525.Az

Şəxsiyyətin missiyası və miqyası - Akademik İsa Həbibbəyli - 70


 

Şəxsiyyətin missiyası və miqyası - <b style="color:red">Akademik İsa Həbibbəyli - 70</b>

Vətənə, xalqa, onun zəngin mədəniyyətinə, xüsusən ədəbi düşüncəsinə səmimi bir sevgidən, çoxsaylı elmi araşdırmaların ərsəyə gəlməsinə səbəb olan nadir istedaddan və ağır  zəhmətdən yoğrulmuş "İsa Həbibbəyli" imzası son əlli ildə milli elmi-ədəbi düşüncəmizin,  son iyirmi ildə isə, ümumən ictimai düşüncəmizin əvəzolunmaz faktına çevrilmişdir.

Bu ad, bu imza yalnız ədəbiyyatşünaslığın deyil, bütövlükdə bütün istiqamətlər üzrə müasir Azərbaycan mədəniyyətinin və ictimai düşüncəsinin, onun daim dəyişmədə olan canlı proseslərinin, uğur və nailiyyətlərinin, hətta perspektivlərinin assosiativ işarəsidir.

Akademik İsa Həbibbəylinin fəaliyyət istiqamətlərini aşağıdakı kimi nəzərdən keçirmək olar:

1. Elmi missiya. Peşəkar ixtisas sahəsi etibarilə İsa Həbibbəyli ədəbiyyatşünas-alimdir. O, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan Filialının (hazırda Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə olarkən Bakıda, Naxçıvanda və Tbilisidə tələbə elmi konfranslarında elmi məruzələrlə çıxış etmiş, dövri mətbuatda ilk elmi məqalələri çap olunmuşdur. Bu qarşısıalınmaz elmi ehtiras onu respublikada ədəbiyyat elminin əsas mərkəzi olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gətirmiş, "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda namizədlik, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1997-ci ildə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2003-cü ildə həqiqi üzvü seçilmişdir. Alim müxtəlif problemlərə həsr olunmuş 12 monoqrafik tədqiqatın, 1 dərsliyin, 2 dərs vəsaitinin, 1000-dən çox elmi məqalənin, 27 broşuranın müəllifi, 46 kitabın tərtibçisi, çoxsaylı kitabların redaktoru və elmi məsləhətçisidir. Onun əsərləri ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə, Polşa, Macarıstan, Bolqarıstan, İran, İraq, Ukrayna, Monqolustan, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Litva, Şimali Kipr, Gürcüstan, Türkmənistan kimi ölkələrdə nəşr edilmişdir. O, beynəlxalq səviyyəli qurultay, simpozium, konfranslarda aktual mövzularda məruzələrlə çıxış edərək Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.

Görkəmli bir ədəbiyyatşünas alim kimi İsa Həbibbəylinin yaradıcı stixiyası öz əsasını görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər Cəfərovun mənəvi-intellektual dünyasından götürmüş və bu amil İsa Həbibbəylinin elmi təfəkkürünün tipologiyasının müəyyənləşməsində həlledici rol oynamışdır. İsa Həbibbəyli özünün "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda namizədlik dissertasiyasını yazarkən Məmməd Cəfər Cəfərovun artıq özünün məşhur "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyasını nəşr etdirmişdi. Təbiidir ki, belə bir monoqrafiyadan sonra bu sahədə yeni söz demək o qədər də asan bir məsələ deyildi, hətta qeyd edək ki, xüsusi bir cəsarət tələb edirdi. Lakin İsa Həbibbəyli həmin dövr üçün, indinin özündə də xüsusi elmi aktuallıq kəsb edən bu elmi problemin elə aspektlərini fərqli  nəzəri-metodoloji baxış bucağından tədqiq edir ki, bu tədqiqatın orijinallığı və ədəbiyyatşünaslığımızın inkişafında rolu elə ilk növbədə Məmməd Cəfər Cəfərovun özü tərəfindən etiraf və təsdiq olunur. İsa Həbibbəyli ilk dəfə olaraq müəyyən edir ki:  Hüseyn Cavid romantik-fəlsəfidir! Hadi romantik-publisistdir! Abbas Səhhət lirik-romantikdir! Abdulla Şaiq romantik-realistdir! Belə hökm-imperativlər texniki fənlərdə, xüsusən riyaziyyatda gərgin elmi axtarışların çoxparametrli arqumentlərinin lakonik  düsturda ifadə olunan yekun nəticələrinə bənzəyir. Bu, hər bir ədəbiyyatşünasdan riyazi məntiqlə düşünmək universallığı tələb edən xüsusi bir haldır. Görünür, neçə onillər sonra İsa Həbibbəyli tərəfindən bütün respublika miqyasında mühüm bir humanitar hərəkat səviyyəsinə qaldırılan "Fizika və lirika" qoşaqanadlılığının ideya əsasları elə o dövrdən formalaşmağa başlamışdır.

İsa Həbibbəylinin elmi araşdırmaları üçün xarakterik olan bir mühüm cəhətin də üzərində dayanmaq istərdik. O, tədqiq etdiyi ədiblərin yaradıcılığını sadəcə olaraq soyuq elmi məntiqin predmetinə çevirməklə kifayətlənmir. Alim bu ədiblərin hər biri ilə mənəvi bir ünsiyyətə girir. Məhz belə mənəvi ünsiyyətin nəticəsidir ki, İsa Həbibbəyli klassiklərdən yaza-yaza özü də klassikləşir. İsa Həbibbəyli bu klassiklərin bədii irsini tədqiq edə-edə onlara ideya-mənəvi cəhətdən dərindən bağlanır və bu bağlılıq onun şəxsiyyətinin formalaşmasında həlledici rol oynayır.

Milli mədəniyyətimizin hadisəsi səviyyəsinə yüksəlmiş, yaradıcılığı ilə bütöv bir ədəbi epoxanın əsasını qoymuş Cəlil Məmmədquluzadə fenomeni İsa Həbibbəyli yaradıcılığının əsas intellektual ağırlıq mərkəzini təşkil edir desək, yəqin ki, yanılmarıq. Alimin  "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda uğurla müdafə etdiyi doktorluq dissertasiyası onun bu istiqamətdəki uzun illik gərgin elmi axtarışlarının nəticəsi olaraq meydana gəlmişdir. Cəlil Məmmədquluzadənin istər bioqrafik, istər semantik baxımdan öyrənilməsi istiqamətində İsa Həbibbəylinin gördüyü işləri, mübaliğəsiz demək olar ki, heç bir tədqiqatçının əməyi ilə müqayisə etmək mümkün deyildir. Onun tədqiqatlarında tənqidi realizmin ideya-estetik əsasları, konkret milli spesifikası öyrənilmişdir. İlk dəfə olaraq Molla Nəsrəddinçiliklə Füyuzatçılıq arasında əlaqələrin ümumi cəhətləri müəyyənləşdirilmişdir.

Cəlil Məmmədquluzadənin bioqrafiyası ilə bağlı bir sıra çoxsaylı faktlar, xüsusən ədibin sovet dövrü həyatı və yaradıcılığı ilk dəfə  dövrün ümumi ictimai hadisələri və ideoloji baxışları kontekstində obyektiv olaraq dəyərləndirilmişdir. Nəhayət, Cəlil Məmmədquluzadənin yeni əsərləri tapılıb üzə çıxarılmış və nəşr edilmiş, yazıçının nəsil səcərəsi, Fransada, Polşada və İranda yaşayıb-yaradan nəslinin davamçıları müəyyənləşdirilmişdir.

İsa Həbibbəylinin professional ədəbiyyatşünas kimi özünəməxsus cəhətlərindən biri, tədqiqatçıların da dəfələrlə qeyd etdiyi kimi, onda ədəbiyyat nəzəriyyəçiliyi və ədəbiyyat tarixçiliyinin bir-biri ilə qırılmaz surətdə vəhdətidir. Məlumdur ki, bizdə, adətən, nəzəri ümumiləşdirmələrə, analitik təhlillərə meylli olanlar fakt və təfərrüatlara biganəliyi ilə seçilirlər. Faktlarla işləməyə, illərlə arxivlərdə çalışmağa vərdiş edənlərdə isə nəzəri təfəkkür qıtlığı həmişə mühüm bir "defisit" kimi özünü hiss etdirir. İsa Həbibbəyli nadir alimlərimizdəndir ki, bu iki istiqamət onun əsərlərində üzvi şəkildə vəhdətdədir. Həm də İsa Həbibbəyli hər iki istiqamət üzrə öz işini məhz peşəkar səviyyədə reallaşdırmağı bacaran bir alimdir. Məsələn, ədəbiyyat tarixçiliyi istiqamətində o, heç zaman asan işdən yapışmır, artıq ədəbiyyat tarixi üçün məlum olan faktların təkrarlanması kimi trafaretizmlə məşğul olmur. Onun ədəbiyyat tarixçiliyi istiqamətindəki hər bir fəaliyyəti neçə-neçə tədqiqat istiqamətlərinin meydana gəlməsinə səbəb olan yeni bir faktın elmi fikir dövriyyəsinə daxil edilməsi ilə nəticələnir. O, bəzən, bir faktın dəqiqləşdirilməsi, bir əsərin müəllifinin müəyyənləşdirilməsi üçün hətta fiziki mənada ağır məşəqqətlərə mətanətlə sinə gərir. Nəticədə ədəbi düşüncəmizin az tanınmış nümayəndələrinin yaradıcılığının təbliğində, onların tanıdılmasında alim olmaqla yanaşı, bir vətəndaş-ziyalı missiyası da reallaşmış olur.

Akademik İsa Həbibbəylinin tədqiqatlarında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi xüsusi yer tutur. Məlum olduğu kimi, milli ədəbiyyatşünaslıq tariximizdə ən avtoritet simalar bu problemə öz münasibətlərini bildirmiş, məsələyə aydınlıq gətirməyə çalışmışlar. Lakin açıq etiraf edək ki, problem normativ səviyyədə həllini tapmamışdır. Nəticədə marksist formasiyalar nəzəriyyəsinə əsasən sadə tarixi xronoloji ardıcıllıq müəyyən olunmuşdur: qədim dövr Azərbaycan ədəbiyyatı, orta əsrlər Azərbaycan ədəbiyyatı, XIX əsr Azərbaycan ədəbiyyatı, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, Azərbaycan Sovet ədəbiyyatı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. Bu model isə heç bir halda ədəbi tarixi prosesi bütün parametrləri üzrə əks etdirmək gücündə olmamışdır. İsa Həbibbəyli ilk dəfə olaraq  müəyyənləşdirmişdir ki, dövrləşmənin dəqiq modelinin alınması ilk növbədə bu dövrləşməni şərtləndirən prinsiplərin müəyyənləşməsindən asılıdır. Və o, haqlı olaraq dövrləşmə prosesində 1. Sivilizasiya amili; 2. Ədəbi-tarixi proseslərin reallıqları; 3. Azərbaycanda ədəbi cərəyanlar; 4. Azərbaycançılıq məfkurəsi kimi meyarlardan çıxış etmişdir. Bu konsepsiyada ədəbi mərhələlər: qədim dövr Azərbaycan ədəbiyyatı,  ortaq yazılı ədəbiyyat mərhələsi, intibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər), orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər), erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər), Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr), tənqidi realizm və romantizm epoxası (XIX əsrin 90-cı illərindən 1920-ci ilədək), sosialist realizmi mərhələsi (1920-1960-cı illər), milli özünüdərk və istiqlal ədəbiyyatı dövrü (1960-1990), müstəqillik dövrü çoxmetodlu ədəbiyyat mərhələsi. Tədqiqatda hər bir mərhələnin də olduqca mürəkkəb olan daxili yarımmərhələləri də müəyyənləşdirilmişdir. Heç şübhəsiz ki, yeni dövrləşdirmə konsepsiyası Azərbaycan ədəbi-mədəni fikir tarixinin daha sistemli şəkildə öyrənilməsində, xüsusən sanballı ədəbiyyat tarixlərinin yazılmasında mühüm rol oynayacaqdır.

2. Pedaqoji missiya. İsa Həbibbəyli sözün həm həqiqi, həm də məcazi mənasında həm də Müəllimdir. Onun həyatının kəmiyyət və keyfiyyət baxımından olduqca əhəmiyyətli bir hissəsi məhz pedaqoji fəaliyyətə həsr olunmuşdur. O, uzun illər ali məktəbdə "XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı" və "Ədəbiyyat nəzəriyyəsi" fənlərindən dərs demiş, neçə-neçə tələbənin qəlbində ədəbiyyata sevgi atəşi yandırmış, bununla da yeni-yeni ədəbiyyatşünaslar nəslinin yetişməsi istiqamətində müstəsna xidmətlər göstərmişdir. Bu istiqamətdəki elmi-pedaqoji fəaliyyətin nəticəsi olaraq o, ədəbiyyatşünaslıq sahəsində olduqca mühüm əhəmiyyət daşıyan ali məktəblər üçün "Ədəbiyyat nəzəriyyəsi" dərs vəsaiti yazıb nəşr etdirmişdir. Onun digər bir mühüm dərs vəsaiti "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları" kitabıdır ki, bu dərslik dünyanın bir sıra dillərinə tərcümə olunmuşdur.

İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyətindən danışarkən onun yüksəkixtisaslı kadr hazırlığı sahəsində xidmətlərini də xüsusilə qeyd etmək lazımdır. O, 7 elmlər doktoru və 29 fəlsəfə doktorunun elmi rəhbəri olmuşdur ki, onların böyük əksəriyyəti öz imzası, öz dəsti-xətti olan ədəbiyyatşünas alimlər olaraq bu gün "akademik İsa Həbibbəyli elmi-ədəbi məktəbi"ni ölkədə və xaricdə layiqincə təmsil edirlər.

Akademik İsa Həbibbəylinin təşkilati-pedaqoji fəaliyyəti onun Naxçıvan Dövlət Universitetindəki rəhbərlik fəaliyyəti ilə bağlıdır. Naxçıvan Dövlət Universitetində uzun illər çalışmış İsa Həbibbəyli 1991-ci ildə elmi işlər üzrə prorektor vəzifəsinə, 1996-cı ildə isə  rektor vəzifəsinə təyin edilmişdir. İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetinə rəhbərlik etdiyi 1996-2013-cü illəri, sözün həqiqi mənasında, universitet üçün intibah mərhələsi hesab etmək mümkündür.

3. Elmi-təşkilati missiya. 2013-cü il akademik İsa Həbibbəylinin bioqrafiyasında mühüm bifurkasiya nöqtəsidir desək, yanılmarıq. Fəlsəfədə zamanın keçmişinin, indisinin və gələcəyinin bir nöqtəyə yığıldığı, gələcək üçün potensial inkişaf ssenarilərinin seçim anı kimi metaforalaşdırılan "bifurkasiya" anlayışını fərdi bioqrafiyalara şamil edərkən onu "tale seçimi" kimi də dəyərləndirmək mümkündür. İsa Həbibbəylinin bioqrafiyası üçün belə bir seçim anı məhz 2013-cü il oldu. Həmin il o,  Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar məsələlər üzrə vitse-prezidenti seçildi və elə həmin ildən respublikada ədəbiyyat elminin əsas mərkəzlərindən olan Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini də icra etməyə başladı. Bununla da əvvəllər İsa Həbibbəylinin, əsasən, Naxçıvan Dövlət Universiteti miqyasında özünü gerçəkləşdirən təşkilati-pedaqoji fəaliyyəti elmi-təşkilati fəaliyyətlə əvəzlənərək bütövAkademiya, o cümlədən, respublika miqyasını əhatə etməyə və həmin miqyaslarda da geniş rezonans verməyə başladı. Bu məqamda bir məsələni xüsusi qeyd etmək istərdik. İsa Həbibbəylinin Akademiya rəhbərliyinə seçilməsi bütövlükdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə elmi fəaliyyət sahəsində köklü islahatlara start verilməsi ilə eyni dövrə təsadüf edir. Və hesab edirik ki, bu, İsa Həbibbəylinin elmi-təşkilati fəaliyyətinin kəmiyyət və keyfiyyətinə əhəmiyyətli təsir edən amillərdən biridir. Akademik Akif Əlizadə 2013-cü ildə Akademiyanın prezidenti seçilərkən elan etdi  ki, Azərbaycan elmində bütün istiqamətlər üzrə ciddi modernləşməni təmin etmək, necə deyərlər, elmi XXI əsrin qlobal çağırışlarına uyğunlaşdırmaq qarşıda duran əsas vəzifələrdəndir. O bəyan etdi ki, XXI əsr "elm, təhsil və iqtisadiyyatın vəhdəti" üçbucağının qurulmasını, innovativ fəaliyyət, fundamental araşdırmalarda multidissiplinarlıq tələb edir. O bəyan etdi ki, elmi prioritetlər yenidən müəyyənləşdirilməli, elmin maddi-texniki bazası, infrastrukturu bu prioritetlərə uyğun yenidən qurulmalıdır. O bəyan etdi ki, Azərbaycanın elmi gəncliyi dünyaya inteqrasiya olunmalıdır, çünki intellekt işığı sivil dünya elmindədir. Və bütün bunlar yalnız şüar olaraq qalmadı. Bu ideyalar işığında ciddi bir hərəkat başlandı. Sözün həqiqi mənasında, elm hərəkatı. Bax həmin mərhələdə bu hərəkatın ən mühüm istiqamətlərindən birini ictimai-humanitar elm sahəsindəki islahatlar təşkil edirdi ki, həmin mərhələdə məhz bu ağırlığın altına İsa Həbibbəyli öz çiyinlərini verdi.

İsa Həbibbəylinin rəhbərliyi ilə son yeddi ildə Azərbaycanda ictimai və humanitar elmlərin dünyanın müasir çağırışlarına uyğunlaşdırılması, sovet dövründən qalmış ideoloji trafaretlərdən uzaqlaşması, onun beynəlxalq elmi əlaqələrinin inkişaf etdirilməsi, dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji işlərinə ictimai və humanitar elmi araşdırmaların cəlb edilməsi istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilmişdir və bu işlər davam etdirilməkdədir. İctimai və humanitar elm sahələrində prioritetlərin yenidən müəyyənləşdirilməsi, bu istiqamətdəki elmi müəssisələrin strukturunun optimallaşdırılması, kadr potensialı-nın gücləndirilməsi, ümumən iş prosesinin canlandırılması İsa Həbibbəylinin son illər ərzində yorulmadan, ardıcıl və məqsədyönlü olaraq həyata keçirdiyi elmi-təşkilati işlər sırasındadır.

Təbiidir ki, bir şəxsin tarix, iqtisadiyyat, fəlsəfə, folklor, ədəbiyyat sahələrinin hamısını peşəkar səviyyədə bilməsi mümkün deyildir. Lakin İsa Həbibbəyli ümumnəzəri-metadoloji yanaşma bazası hesabına bütün bu elm sahələrinin problemlərinə dərindən nüfuz etməyi, onları uğurla koordinasiya etməyi bacarır. Hesab edirik ki, onun təşkilatçılığı bir tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, intellektual bazadan, nəzəri-metodoloji əsasdan qaynaqlanır, digər tərəfdən də ciddi stixial əsasa dayanır. Bizcə, onun şəxsiyyətinə məxsus iki cəhət - birincisi, aşıb-daşan fəaliyyət enerjisi, ikincisi isə hər kəsi özünə cəlb edən inteqrativ ruh bu təşkilatçılığın stixial əsasını təşkil edir. İsa Həbibbəyli yorulmadan sevgi ilə fəaliyyət göstərir. Onun iş qrafiki heyrətamiz dərəcədə sıxdır. Onun Akademiya Rəyasət Heyətinin binasında yerləşən iş otağının pəncərəsindəki işığın şölələri bəzən gecə yarısına qədər sönmür və bu işığın şölələri bütün respublika miqyasında elmi-ədəbi mühitimizin bir çox qaranlıqlarının aydınlanmasında müstəsna rol oynayır.

Onu da qeyd etmək istərdik ki, iş qrafikinin belə sıxlığına baxmayaraq, İsa Həbibbəyli  müqəddəs elm məbədi Akademiya ilə bağlı filmin ssenarisini yazmağa da, Akademiya marşının sözlərini bədii üslubda ərsəyə gətirməyə də vaxt tapır. Həm də bütün bu işləri o, xüsusi bir sevgi ilə, necə deyərlər, qəlbinin yağını əridərək edir.

İsa Həbibbəylinin Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi elmi-təşkilati fəaliyyəti hesab edirik ki, onun bioqrafiyasında ayrıca bir istiqaməti təşkil edir. Məlumdur ki, Nizami adına Ədəbiyyat İnstitutu XX əsr Azərbaycan humanitar elmi təfəkkürünün inkişafında mühüm rolu olan neçə-neçə imzaları özündə birləşdirir. Əlbəttə, belə bir elm ocağına rəhbərlik etmək o qədər də sadə məsələ deyil. İsa Həbibbəylinin İnstituta rəhbərlik etdiyi dövr, sözün həqiqi mənasında, bu elmi müəssisənin taleyində xüsusi bir mərhələ təşkil edir. Hazırda istər elmi problemlərin yenidən müəyyənləşdirilməsi, istər strukturun optimallaşdırılması, istər institutun maddi-texniki bazasının müasir standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində olduqca çoxsaylı tədbirlər həyata keçirilməkdədir.

Onun təşəbbüsü və səyləri nəticəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda zəruri struktur islahatları aparılmış, yeni elmi tədqiqat şöbələri, sektorlar və mərkəzlər yaradılmışdır. Məsələn, bu elmi müəssisədə "Ədəbiyyatşünaslıq, plyus" Yaradıcılıq Birliyi yaradılmışdır ki, bunu ədəbiyyatşünaslıq elminin sistemli şəkildə və yeni təfəkkür əsasında öyrənilməsi ilə bağlı mühüm addım hesab etmək olar.

Onu da qeyd etmək lazımdır ki, məhz İsa Həbibbəylinin səyləri nəticəsində "AMEA-nın  Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq" (keçmiş "Xəbərlər"), "Azərbaycan ədəbiyyatşünaslığı" (keçmiş "Ədəbiyyat məcmuəsi"), "Poetika.izm", "Müqayisəli ədəbiyyatşünaslıq" (keçmiş "Ədəbi əlaqələr") jurnalları yeni mərhələdə tamamilə yeni biçimdə oxucuların ixtiyarına verilmişdir.

Onu da qeyd edək ki, İnstitutda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə "Azərbaycan ədəbiyyat tarixi" oncildliyinin birinci cildi, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" iki cildliyi, "Ədəbi proses" elmi müşavirəsinin materialları beş cilddə çap edilib oxuculara çatdırılmış, "Mirzə Fətəli Axundzadə" ensiklopediyası, "Molla Nəsrəddin" ensiklopediyası, "Gülüş antologiyası" hazırlanmışdır.

4. İctimai-ideoloji missiya. Akademik İsa Həbibbəyli həm də respublikada kifayət qədər böyük nüfuza malik olan tanınmış ictimai xadimdir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (1997-2005), III (2005-ci il), IV (2010-cu il) və V çağırış (2015-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədridir. Türklərin ifadəsi ilə desək, İsa Həbibbəyli öz fəaliyyəti ilə bütün bu rəsmi vəzifələrin haqqını bütün tamlığı ilə verməkdədir. Bircə faktı qeyd etmək istərdik. Məlumdur ki, müstəqillik illərində Azərbaycanda elmi fəaliyyət uzun illər qeyri-hüquqi müstəvidə fəaliyyət göstərmişdir. Məhz İsa Həbibbəyli Milli Məclisdə Elm və təhsil komissiyasının sədri olduqdan sonra, necə deyərlər, bu sahədə buz əriməyə başladı, elm və təhsilin normativ hüquqi bazasının formalaşdırılmasında mühüm rol oynayan, bu sahədə hüquqi münasibətləri tənzimləyən mühüm dövlət sənədi "Elm haqqında", Azərbaycan Respublikası Qanununun, "AMEA-nın Nizamnaməsi"nin hazırlanması və qəbul edilməsi reallaşdı. Qeyd edək ki, bilavasitə İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanan "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu elm və təhsilin inteqrasiyası üçün yeni üfüqlər açmışdır. Biz hesab edirik ki, bu Qanun istər təhsildə, istərsə də elmi fəaliyyət sahəsində bir sıra nailiyyətlərin əldə edilməsinə olduqca müsbət təsir göstərəcəkdir. Bundan əlavə, "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" Qanunların da qəbulu İsa Həbibbəylinin xüsusi xidmətlərinin nəticəsidir.

Akademik İsa Həbibbəylinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsas ideoloji paradiqması azərbaycançılıq və milli dövlətçilik təlimidir ki, onun üzrəində də xüsusi olaraq dayanmaq lazımdır. Bu ideologiya onun istər elmi yaradıcılığından, istərsə də ictimai fəaliyyətindən qırmızı bir xətlə keçir. Alim bu ideologiyanı aşağıdakı kimi düsturlaşdırır: "Azərbaycançılıq - milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi olaraq, xalqın və ölkənin milli maraqlarının, maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir".

Milli dövlətçilik təfəkkürü ilə elmi analitik təfəkkür İsa Həbibbəylinin təfəkküründə elə üzvi şəkildə sintez olunmuşdur ki, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. O, bir vətəndaş-ziyalı olaraq yaxşı başa düşür ki, ideologiyada milliliyin nisbəti ilə dövlətçilikdə müstəqilliyin nisbəti bütün hallarda bir-birinə düz mütənasibdir. İndi dövlətçilikdə müstəqilliyə müdaxilənin müxtəlif adlar altında ideologiyada milliliyə müdaxilədən başlaması, necə deyərlər, çoxdan "dəbə çevrilmiş"dir. Belə bir şəraitdə İsa Həbibbəylinin  Azərbaycançılığın keşiyində ayıq-sayıq dayanması, ardıcıl olaraq onun milli dövlət ideologiyası statusunda təhlil və təqdim etməsi yalnız elmi və mədəni deyil, ictimai-siyasi baxımdan da olduqca xüsusi əhəmiyyətə malikdir. 

Azərbaycançılıq ümummilli məfkurəsini canında-qanında daşıyan İsa Həbibbəylinin yaradıcılığında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tədqiqi və təbliği də mühüm istiqamətlərdən birini təşkil edir. Alimin Ulu Öndər Heydər Əliyev haqqında qələmə aldığı "Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti" (1998), "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti" (2002), "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" (2013), "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" (2018, 2 cilddə, kollektiv) kitabları bu dahi dövlət adamının obrazını bütün əzəməti ilə gözlərimiz önündə canlandırır. Xüsusi qeyd etmək lazımdır ki, İsa Həbibbəyli Heydər Əliyevi Azərbaycançılıq konsepsiyası işığında təhlil və təqdim edir. İsa Həbibbəylinin ölkəmizin ayrılmaz parçası olan qədim Naxçıvan diyarının tarixinə və ədəbi-mədəni mühitinə həsr etdiyi əsərlər onun azərbaycanşünaslıq tədqiqatlarını zənginləşdirir və tamamlayır.

Bu gün yetmiş illik zirvə məqamına qədəm qoyan İsa Həbibbəyli ömrünün əlli ildən artıq bir dövrünü elmimizin, mədəniyyətimizin, ictimai həyatımızın xaosunun harmoniyaya çevrilməsinə, respublika miqyasında intellektual-mənəvi nizamın keşiyində dayanmağa, mədəniyyətdə olan mənəvi dəyərlərin müasir milli şüur dövriyyəsinə daxil edilməsinə, milli ideologiyanı, dövlətçilik şüurunu qorumağa və inkişaf etdirməyə həsr etmişdir. Tarixin təcrübəsi sübut edir ki, missiya daşıyıcısı olan şəxsiyyətlər hansı fəaliyyət sahəsi ilə məşğul olmalarından asılı olmayaraq onlar həmişə vahid amala xidmət edirlər. İsa Həbibbəylinin tarixi taleyi də belədir. O, nədən yazmasına baxmayaraq, hansı xarakterli fəaliyyətlə məşğul olmasından asılı olmayaraq həmişə "Azərbaycan" adlanan müqəddəs dəyərə, onun qədim və zəngin mədəniyyətinin, ədəbiyyatının tədqiqinə,  təbliğinə, dövlətçilik şüurunun inkişafına xidmət etmişdir. Bu, müasir Azərbaycan ictimai və humanitar düşüncəsi müstəvisində İsa Həbibbəylinin ardıcıl olaraq gerçəkləşdirdiyi missiyadır. Onun  şəxsiyyətinin miqyasını da məhz bu missiya müəyyənləşdirir. Biz arzu edirik ki, akademik İsa Həbibbəyli həmin missiyasını bundan sonra da uğurla davam etdirsin.

Sərxan XAVƏRİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





09.10.2019    çap et  çap et