525.Az

Türkiyə diplomatiyasının növbəti zəfəri - Təhlil


 

Türkiyə diplomatiyasının növbəti zəfəri - <b style="color:red">Təhlil </b>

Türkiyə diplomatiyası növbəti uğura imza atdı. Uzun müddətdir, müzakirə mövzusu olan Fəratın şərqinə hərbi əməliyyatlara başlanması məsələsi Ankaranın istədiyi kimi yekunlaşdı.

ABŞ qoşunlarını Fəratın şərqindən çəkmək qərarı verdi. Bu, artıq Türkiyə ordusunun yolunu açmaq demək idi. Bəlkə də vəziyyət elə dəyişəcək ki, Türkiyənin Fəratın şərqində hərbi əməliyyat aparmasına ehtiyac qalmayacaq, ancaq Ankara artıq diplomatik savaşda qazandığı zəfərini qeyd edə bilər.

ABŞ uzun müddət idi ki, Ankaranın israrına qarşı çıxırdı. Lakin sonda geri çəkilməli oldu. Doğrudur, Tramp yenə də hansısa şərtlərdən danışır, Türkiyəni şərtlərə əməl etməyəcəyi təqdirdə müəyyən saksiyalarla hədələyir, amma əsas odur ki, Ankara siyasi məqsədinə çata bildi. Qalır məsələnin hərbi tərəfi.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalını, Fərat çayının şərqini YPG/PKK-dan təmizləmək üçün Türkiyə Cümhuriyyəti tarixinin ən böyük hərbi əməliyyatlarına başlayacağını bəyan etmişdi. Qeyd olunurdu ki, əməliyyatlara 85 minlik qüvvə, 200-dək müxtəlif təyinatlı hava qüvvələri cəlb ediləcək. Bu əməliyyatların Kipr Sülh Hərəkatından iki, Fərat Qalxanı əməliyyatından isə dörd dəfə böyük olacağı qeyd olunmuşdu. "Hazırlıqlar bitdi, fəaliyyət planlarını həyata keçirdik, lazımi tapşırıqları verdik. Fəratın şərqinə hərəkətə keçməyimiz bəlkə bu gün, bəlkə sabah deyilə biləcək qədər yaxındır. Əməliyyatı həm quruda, həm də havada həyata keçirəcəyik” - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulamışdı.

Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra dünən ABŞ ordusunun hissələri Suriyanın şimalını tərk etməyə başladı, Tel-Abyad və Ras əl-Ayn rayonunda yerləşən iki müşahidə mərkəzini artıq boşaldılıb. ABŞ qüvvələrinin bütövlükdə şimal sərhədlərindən, yəni Türkiyənin əməliyyat keçirmək istədiyi bölgədən çəkiləcəyi qətiləşib. Ən azı Tramp bunu bəyan edib. Bu, Türkiyə ordusunun Suriyanın şimalında, Türkiyə-Suriya sərhədində qurmaq istədiyi təhlükəsiz zonanın yaradılması prosesində mühüm addımdır. Vaşinqton daim bəyan edirdi ki, Ankaranın bu planına qarşıdır, ancaq sonda Türkiyənin istəyi ilə razılaşmalı oldu.

Ərdoğan bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi YPG/PKK qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.

Ankaranın qərarı Suriyada məskunlaşan kürd yaraqlılarını qəzəbləndirib. Lakin kürd terrorçularına qarşı savaşan Azad Suriya Ordusuna bağlı "Həmzə" Briqadasının komandiri Seyf Əbubəkr bəyan edib ki, "Əmr  gözləyirik. Təlimat gələn kimi Fəratın şərqinə keçib, PKK-nın kökünü qazıyacağıq". ASO-nun həm "Fərat Qalxanı", həm də "Zeytun Budağı" əməliyyatlarında Türkiyə ordusu ilə birgə vuruşduğunu xatırladan Əbubəkr Fəratın şərqində başladılacaq yeni əməliyyata hazır olduqlarını bildirib.

Türkiyənin Fəratın şərqinə hərbi müdaxilə israrı ABŞ və NATO-nu aydın şəkildə ürəyincə olmasa da, onların strateji maraqları tələb edir ki, Türkiyə Qərb alyansının üzvü kimi qalmaqda davam etsin. Beləliklə, bölgədə əsas oyunçu Türkiyədir. Türkiyə ilə münasibətlərinin gərginləşməsi ABŞ üçün çıxılmaz vəziyyət yaradır. Türkiyə üçün isə belə vəziyyət əlavə imkanlar aça bilər. Türkiyə Prezidenti Ərdoğanın antiterror əməliyyatı keçirməsi hər nə qədər Qərbin qıcığına səbəb olsa da, ölkə daxilində onun nüfuzunu artırmış olacaq. Çox güman ki, savaşdan uğurla çıxacağı təqdirdə AKP hakimiyyətinin möhkəmlənməsinin şahidi olacağıq.

Ankara yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışır. Lakin vəziyyət göründüyü qədər də sadə deyil. ABŞ-la diplomatik savaşda zəfər əldə olunsa da, region ölkələrinin mövqeyi nəzərə alınmaya bilməz. Məsələ ondadır ki, ərəb ölkələrində baş verən proseslər ABŞ-Avropa-Səudiyyə Ərəbistanı-Qətər birliyinin mövcudluğunu üzə çıxardı. Bu ölkələrin mövqeləri nəinki üst-üstə düşür, onlar hətta birlikdə hərəkət edirlər. Bu proseslər Qərb ölkələrinin siyasi, Səudiyyə Ərəbistanı və Qətərin isə maliyyə dəstəyi ilə həyata keçirilir. Görünən budur ki, Qərb müxtəlif səbəblərə görə hazırda Suriyaya birbaşa müdaxilə etmək, eləcə də Türkiyəyə dəstək vermək niyyətində deyil. Səudiyyə Ərəbistanı və Qətər də bu prosesdə birbaşa iştirak etmək istəmir. Belə gərgin vəziyyətdə bölgənin əsas ölkələrindən olan Türkiyənin vəziyyəti olduqca riskli hal alır. Kənardan Türkiyənin Suriya ilə müharibəyə girməsi üçün təhriklər də səngimir. Başlıca sual isə Türkiyənin bu prosesdən nə dərəcədə uğurla çıxa biləcəyi ilə bağlıdır. Əslində, NATO-nun köməyi olmadan da Türkiyə bu savaşın qalibi ola bilər, ancaq Alyansın dəstək verməsi halında bu proses daha asan başa gələrdi. Bu yerdə müttəfiqlərinin, o cümlədən NATO-nun Ankaraya dəstək verməməsinin, Alyansın üzvü olan ölkələrin Türkiyənin təhlükəsizliyinə yaranmış təhdidə laqeyd münasibətinin də əsaslı bir izahı ola bilməz. Ankaranı isə bir sualın narahat etməməsi mümkün deyil: Suriya parçalanarsa, İraqda olduğu kimi, Suriyada da kürd dövləti qurula bilərmi? Türkiyənin qonşuluğunda birdən-birə eyni vaxtda iki kürd muxtariyyətinin yaranması ehtimalı Ankaraya qarşı açıq təhdiddir. Eyni zamanda ölkə ilə sərhəddə terror qruplarının fəaliyyət göstərməsi də Türkiyəni öz təhlükəsizliyi barədə ciddi düşünməyə vadar edir. Məhz buna görə Türkiyə belə bir əməliyyatın keçirilməsini olmazsa olmaz sayır, həm ABŞ-a, həm də digər güclərə bunun zərurliyini neçə müddətdir anlatmağa çalışır. Nəhayət ki, Ankaranın israrları ABŞ-ın geri çəkilməsi ilə nəticələndi. Qərb dövlətləri, digər regional ölkələr də məsələnin kökünü, Türkiyənin mövqeyini anlamış kimi görünür. Lakin istər İran və Rusiya, istərsə də ərəb ölkələrinin hansı mövqe nümayiş etdirməsindən asılı olmayaraq, Türkiyə öz təhlükəsizliyini təmin etmək zorundadır. Hərbi əməliyyatlar yolu ilə olsa belə...

APA

 





09.10.2019    çap et  çap et