525.Az

"İndi hanı o bağlar..." - Rəşad Məcid yazır


 

"İndi hanı o bağlar..." - <b style="color:red">Rəşad Məcid yazır </b>

Bu günlərdə "Qanun" nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə görkəmli Azərbaycan yazıçısı İsi Məlikzadənin "Qatarda" hekayələr kitabı çap olunub.

Yazıçının ilk qələm təcrübələrindən həyatının son dönəminə qədər yazdığı, demək olar ki, bütün hekayələrinini toplanıdığı kitaba AYB-nin katibi Rəşad Məcid "İndi hanı o bağlar..." sərlövhəli Ön söz yazıb.

Ön sözü "525-ci qəzet"in oxucularına təqdim edirik.

(Ön söz) 

Çağdaş nəsrin ustalarından sayılan unudulmaz yazıçımız İsi Məlikzadənin yaradıcılığına daha çox diqqət yetirilməsinin, onun əsərlərinin geniş çapının vacibliyi barədə son zamanlar xeyli danışılıb. Əsərləri müstəqillik illərində az çap edilən görkəmli nasirin yaradıcılığının layiqincə nəşri yönündə bir sıra cəhdlər də olub. Ancaq bütün bunların ədibin irsinin təbliği baxımından arzuolunan nəticələr verdiyini söyləmək, təəssüf ki, mümkün deyil.

Bu il İsi Məlikzadənin anadan olmasının 85 illiyi tamamlanır. Azərbaycan Yazıçılar Birliyində yaradıcılığının təbliği bir qədər diqqətdən kənarda qalmış ədiblərimizin kitablarının nəşri ilə bağlı müzakirələr zamanı qərara gəldik ki, Əli Kərim və İsi Məlikzadənin kitablarını mütləq çap edək. Yeni nəslin bu iki sənətkarın yaradıcılığına daha dərindən və ətraflı bələd olması üçün onların kitablarını latın qrafikasında nəşrə hazırlayaq. Bu təşəbbüs AYB-nin sədri, Xalq yazıçısı Anar tərəfindən təqdirlə qarşılanıb dərhal dəstəkləndi.

Anar müəllim İsi Məlikzadəni həmişə xoş duyğularla xatırlayır və yaradıcılığına çox böyük qiymət verir. Onlar bir ədəbi nəslin - "altmışıncılar"ın nümayəndələri olublar, adları dəfələrlə yanaşı çəkilib. Anar müəllimlə, Fikrət Qocayla birlikdə Ağcabədidə tədbirlərdə olarkən İsi Məlikzadənin məzarını ziyarət etmişik.

İsi müəllimin Ağcabədidəki doğulduğu ev boşdur. Ailəsi həmin ünvanın ədibin ev muzeyinə çevrilməsini arzulayırdı. Bununla bağlı bir neçə dəfə müraciətlər oldu. AYB sədri Anar da, baş nazirin müavini olduğu dönəmdə Xalq yazıçısı Elçin də bunun üçün xeyli çalışdı.

Tale belə gətirdi ki, İsi müəllim bu dünyadan erkən, həm də qarışıq bir dövrdə köçdü, layiq olduğu təltifləri, fəxri adları almağa ömrü vəfa etmədi. Amma bir müddət də yaşasaydı, yəqin ki, özünün zəngin və qiymətli yaradıcılığına görə dövlətimiz tərəfindən yüksək təltiflərə layiq görüləcək, çox güman, Azərbaycanın Xalq Yazıçısı adını da alacaqdı. O halda, heç şübhəsiz, xatirəsinin əbədiləşdirilməsi, eləcə də ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər çox asanlıqla öz həllini tapacaqdı.

İsi Məlikzadənin 85 illiyi münasibətilə bu kitabı nəşr etdirməklə biz onun ruhuna, yaradıcılığına dərin ehtiramımızı bir daha göstərməyə, vəfa borcumuzu müəyyən mənada yerinə yetirməyə çalışdıq. Fikirləşdik ki, İsi Məlikzadənin bütün hekayələrini bu kitabda toplayaq, müasir oxucular, xüsusən gənc yazarlar həmin əsərlərlə rahat tanış olub, ədibin sənətkarlığından bəhrələnə bilsinlər. Çünki İsi Məlikzadənin nəsri, onun hekayələri təkcə oxuculara maraqlı olmaqla məhdudlaşmır, həm də yeni nəsil yazarların öyrənməsi üçün həmişəyaşar mənbə məziyyəti daşıyır.

İsi Məlikzadənin hekayələrini çapa hazırlayarkən onun 40 il əvvəl oxuduğum əsərlərinə yenidən qayıtdım. Bu qayıdışla bir daha yəqin etdim ki, İsi Məlikzadə Azərbaycan nəsrində öz fərqli dəsti-xətti, orijinal və maraqlı təhkiyəsi, müəllifinin imzasını daima parlaq saxlayacaq hekayə və povestləri ilə xüsusi yer tutan yazıçıdır. Eyni zamanda, dostlarının xatirələrində nəcibliyi, dadlı-duzlu yumoru, hazırcavablığı, şirin söhbətlərilə yaşayan, yaddaşlardan silinməyən təkrarsız şəxsiyyətdir.

Mənim yaddaşımda ta uşaqlıq və gənclik illərimdən bəri İsi Məlikzadə həmyerlimiz kimi də özünə məxsusi yer tapıb. Ağcabədidən pərvazlanmış İsi müəllimin mərhum atamla dostluq münasibəti, xoş ünsiyyəti vardı. Mən ədəbiyyata meyl salıb 1970-ci illərin sonlarından ədəbi proseslə maraqlandığım üçün "Azərbaycan", "Ulduz" jurnallarının hər yeni sayını intizarla gözləyir, oradakı yeni əsərləri ardıcıl mütaliə edir, hər imzaya, müəllifin əsərlərinə diqqət yetirirdim. Onların arasında İsi Məlikzadə imzası məndən ötrü xüsusilə əziz və doğma idi. Gözəl əsərlərilə yanaşı, həmyerlimiz olmasının, atamla dostluğunun da bunda ayrıca rolu vardı. Biz onda Ağdamda yaşayır, Ağcabədiyə hərdənbir gedirdik. Amma mən hər dəfə Ağcabədiyə gedəndə İsi Məlikzadənin sevə-sevə oxuduğum povest və hekayələrindəki qəhrəmanların prototiplərini axtarırdım. Bəzən onun yaratdığı obrazlara oxşayan adamlarla rastlaşırdım da. İsi müəllimin qızı Xatirə xanım Məmmədli də müsahibələrindən birində bu haqda danışmışdı: "Onun az qala bütün qəhrəmanlarını tanıyıram. Həmişə özündən və yaxın ətrafından yazırdı. Amma təbii ki, bədii səviyyəyə qaldıra bilirdi".

Tənqidçi Vaqif Yusifli İsi Məlikzadənin kitabına yazdığı "Sözün ömrü qədər" adlı Ön sözündə onun qəhrəmanlarını belə təqdim edir: "Yalnız hekayə və povestlərindən tanıdığım və sevdiyim İsi Məlikzadə ilə ünsiyyətim məndə belə bir fikir yaratdı ki, İsi Məlikzadə ilə onun təsvir etdiyi qəhrəmanlar arasında güclü doğmalıq var. Sanki o, öz ömrünün ayrı-ayrı aylarını, illərini obrazlarına paylayıb. İsi bütün əsərlərində özünü yaradıb. Ancaq eyni zamanda, o qəhrəmanların hər biri də öz ömrünü yaşayıb. "İki günün qonağı"ndakı mühəndis İslam sanki İsinin özüdür, "Quyu"da, "Yaşıl gecə"də, "Günəşli payız"da, "Dədə Palıd"da, "Gümüşgöl əfsanəsi"ndə də təsvir olunan qəhrəmanlar İsinin mənəvi dünyasından güc almışlar".

Sonralar İsi Məlikzadə ilə bir neçə dəfə görüşdüm. Bu görüşlər onun haqqında düşüncələrimi, təsəvvürlərimi, təbii ki, müsbət mənada doğrultmaqla yanaşı, daha da dolğunlaşdırdı.

1995-ci ildəki - ölümündən bir az əvvələ təsadüf edən - görüşümüz nisgilli, kədərli məqam kimi xatirimdə qalıb. Ağır vaxtlar idi. O zaman yaxından müşahidə etdim ki, Qarabağ itkisi, yeni müstəqillik qazanmış ölkədəki təlatümlər İsi müəllimə çox dərin sarsıntılar gətirib. O, bir qarabağlı, azərbaycanlı kimi ölkənin, xalqın üzləşdiyi çətinlikləri, dərdləri dərindən hiss edir və bölüşürdü. Hətta son povesti olan "Qırmızı şeytan"ı da bu mövzuya həsr etmişdi. Qızı Xatirə xanım həmin povesti atasının yaradıcılığında ən sevdiyi əsər adlandırır: "Çox sevdiyim "Qırmızı şeytan" adlı gözəl bir əsəri var. Sonuncu əsəridir. 20 Yanvar hadisələrindən bəhs edir. Həm də 1918-ci ildə rus ordusunun Qarabağa gəlməsindən söz açılır, dövrlər müqayisə olunur". Vaqif Yusifli isə həmin povest barədə yazır: "Bu povestdə o, illərdən bəri içində püskürən qəzəb və etirazını, yaşadığı cəmiyyətdən narazılığını bədii sözlə ifadə etdi".

İsi Məlikzadə erkən deyə biləcəyimiz məqamda, yaradıcılığının müdrikliyə qədəm qoyduğu vaxtda - 61 yaşında dünyamızı tərk etdi. Onun vəfatı ilə bağlı vida sözü, nekroloq yazmışdım. "Qəfil ölüm" adlandırdığım həmin yazıda da qeyd etdiyim kimi, XX əsr Azərbaycan nəsrinin səhifələrindən İsi Məlikzadə imzası heç vaxt silinməyəcək: "Onun duzlu, düşündürən hekayələrini, povest və romanlarını xalqımız uzun illər sevə-sevə oxuyacaq. Yəqin ki, çox-çox illər sonra da İsi müəllimin əsərləri əsasında filmlər çəkiləcək, tamaşalar səhnəyə qoyulacaq. Bu gün ədəbiyyat maraqlısı olan hər bir kəsin evi İsi müəllimin əsərlərindən xali deyil. Azərbaycan xalqı illər ötdükcə yenə də onun kitablarına üz tutacaq, yenə də "Qatarda" tamaşasına baxacaq və onun əsərləri həmişə insanların ən qəmli vaxtında belə köməyə çatacaq, bir ümid çırağına dönəcək".

Düşünürəm ki, İsi Məlikzadənin bu kitabda yer alan hekayələri barədə fikirlərimi, təzələnən təəssüratlarımı da bölüşməyim heç də yersiz alınmaz. Çünki onların mənim zehnimdə, yaddaşımda aydın, əsaslı izləri var.

Məsələn, "Qarlı bir gün" hekayəsindəki sürücü Qəzənfər, "Oğul"dakı Tahir kimi personajlar, onillərdir ki, mənim hafizəmdə öz yerini qoruyur. Saf təbiətli, dürüst bir insan kimi təqdim olunan sürücü Qəzənfər ilk iş günündə müdirinin kobudluğunu görüb ona qarşı çıxır, xarakterini nümayiş etdirərək etirazını bildirir, oradan uzaqlaşır. Və ya "Oğul" hekayəsində oğlunun evə gec gəlməyindən narahat olan xəstə ata səbrini basa bilmir, əsəbləşir, həyat yoldaşına gileylənir, oğlu evə gələndə isə acığından ona sillə vurur. Sonra məlum olur ki, oğlu məhz atasının xəstəliyinə görə, universitetdə oxuya-oxuya həm də işləyirmiş... Belə obrazlar və hadisələr sonralar inkişaf edərək İsi müəllimin povestlərində daha gözəl və bütöv şəkildə üzə çıxdı, bir qədər də canlanıb püxtələşdi.

İsi Məlikzadənin incə yumoru hələ keçən əsrin altmışıncı illərində yazdığı "Yuxu dərmanı" hekayəsində də aşkar hiss olunur. O yumor tədricən güclənərək, yeni çalarlar alaraq ədibin məşhur hekayələrində təkmil halına çatıb.

1979-cu ildə "Azərbaycan" jurnalında İsi müəllimin "Dədə palıd" povesti çap olunmuşdu. Povest axıcı, lirik təhkiyəsiylə bir nəğmə kimi qalıb yadımda. Oxuduqca yazıçının yaratdığı pak, sadəlövh obrazlar - Nurcabbar, Bağır yenidən gözümdə canlanır. Bir də "pul qazanmaqdan savayı dərdi olmayan, puldan ötrü anasının əmcəyini kəsən" Piti Namaz var, təbii ki.

Oradakı ən yaddaqalan, təsirli məqamlardan biri də cəmiyyətdə özünə yer tapa bilməyib mehrini təbiətə salan Nurcabbarın Kür çayıyla dərdləşməsidir:

"- Mən gedəriyəm, sən əbədi. Mən acizəm, sən güclü. Qoru bu dünyanı acgözlərdən. Onların gətirdikləri bəladan, yamanlıqdan hifz elə bizi. Qorxuram acgözlərdən, Kürüm, qorxuram". 40 il əvvəl yazıçının inanılmaz intuisiyayla hiss etdiyi dərdlər sonralar qabardı, şişdi. Acgözlük dalğasında Nurcabbarlar məhv oldu, Bağırlar ev-eşiksiz qaldı, Piti Namazlar hörmətə minib iş adamına çevrildi...

Qeyd etdiyim kimi, İsi Məlikzadənin povestlərinə lirik təhkiyə, rəvan ahəng xasdır. Onun əsərlərini təkrar mütaliə etdikcə, bəzi məqamlarda Xalq yazıçısı Anarın hələ 1984-cü ildə yazdığı "Nəsrin fəzası" məqaləsində İ.Məlikzadə haqqında qələmə aldığı fikirlərini xatırlayıram: "İ.Məlikzadə üçün təbiətin mühafizəsi problemi - yüzillik palıdın qorunması ("Dədə palıd"), nadir fauna qoruğunda qayda-qanuna ciddi riayət olunmaları ilə sıx surətdə bağlıdır.

... İ.Məlikzadənin əsərlərində bu problemlər alleqoriya və metaforasız, sırf realist aspektdə qoyulur. Alleqoriya və simvollar varsa da, yalnız başlıqlardadır. "Yaşıl gecə", "Dədə palıd", "Quyu" - əlbəttə, rəmzlərdir, metaforadır.

... İ.Məlikzadənin əsərlərinin məkanı həmişə ciddi fabula çərçivələri arasındadır. O, povestdən povestə, demək olar ki, eyni mənəvi modellə, hətta müxtəlif materiallar əsasında eyni əxlaqi situasiyaya ayrı-ayrı nöqtələrdən baxa-baxa müraciət edir. Povestlərin süjet xətləri, onların fakturaları eyni olsa da, mənəvi konfliktin mahiyyəti eyni modelə gəlib çıxır - etik prinsiplərdən əl çəkərək, əvəzində böyük nemətlərə, güzəşt və imtiyazlara sahib olmaq, ya da bütün bunlardan imtina etməklə ləyaqəti, şəxsiyyəti qoruyub saxlamaq. Özü də yazıçı personajların yaşını, peşəsini və xarakterlərinin xüsusiyyətlərini dəyişərək, problemlə qarşılaşan qəhrəman modelinin ümumi cizgilərini saxlayır: cavan, hələ heç fiziki cəhətdən möhkəm olmayan qəhrəmanlar (Qaçay da, Umud da, Qərib də belədir) axırda özlərinin mənəvi mətinliklərini nümayiş etdirirlər. Yaradıcılığına xas olan plastik görümlülük, dəqiq təsvir, canlı dialoqlar və duzlu yumorla yanaşı, "variasiyalı mövzu" adlandıra biləcəyimiz bu xüsusiyyət İsi Məlikzadə nəsrinin əsas keyfiyyətlərindən biridir".

İsi Məlikzadənin, yəqin ki, ən məşhur əsəri olan "Qatarda"nın ilkin təəssüratı hələ də məni tərk etməyib. Onun bir çox əsəri kimi, bu da sanki bir kino materialı idi. Təsadüfi deyil ki, hekayə çap olunandan az sonra rejissor Ramiz Həsənoğlu onun əsasında televiziya tamaşası hazırladı, Həsən Əbluc, Yaşar Nuri, Hamlet Xanızadə və başqa usta aktyorların ifasında uğurla təqdim olundu. Tamaşa böyük əks-səda yaratdı və indiyə qədər də Azərbaycan Televiziyasının klassik işləri sırasında müstəsna mövqeyini qorumaqdadır. Xalq şairi Qabil bu əsərlə bağlı vaxtilə çox dəqiq fikir bildirmişdi: "İsi Məlikzadə Azərbaycan nəsrinin Çexovu idi, Şukşini idi. O, heç bir şey yazmasaydı da, əxlaq, sima, gözəllik, mütilik və kişilik poeması olan "Qatarda" onun bəsiydi".

Həmin yüksək cəhətləri əsas götürüb, biz də bu kitabı "Qatarda" adlandırdıq. Ancaq bir daha vurğulayıram ki, İsi müəllimin bu kitabdakı digər hekayələri də orijinallığı, koloritli obrazları baxımından son dərəcə maraqlı və dəyərlidir. "Cehiz güzgüsü" hekayəsindəki yekəxana, özündənrazı, ancaq həm də saf təbiətli Nəsir obrazı "Qatarda"nın Dadaşovuna xeyli bənzəyir, bir mənada, onun "əcdadı" sayıla bilər. Amma Dadaşov bəlli anlamda Nəsirin daha təkmil variantıdır. Güman ki, İsi Məlikzadə həmin illərdə həqiqətən də məhz belə bir adamı müşahidə eləmişdi və onun xarakterik obrazını ustalıqla yaratmışdı.

Yaxud da ədibin "Bu dağlar - qoşa dağlar" hekayəsini oxuyanlar, sözsüz ki, "Kişi sözü" filmini, oradakı xoş ovqatı, duzlu-məzəli epizodları xatırlayacaqlar.

"Talisman" hekayəsində də süjet o qədər dinamik, təsvirlər elə canlıdır ki, İ.Məlikzadənin ssenarist kimi də necə mahir olduğu dərhal diqqət çəkir. Təsadüfi deyil ki, indi də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri kurs və ya diplom işlərində kiçik sujetli filmlər çəkərkən tez-tez onun hekayələrinə müraciət edirlər. Yadımdadır ki, rejissorluq fakültəsinin tələbəsi, gənc istedadlarımızdan biri Vasif Rzalı özünün kurs işi üçün yazıçının "Duz" hekayəsini seçərək, onun əsasında qısa film çəkmiş, uğurlu ekran işinə imza atmışdı.

İsi Məlikzadənin 1984-cü ildə yazdığı "Bir göyün altında" hekayəsi elə bir dövrdə yazılmışdı ki, onda hələ Qarabağ hadisələri, Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasına illər vardı. Amma müxtəlif yerlərdə erməni təxribatları başlamışdı, qismən də olsa, bəd niyyətləri üzə çıxırdı. Şübhəsiz ki, yazıçı fərqli intuisiyası ilə bunları çox öncədən duyurdu. İsi Məlikzadə əslində, çox humanist, xoş niyyətlə yazılmış bu hekayədə eyni zamanda, erməni xislətini açıb göstərə bilmişdi.

"Şehli çəmənlərin işığı"nda 60 yaşı tamam olan Mirzənin həyat yoldaşı Nina beş il əvvəl rəhmətə gedib, oğlu və qızının başları öz həyatlarına qarışıb, atalarının ad gününü elə-belə, dilucu təbrik ediblər. Və birdən Mirzə yeddinci sinifdə oxuyarkən öz sinif yoldaşı Həsənə vurduğu silləni xatırlayır, 46 ildən sonra Həsən gəlib Mirzənin yadına düşür. O vaxt sinif yoldaşları Qəşəng Mirzəyə baxdığı üçün ona sakit səslə irad tutan Həsənin hərəkəti Mirzənin qüruruna toxunur və hər kəsin içərisində Həsənə sillə vurur. Bu hadisə düz 46 ildən sonra belə Mirzəni rahat buraxmır və 60 yaşında Vətənə dönür, bacısına "ölməyə gəlmişəm" deyir, amma həm də üzrxahlıq etmək üçün Həsəni axtarır. Sən demə, həmin sillədən sonra Qəşəngin meyli Həsənə yönəlib... Yazıçı burada çox mürəkkəb psixoloji məqamı rahat və sadə şəkildə ifadə edir. Sən demə, adi bir sillə kimisə 46 il rahat buraxmadığı halda, başqa birinin həyatının axarını müsbətə doğru dəyişməyə qadirmiş! Uzun zamandan sonra yenidən bu hekayəni oxuyarkən bir daha İsi Məlikzadə istedadına, onun nasir qələminə heyranlıq duydum.

Və ya 1985-ci ildə yazılmış "Bir səbət üzüm" hekayəsini indi - 35 il uzaqlıqdan oxuyanda məni qəribə bir qüssə bürüdü. Bəlkə bunun bir səbəbi də doğulub-boya başa çatdığım torpağın adamlarının dərdini ifadə etməsi, oranın havasının, suyunun, insanlarının dəqiq təsvirinin verilməsidir. Həmin hekayəsində yazıçı Qarabağın Aran bölgəsini məharətlə təsvir edir və əsərdəki lövhələr məndə bu "Ön söz"ü yazdığım isti yay günlərində dərin nostalji yaradır. Dəmirçi Davud Qarabağın Aranında dünyaya göz açıb, burada böyüyüb, burada qocalıb və bu yerin ab-havasına bələddi. Bilir ki, "qəribə təbiəti var Aranın. İllah da ki, yayı lap məəttəl qalmalıdı. Gündüzlər yer-yurd qızmar saca dönür və adam bu sacda qovurğa kimi qovrulur. Amma gecələr otların, yarpaqların üstünə mirvari şeh düşür. Səhərə yaxın torpaq da, daş da buza dönür. Yayda heç haranın səhəri Aran Qarabağın səhərinə çatmaz. Belə aydın, belə sərin, belə ətirli səhər harda var?"

Bu əsərdə Aran Qarabağın səhəri İsi Məlikzadə qələminə xas əyaniliklə, doğma rənglər və cizgilərlə təsvir olunur. Hekayənin sujeti isə çox sadədir. Davud könlünə "Mərəndi" üzümü düşən həyat yoldaşı üçün vaxtilə gedib bağlardan üzüm dərərdi. İndi əvvəlki "yuxarıdan baxanda dalğalı dənizə oxşayan üzüm bağları" yoxdur. Ona görə də bu gecə könlünə "Mərəndi" üzümü düşən həyat yoldaşı üçün o üzümü hardan tapa biləcəyini çox düşünür. Yadına düşür ki, keçmiş kolxoz sədri Əlipaşanın bağında o üzümdən var. Və gizlincə bağa keçib üzümdən bir səbət yığır. Amma nə əvvəlki bağın dad-tamını hiss edir, nə də şanapipiklərin oxumağını eşidir. Həm də bağdan gizlin getməyi özünə yaraşdırmır və Əlipaşanı haraylayır. Onların arasında maraqlı bir dialoq yaranır. Onlar keçmiş bağları xatırlayırlar, bir-bir adlarını çəkirlər: Abbasın bağı, Mirzə Camalın bağı, Məşə Züleyxanın bağı, Möhübbətin bağı, Kələ Ələkbərin bağı... Sonra isə üzümlərin növlərini sadalayırlar. Bu söhbətdə dəmirçi Davud ürəyini boşaldır, Əlipaşaya acığını ifadə edir: "Sən kəsdin kökünü o üzümlüklərin. Onda sən kolxoz sədri idin, bağların çoxu sənin ixtiyarında idi. Uzaq bağların yerində pambıq əkdirdin, yaxın bağlardan da camaata yer verdin. Rayonda torpaq qəhət idimi?" Sonda da belə bir adamın bağından üzüm götürməyi özünə sığışdırmayıb deyir: "Sənin üzümün başına dəysin, bütün bağları güdaza verdin. İndi hanı o bağlar, hanı o şanapipiklər?"

Bu acı təəssüf dolu cümlələr indi - 2019-cu ildə daha da təsirli səslənir və təkcə o möcüzəvi üzüm bağlarını deyil, bütün itirdiklərimizi bizə təkrar xatırladır.

Bütün bu məqamları nəzərə aldıqca istər-istəməz düşünürəm ki, İsi Məlikzadə daha 10-15 il yaşasaydı, nəsrimizin üfüqləri onun yeni möhtəşəm əsərlərilə daha da aydınlanardı. Bu cəhətdən, Xalq yazıçısı Elçinin vaxtilə İsi Məlikzadənin "Quyu" povestini oxuyandan sonra ona ünvanladığı məktubundakı fikirlər tamamilə dəqiqdir: "Bu məktubun əsas səbəbi Sizin "qazdığınız" "Quyu"dur və lap əvvəldən deyim ki, yaxşı "quyu" qazmısınız, suyunun "mət kimi şipşirin, göz yaşı kimi dumduru" olması barədə bir söz deyə bilmərəm, amma bu quyu bədii psixoloji mənada gələcəyin daha dərin "Quyu"larından xəbər verir, Sizin yaradıcılığınızdakı inkişafı, bədii-estetik kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani şəkildə göstərir".

Xalq şairi Ramiz Rövşən də İsi Məlikzadəni böyük sayğı və sevgiylə yad edir: "Bu gün 73 yaşından baxanda İsinin cəmi 61 illik ömrü mənə çox qısa, hətta yarımçıq kimi görünsə də, onu təkcə kədərlə yox, həm də təbəssümlə xatırlayıram. Şairlik Allah vergisidir deyirlər, məncə, bu, yazıçılığa da aiddir. İsi anadan yazıçı doğulanlardan idi. İsi qədər incə yumoru, ironiyası olan adama çətin rast gələrdin. O, hətta heç nə yazmasaydı da, onun söhbətlərini, danışıqlarını yığıb bir kitab eləsəydik, o kitab əllərdən düşməzdi. Heyf ki, o söhbətləri nə özü yazdı, nə də dostları. Amma xoşbəxtlikdən İsi özünün gözəl povestlərini, hekayələrini yazdı. Onun ədəbiyyata gəldiyi 60-cı illər ədəbiyyatımızda, mədəniyyətimizdə bir oyanma, canlanma, təzələnmə dövrü idi. Şeirdə də, nəsrdə də bir-birindən parlaq, yeni-yeni imzalar peyda olur, "xırda-xırda zəlzələlər baş verirdi". O parıltının, gurultunun fonunda İsinin ədəbiyyata gəlişi nisbətən sakit, hay-küysüz oldu. Təxminən 30 ildən sonra - 1990-cı illərin ortalarında ölkəmizdə siyasi təlatümlərin, çaxnaşmaların fonunda İsinin dünyadan getməyi də eləcə sakit, səs-küysüz oldu. Hətta onu sevən oxucuların bir çoxu bəlkə bu itkidən heç xəbər də tutmadı. Amma bu gün İsi Məlikzadənin hər bir üslubçuluqdan, əllaməçilikdən uzaq, həyat kimi təbii və iddiasız, insana sevgi və rəhm dolu əsərlərini oxuyanda bu əsərlərin indi doğma Ağcabədi torpağında uyuyan müəllifinin necə xoşbəxt bir yazıçı taleyinə sahib olduğunu bir daha təsdiqləyirsən".

Sonrakı ədəbi nəsillərin nümayəndələri də İsi Məlikzadə yaradıcılığına yüksək qiymət veriblər. Yazıçı Fəxri Uğurlunun da onun haqqında düşüncələri diqqət çəkir: "Onun təhkiyəsi ənənəvidir, bəzi nəsildaşları, məsələn, Anar, Elçin, Yusif Səmədoğlu kimi fantasik, fantasmaqorik, irreal süjetlərə əl atmayıb, ancaq onun realizmini mahiyyətcə fantastik realizm də adlandırmaq olar, çünki bu realizm səthi deyil, onun əsərlərində obrazların davranışları, situasiyalar, novellaya xas sərt, kəskin dönüşlər insan qəlbinin ən dərin, dəruni tərpənişlərinin işığında təsvir olunur. Adətən, yazıçılar qeyri-real, fantastik süjetlərə, fantasmaqoriyaya obrazların varlığını, situasiyaların kəskinliyini parlaq, aydın şəkildə təsvir eləyə bilmək üçün əl atırlar. İsi Məlikzadənin bu kimi metodlara ehtiyacı olmayıb, o, adi reallığın özünü fantastika səviyyəsinə qaldıra bilib.

Yazıçının dili, üslubu da doğulub-böyüdüyü Ağcabədi torpağının, Aran Qarabağın stixiyasından yoğrulub. Bu üslub sanki uca dağlardan enib gəlmiş yorğun Kürün aran düzlərində ağır-ağır, fikirli-fikirli, həm də arxayın-arxayın axışından yaranıb.

İsi Məlikzadə qəhrəmanlarını sərhəd situasiyasında - ya o, ya bu vəziyyətində saxlamağı sevir. Onların əsəblərini gərginliyin pik həddinə qədər gərir, sanki obrazı sınayır, onun bəlli situasiyada özünü necə aparacağını bilmək istəyir - eynən ata övladını alışmadığı bir işə buyurub, yaxud tanımadığı bir mühitə salıb onun özünü nə cür aparacağını bilmək istədiyi kimi. Sonra isə eynən bir ata şəfqətiylə əl atıb obrazı düşdüyü "zibillikdən" çıxarır, onu təbəssümlə yenidən adi, dinc həyatın axarına qaytarır. Bu baxımdan onu tragikomik situasiyaların ustası da saymaq olar. Sələfi Əbdürrəhim bəylə bu məsələdə çox səsləşir".

Mən bu kitabın hazırlanması prosesində fərqli duyğular keçirdim. Təkcə gözəl yazıçımız İsi Məlikzadəni xatırlamadım, həm də keçən illərə, zamana, dövrə qayıtdım, hüzn və kədərlə ötən onillərə boylandım. İşin ən xoş və sevindirici tərəfi isə görkəmli yazıçımız İsi Məlikzadə yaradıcılığı ilə ilk dəfə tanış olacaq oxucuların keçirəcəkləri gözəl hissləri öncədən təsəvvür etməyim idi.

 





10.10.2019    çap et  çap et