525.Az

Tarix salnaməsində iz qoymuş novator alim


 

Tarix salnaməsində iz qoymuş novator alim<b style="color:red"></b>

Tanınmış insanlar, görkəmli alimlər, qayğıkeş müəllim-ziyalılar haqqında fikir söyləmək, onları oxuculara və elmi ictimaiyyətə gərəyincə və yetərincə təqdim etmək olduqca çətin, son dərəcə məsuliyyətli bir işdir. Çünki bu çətinlik və məsuliyyət həmin alimin elm sahəsində sanbalı, elmə verdiyi töhfələri, insanlara, Vətənə, millətə, dövlətə, dövlətçiliyə münasibəti ilə, onun cəmiyyətdəki nüfuzu ilə sıx bağlıdır.

Bu mənada, haqqında ürək sözlərimi ifadə edəcəyim tarix üzrə fəlsəfə doktoru, dosent, ictimai-siyasi xadim Abutalıb Qasımov elmdə və təhsildə olduğu kimi, həyatda da 62 illik şərəfli bir ömür yolunu ləyaqətlə addımlamış alim-müəllim, ziyalı kimi həm-karlarının, tələbələrinin, yetirmələrinin, ictimaiyyətin qəlbində özünə məskən salmış qayğıkeş müəllimlərimizdən biri olmuşdur. Böyük məmnuniyyətlə Abutalıb müəllim haqqında qələmə aldığım bu sətirlər ürəyimdə tələbəlik illərindən (1991-1995) və sonrakı fəaliyyətimiz illərində yer almış ülvi insani hisslərimin təzahürüdür, tanınmış təhsil işçisinə, milli təhsil və tarixçi kimi tariximizin görkəmli tədqiqatçısına olan hörmət və ehtiramın ifadəsidir.

Abutalıb müəllim anadan olduğu, böyüyüb başa çatdığı Əlincəçayın sağ sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşən Saltaq kəndinin ünyetməz dağları, durnagözlü çayları, bulaqları kimi əyilməz, dağ vüqarlı, saf ürəkli, həlim təbiətli, aydan arı, sudan duru xarakterli bir insan, qayğıkeş müəllim, dostluğa möhkəm, az danışıb çox iş görən dərin təfəkkürlü alim idi.

Mən Abutalıb müəllimi həmişə belə tanıdım. Hələ 1994-1995-ci illərdə Təhsil naziri işlədiyi dönəmlərdə təhsildə aparılan islahat prosesləri, həyata keçirilən təhsil layihələri ilə bağlı hamının diqqətini cəlb edən, dərin məzmunlu, ortaya sürdüyü aydın ideyalı təklifləri ilə dinləyiciləri ovsunlayan Abutalıb müəllimdə müdriklik keyfiyyəti var idi. Və onu da deməliyəm ki, bu üstün keyfiyyətlər yaşın hüdudu ilə deyil, onun daxili tərəfindən irəli gəlirdi. Mən bu keyfiyyəti onun Beynalxalq konfrans və simpoziumlardakı çıxışlarında, birgə iştirak etdiyimiz çoxsaylı elmi-praktik konfranslarda da dəfələrlə müşahidə etmişəm.

Son dərəcə səmimi, genişürəkli, həmişə axtarışda olan insan kimi tanıdığım Abutalıb müəllim istər elmdə, istər təhsil sistemində, istərsə də həyatda çoxları üçün əlçatmaz zirvələri fəth etmiş xoşbəxt taleli ziyalılarımızdan, peşəkar maarifçi pedaqoqlarımızdan idi.

Müəllimlik sanki Abutalıb müəllimin boyuna biçilmişdi. Saflıq, təmizlik, təvazökarlıq, xeyirxahlıq Abutalıb müəllimi həmkarlarına, tələbələrinə, bütövlükdə insanlara sevdirən keyfiyyətlər arasında aparıcı yer tuturdu.

Görəsən, Abutalıb müəllimi başqa hansı personoloji modellərlə təsvir etmək olar? Şəxsiyyət modelləri ilə. Onlardan biri xüsusilə əlamətdardır. Psixologiyada bu modeldə şəxsiyyətin siptomlar kompleksi belədir: ürəyiaçıqlıq, xeyirxahlıq, ekstroversiya, ünsiyyətlilik və nevrotizm. Qeyd etdik ki, Abutalıb müəllim ürəyiaçıq və həm də xeyirxah bir insan idi. Karl Yunqun sözləri ilə desək, insan xeyirxahdır, həm də insanlara böyük qayğı hissləri ilə yanaşır, onları həmişə gülərüzlə qarşılayır. Emosionallıq onun üçün səciyyəvi idi. Hamıya hörmət edir və Karl Xorninin sözləri ilə desək, bu yolla əslində, özünə əbədiyyən hörmət qazandırırdı.

Abutalıb müəllimin bir alim kimi tədqiqatlarında Azərbaycanla bağlı Naxçıvan tarixinin müxtəlif problemləri də geniş təhlil obyektinə çevrilmişdir. Müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda - Vaşinqtonda (1998-ci il iyun, ABŞ), Moskvada (1998-ci il may, Rusiya), Tehranda (1996-cı il iyun, İran), İğdırda (1997-ci il oktyabr, Türkiyə), Vanda (1998-ci il aprel, Türkiyə), Tbilisidə (1999-cu il iyun, Gürcüstan), Qarsda (1999-cu il dekabr, Türkiyə), İstanbulda (2000-ci il iyun, Türkiyə) məruzələrlə çıxış etmiş, Azərbaycannın tarixi həqiqətlərinin bütün dünyaya çatdırılmasında yorulmadan, usanmadan fəallıq göstərmişdir. Göründüyü kimi, Abutalıb müəllim öz ixtisası sahəsində mühüm əhəmiyyət kəsb edən işlər görmüş, tarix salnaməsinə öz xidmətləri ilə seçilən novator alim kimi daxil olmuşdur. Abutalıb Qasımov Azərbaycanda tarixşünaslığın təşəkkül və inkişaf tendensiyasını ona görə mükəmməl təqdim edə bilmişdir ki, o, tədqiq etdiyi dövrün, ölkənin siyasi, iqtisadi, mədəni mənzərəsini nəzərə almış, əvvəlcə həmin şəraitdəki elmi zəmini müəyyənləşdirmişdir. Nəzəri-metodoloji əsasları üzə çıxardıqdan sonra tarixşünaslıqdakı milli və bəşəri təsir dairəsi, ziddiyyətlər aşkarlanmış, tam və sistemli elmi inkişafın konseptual mahiyyətini açmışdır.

Abutalıb Qasımov həm milli, həm də Şərq və Qərb tarixinə bələd olduğundan, təhsil, təlim, tərbiyə sahəsində tarixi təcrübə və ideyaları bildiyindən, müasir problemlərin həllinə daha optimal yanaşırdı. Çünki O, dialektikanı - tarixiliyi, varisliyi, müasirliyi elmi şəkildə görə bilirdi. Ona görə də elmi əsaslı daha səmərəli fikirlər, ideyalar irəli sürə bilmiş, praktik əhəmiyyətli işlərin öhdəsindən lazımınca gələ bilmişdir. Abutalıb müəllimin fəaliyyəti çox geniş, çox istiqamətlidir. Onun yaradıcılığını tədqiq etmək, araşdırmaq mənim profilimə uyğun deyil. Ancaq mən əminəm ki, onun yaradıcılığını tədqiq edəcək, araşdıracaq bir ziya sahibi qollarını çırmayıb ortaya çıxacaqdır.

Abutalıb Qasımovun digər unudulmayacaq keyfiyyətlərindən bir yanaşmanı da qeyd etmək istərdim. O, əsl pedaqoq idi, tələbələrinə öz övladı kimi qayğı göstərər, onlara fərdi yanaşar, hər bir tələbənin nəinki dərs keyfiyyəti ilə maraqlanar, onların problemlərini, maddi və mənəvi vəziyyətlərini öyrənər və mümkün olduqca onlara (bizlərə) hər cəhətdən yardım etməyə, onları qayğı ilə əhatə etməyə çalışırdı. Abutalıb müəllim öz uşaqlıq və gənclik illərini, bu illərin çətinliklərini və sevincini, təhsil aldığı məktəbin, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universitetinin) ona göstərdiyi qayğını, əmək fəaliyyətinə başladığı orta məktəbin, aspirant olduğu AMEA-nın Tarix İnstitutunun və sonradan əmək fəaliyyətini davam etdirdiyi Naxçıvan Dövlət Universitetinin, eləcə də onun zəhmətsevərliyini, istedadını, elmi xidmətlərini daim yüksək qiymətləndirdiyini heç bir zaman unutmamış və özü də bu ənənəni davam etdirərək, öz tələbələrini qayğı ilə əhatə etmiş, istedadlı tələbələrin inkişafı üçün, onların elmi-tədqiqat işlərinə cəlb olunması üçün əlindən gələni əsirgəməmişdir. Abutalıb müəllim zamanında tutduğu vəzifədən (2000-2005) asılı olmayaraq cəmiyyətin hər bir üzvü ilə çox səmimi olmuşdur, çünki insanları sevir, hamıya bacardığı qədər yardım göstərməyə, problemlərini onlarla birlikdə yaşamağa, çətin gündə onlara dəstək olmağa çalışmışdır. Abutalıb Qasımov Onu əhatə edən insanların sevincinə də, acısına da şərk olmağı bacarırdı, çünki, O, əsl insan idi.

Aqillər deyir ki, insan zəhmətə qatlaşmaqla hər bir arzusuna çata bilər. "Adam axtardığını zəhmət qapısında tapar", "Hər kəs öz bəxtinin dəmirçisidir" kimi aforistik ifadələr zəhmətkeş insanların sanki fəaliyyət proqramıdır. Bu gün, zəhmətkeş insan, əsl insan dediyimiz Abutalıb Qasımov aramızda olmasa da, həyatda və elmdə qazandıqlarına gərgin zəhmətin və çalışqanlığın hesabına nail olmuşdur. Tarix üzrə fəlsəfə doktoru, dosent, ictimai-siyasi xadim Abutalıb Qasımov daim sevdiklərinin və sevildiklərinin qəlbində yaşayacaq və var olacaqdır. Onun iz qoyduğu xeyir görüş və xeyir əməllər unudulmazdır.

 

 





10.10.2019    çap et  çap et