525.Az

"Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri" mövzusunda dəyirmi masa


 

"Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri" mövzusunda dəyirmi masa <b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri" mövzusunda dəyirmi masa keçirilib.
 
Dəyirmi masada ölkədə fəaliyyət göstərən siyasi partiyaların təmsiçiləri, millət vəkilləri, politoloqlar iştirak edirlər. Tədbirdə çıxışı zamanı YAP sədrinin müavini və icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı bir çox ünvana hədəflənmiş çıxış idi: "Ermənistan xülyasından əl çəkməlidir. Mesaj ünvanlanan hədəflərdən biri beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasənı üzərlərinə götürüblər". Ə.Əhmədov qeyd edib ki, Qarabağın erməni əhalisi Qarabağın Azərbaycan əhalisinin sayının 1 faizinə bərabərdir. YAP sədrinin müavininin qeyd etdiyinə görə, İ. Əliyevin mesajının ünvanı həm də Azərbaycan cəmiyyəti idi: "Bu gün ölkənin hər yerində "Qarabağ Azərbaycandır" sədasını eşidirik. Bu, torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Yeni Azərbaycan Partiyası olaraq, bu ideyanın gerçəkləşdirilməsi üçün addımlar atırıq. Yollarda bu şüarları əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər sifariş verilib. "Qarabağ Azərbaycandır və nida işarəsi" mesajı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır". Onun sözlərinə görə, Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir: "Danışıqlar prosesində iştirak edən tərəflər bəllidir: tərəflərdən biri də Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir".

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı çıxışında deyib ki, bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir: "Bu şüar altında ümumxalq yürüşü keçirilməlidir. Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər. Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik". Millət vəkilinin dediyinə görə, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər: "Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edərək Azərbayxan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".

"Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb". Bunu isə  çıxışında  Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib. STM-in sədri bildirib ki, İ.Əliyevin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir: "Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər". Z.Oruc deyib ki, həm Rusiyanın lehinə, həm də əleyhinə olanlar bilir ki, belə yüksək tribunadan heç kəs Prezident İlham Əliyev kimi çıxış edə bilməz: "Bu çıxışın hədəfi təkcə Paşinyan, Ermənistan deyildi, həm də Azərbaycan cəmiyyəti idi. Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb. Ermənistan cəmiyyəti belə bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyil. Təsiri o qədər güclü oldu ki, Ermənistan mətbuatı belə, bu çıxışın güclü olduğunu yazdı". O bildirib ki, Azərbaycan cəmiyyətinin bu istiqamətdə təşkilatlanması vacibdir: "Gözləyirdim ki, Prezidentin bu çıxışından sonra Rusiyada yaşayan azərbaycanlılar bu istiqamətdə addımlar atacaqlar. Bunu etməli idik. Bir çox siyasətçi çağırışımıza səs verdi. Bu hərəkat ətrafında başqa xalqların da nümayəndələrini birləşdirmək mümkündür. 1990-cı ildən fərqli olaraq rusların böyük bir hissəsi bu ideyamıza tərəfdar olduqlarını bildiriblər. Ermənistan - Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycan - Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb. Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil".

Kamil HƏMZƏOĞLU

 





10.10.2019    çap et  çap et