525.Az

"Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı araşdırmalar aparılır"


 

"Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı araşdırmalar aparılır"<b style="color:red"></b>

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.

R.Rzayev bildirib ki, fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi diqqətdədir və yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq. Komitə sədrinin sözlərinə görə, bu məsələdə öncəlik bu gün ağır vəziyyətdə yaşayan məcburi köçkünləri evlə təmin etməyə yönəlib. Lakin fərdi evlərdə yaşayan məcburi köçkünlər də həmin evlərdən çıxarılacaq: "Belə ailələr az deyil, yetərincədir. Çoxluq isə Bakı və Sumqayıtda olan fərdi evlərdə yaşayır". O, həmçinin qeyd edib ki,  məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı araşdırmalar aparılır.  Onun dediyinə görə, bu hadisələr hansısa ehtiyatsızlıqdan baş verir: "Yataqxanalarda naqillər çox həssas olduğu üçün belə hallar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar".  Komitə sədri qeyd edib ki, yataqxanalarda baş verən yanğınlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb. R. Rzayev eyni zamanda bildirib ki, Bakı şəhərində yataqxanalardakı elektrik naqillərinin vəziyyəti öyrənilib. Komitə sədrinin bildirdiyinə görə,  Baş nazirin müavini Əli Əhmədovun tapşırığı ilə komissiya yaradılıb. Komissiya Bakı şəhərindəki bütün yataqxanaların elektrik naqillərinin vəziyyətini araşdırıb: "Onların təmiri ilə bağlı lazım olan vəsait aydınlaşdırılıb və komissiyanın rəyi hazırda Nazirlər Kabinetinə təqdim olunub". Komitə sədri eyni zamanda bildirib ki,  Milli Şuranın keçirdiyi piketdə evsiz olduğu ilə bağlı videomüsahibə verən məcburi köçkünün yalan danışdığı məlum olub.

R.Rzayevin qeyd etdiyinə görə, bununla bağlı Komitədə araşdırma aparılıb: "Ona və ailə üzvlərinə ev verilib". Komitə sədri deyib ki, Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədidə yaşayır: "Bərdə rayonunda torpaq sahəsinin ayrılması ilə bağlı proses gedir. Ancaq mən deyə bilmərəm ki, orda binalar tikməyə nə zaman başlayacağıq. Hazırda Lənkəranda 45 ailəlik bina tikilir. Füzuli rayonunda işğaldan azad olunmuş kənddə fərdi evlər tikilir. Hazırda Cocuq Mərcanlıda hər 150 evə bir əlavə tikili inşa olunur  Kürdəmirdə 560 ailəlik yaxın günlərdə qəsəbə təhvil veriləcək  Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi evlər tikilib, artıq köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir". Dövlət Komitəsinin sədri 2020-ci ildə görüləcək işlərdən danışıb: "Gələn il üçün təkliflərimiz hazırlanıb. Harada nə tikiləcəksə bu barədə müvafiq işlər görüləcək. Hələ ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq. Büdcəyə uyğun olaraq tikinti işlərinə başlanılacaq".

Kamil HƏMZƏOĞLU

 

 





10.10.2019    çap et  çap et