525.Az

"Çapar" dərgisinin "Ağaoğlu özəl sayı" təqdim edildi - Reportaj


 

"Çapar" dərgisinin "Ağaoğlu özəl sayı" təqdim edildi - <b style="color:red">Reportaj </b>

"6 oktyabr, 11:00-13:00, "Demirchi Tower" Biznes Mərkəzi, "Çapar" dərgisinin "Ağaoğlu özəl sayı"nın təqdimatı" elanı ilə "facebook"da qarşılaşıram.

"Çapar" nəşrlərinin, Məhəmmədəmin Rəsulzadə - "Azərbaycan mübarizə yolunda", Əhməd bəy Ağaoğlu - "Şuşa, Peterburq, Paris xatirələri (Atatürkə iki məktub)", Dilqəm Əhməd - "Milliyyəti Türk", "Ergenekon bayramı" kitablarının da olacağı qeyd edilir. Elə bu münasibətlə, bütün yazı-pozunu qırağa qoyub gecəni yatmağa, sabahkı tədbirə hazırlaşıram, Ağaoğlu ilə görüşə, Ağaoğlu işığından güc almağa... Ancaq səhər ayların stress yorğunluğunun verdiyi baş ağrı ilə oyanır, gedim-getməyim dilemması ilə dəqiqələri saata çevirirəm. Bu dəfə kofe də köməyə çatmır. Və elə ki, "bu halda hara gedim, ən yaxşısı sabah kitab mağazasından alaram" deyib əlimi kofe stəkanına uzadıram,  Rəşad Məcidin "Necəsən?! Ağaoğlu özəl sayısı tədbirinə getsən, bir xəbər yaz "525" üçün" mesajına gözüm sataşır. Bu, sanki gedim-getməyimli suallarıma bir qəti cavab olur.

Tədbir üçün yaxşı hazırlıq görüldüyü aydın hiss olunurdu. Koridorda "Çapar" dərgisinin Ağaoğlu özəl sayısı və başqa nömrələri səliqə ilə düzülüb öz oxucusunu gözləyir. O cümlədən, elanda qeyd olunan digər kitablar da sərgidə yer alır. Tədbiri giriş sözü ilə "Çapar" dərgisinin təsisçisi və naşiri Yusif İlhamoğlu açaraq bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirildiyini vurğuladı. Bu münasibətlə dərc olunan dərginin xüsusi buraxılışından ətraflı bəhs etdi. Mərasimdə çıxış edən  professor Ədalət Tahirzadə Azərbaycan mətbuat tarixi və Cümhuriyyət dönəmi haqqında maraqlı faktları iştirakçılarla bölüşdü. O, "millətin tarixi hafizəsini silmək üçün düşmənlərin istifadə etdiyi bir metod var: ya tarixi şəxsiyyətləri unutdurmaq, unutdurulması mümkün olmayanları isə düşmən elan etmək. Bolşeviklər uzun illər bundan istifadə etdilər" deyərək tarixin bilərək unutdurulması məsələsinə diqqət çəkdi. "Çapar"ın redaktoru, tədqiqatçı Dilqəm Əhməd isə "Çapar" yayınlarının gələcək planlarından bəhs etdi: "İl sonunadək iki Cümhuriyyət xadiminin xatirələrini çap edəcəyik. Dərgimizin özəl buraxılışları növbəti illərdə də davam edəcək".

M.Ə.Rəsulzadənin 1930-cu ildə Fransada çap olunan "Azərbaycan mübarizə yolunda" kitabını ilk dəfə Azərbaycan dilinə tərcümə edən Tural Mehbalıyev bu işi böyük sevgi ilə yerinə yetirdiyini bildirdi. Tədbirdə "Bookzone" kitab evinin və "Fabula" nəşriyyatının direktoru Seymur Tağıyev və legioner Süleyman Təkinərin qohumu Rauf Həsənov da çıxış etdilər. Dərginin özəl sayında Ağaoğluların həyat və fəaliyyəti barədə geniş material verilməklə yanaşı, Vilayət Quliyevin, Abid Tahirlinin, Aydın Balayevin, Mübariz Süleymanlının, Fərhad Cabbarovun, Mehman Dəmirlinin və Mehdi Gəncəlinin məqalələri də yer alır. İlk dəfə olaraq jurnalda Leyla Cavadovanın təqdimatında 1919-1921-ci illərdə Əhməd bəyin sürgün həyatı yaşadığı Malta adasındakı Polverista qalasının bugünkü görüntüləri verilib və Malta qaynaqları əsasında material hazırlanıb.

Tədbirin sonunda iştirakçılar üçün Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən əldə edilən şəkillərin nümayişi təşkil edildi.

Təhminə VƏLİYEVA

 





09.10.2019    çap et  çap et