixindən" adlı tədqiqat əsərində Cəlil Məmmədquluzadənin həyatının Kəhrizli ilə bağlı səhifələridə ətraflı  qeyd olunur.

Kəhrizli kəndində toxuculuq emalatxanası açılması işində də Mirzə Cəlilin xidməti az olmayıb. O, bu işdə də Həmidə xanıma ən yaxın yardımçı kimi iştirak etmiş, əlaqədar təşkilatlara müraciət edərək bu işə icazə alınmasına və lazımi şəraitin yaradılmasına nail olmuşdu. Bununla əlaqədar C.Məmmədquluzadənin 1922-ci ilin payızında Xalq Təsərrüfatı Şurasının yazdığı ərizənin surəti ədibin arxivində saxlanılır (C.Məmmədquluzadənin arxivi, nömrə 6-421, inv.18666). Həmin ərizədə ədib nəinki Kəhrizli, habelə Hüsülü kəndində toxuculuq emalatxanası açılmasına icazə verilməsini xahiş edir.

Ağcabədi mühiti ilə bağlılıq, şübhəsiz ki, C.Məmmədquluzadə kimi həssas bir yazıçının yaradıcılığına da, öz təsirini göstərməyə bilməzdi. Həmidə xanımın qeyd etdiyi kimi, ədib "Anamın kitabı" pyesinin müəyyən hissəsini və "Molla Nəsrəddin" jurnalı üçün baş məqalələrin bir çoxunu, eləcə də, 1907-ci ildə "Molla Nəsrəddin" jurnalının 24-cü nömrəsində çap olunan "Hanı 45 min manat" adlı felyetonunu Kəhrizlidə yazmışdı. Yazıçı "Oğru inək" hekayəsinin mövzusunu da Kəhrizli mühitindən götürmüşdü. "Ölülər" pyesinin qəhrəmanı Kefli İskəndər, eləcə də əsərin bir neçə prototipləri Ağcabədinin Hüsülü kəndindən götürülmüşdü. Kefli İskəndər gerçək bir şəxs olub, Hüsülü kəndində yaşayan Hacı Həsən ağanın oğlu idi. Bu obrazın prototipi olan İsgəndər adətən öz üzüm bağından şampana oxşayan gözəl şərab çəkir, camaatın və mollaların tənələrinə baxmayaraq, içib keflənirdi. Buna görə də kənddə hamı onu "Kefli İsgəndər" deyə çağırırdı.

Həmidə xanım qeyd edir ki, hər gün gecə kənd yuxuya gedir, tam sükut yarandıqdan sonra Mirzə Cəlil yazı masasının arxasında oturur, jurnal üçün baş məqalələr və felyetonlar yazır, qalın bir dəftərə nə isə köçürürdü.

C.Məmmədquluzadənin kənd həyatı ilə yaxından əlaqəsi və bağlılığı Kəhrizli camaatının gündəlik həyatına və dünyagörüşünə mühüm təsir göstərirdi. O, qabaqcıl fikirləri ilə camaatın gözünü açır, güclü məntiqi, nəzakətli davranışı, habelə Həmidə xanıma və kəndlilərə qarşı olan mehriban davranışı ilə ailə-məişət münasibətlərinə də müəyyən təsir göstərirdi.

Mirzə Cəlil Həmidə xanımın xeyriyyəçi fəaliyyətini məhdud bir çərçivədən çıxarıb ictimai aləmə qovuşdurdu. O, maddi imkanlarını artıq "Molla Nəsrəddin" jurnalının nəşrinə, ədəbiyaşar sənətkarımız M.Ə.Sabirin müalicəsinə də maddi və mənəvi dəstəyə, öz vəsaiti ilə Tiflisdə Qızlar Məktəbinə müəllim təyin olunmasına, həmçinin, müxtəlif ictimai müsamirələrin keçirilməsinə sərf edərək mədəni aləmdə böyük nüfuz qazandı. 1913-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Pambıqçılarının XIII qurultayında Həmidə xanımın Qarabağda pambıqçılığın vəziyyəti barədə rus dilində çıxış edərək qurultay iştirakçılarının rəğbətini qazanmasında da, şübhəsiz ki, Mirzə Cəlilin rolu olmuşdu.

C.Məmmədquluzadənin Ağcabədi ilə bağlılığı, Kəhrizlinin mədəni inkişafındakı xidmətləri bu bölgənin tarixinin işıqlı səhifələrindəndir.

Şirxan ARANLI
Ağcabədidə çıxan "Aran" qəzetinin redaktoru, yazıçı-publisist 

 





08.10.2019    çap et  çap et