525.Az

Respublika Uşaq Kitabxanasında xarici yazarlarla görüş - Fotolar


 

Respublika Uşaq Kitabxanasında xarici yazarlarla görüş - <b style="color:red">Fotolar</b>

Ötən gün F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Bizi birləşdirən uşaqlara olan sevgidir" adlı görüş keçirilib.

Beynəlxalq Uşaq Kitabı Şurasının Amerika bölməsinin üzvü Meqan Seyris və Böyük Britaniyanın tanınmış uşaq yazıçısı Cəmilə Geyvinlə görüşdə Azərbaycanın tanınmış uşaq yazarları, kitabxana kollektivi, oxucular və media nümayəndələri iştirak ediblər.

Kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları salamlayıb, onları Azərbaycanda, eləcə də rəhbəri olduğu kitabxanada görməkdən məmnun olduğunu deyib: "Bu gün kitabxanamız üçün çox gözəl gündür. Firudin Köçərli adına Respublika Uşaq kitabxanası artıq 55 ildir ki, fəaliyyət göstərir. Son illərdə kitabxanamız beynəlxalq təşkilatlarla, xarici müəlliflərlə əlaqələr qurur, onların Azərbaycanda, azərbaycanlı müəlliflərin də başqa ölkələrdə tanıdılması üçün bir sıra layihələr həyata keçirir. Həmin beynəlxalq təşkilatlardan biri də İBBY Beynəlxalq Uşaq Kitab Şurasıdır. Orada dünyanın tanınmış uşaq yazıçıları toplanıblar. Biz bəzi yazarlarımızın əsərlərini həmin təşkilata və bir sıra beynəlxalq festivallara təqdim etmişik. İnanırıq ki, tezliklə bizim yazıçılarımız da böyük festivalların qaliblərindən olacaqlar".

Giriş nitqindən sonra tədbir iştirakçıları qonaq yazıçılar haqqında videoçarxa tamaşa ediblər. Qeyd edilib ki, Meqan Seyris Beynəlxalq Uşaq Kitabı Şurası Amerika bölməsinin üzvüdür. Şərqi Vaşinqtonda yaşayan yazıçı, həmçinin, qobelen toxucusudur. 2007-ci ildə kitabları Amerika Kitabxana Assosasiyası (ALA) tərəfindən ən yaxşı 10 kitab siyahısına daxil edilib. Eləcə də bir çox qobolen toxumaları da sərgilərdə nümayiş olunub. Meqan ABŞ, İrlandiya, Türkiyə, Qətər, İran və Özbəkistanda olub, məktəblərdə uşaqlarla görüşüb, treninq seminarlar keçirib, alimlər, xalça toxucuları, boya ustaları  və tacirlərlə görüşərək yaş simvolizmi və sufi poeziyasını öyrənib, yazdığı romanları da həmin ölkələrə həsr edib. Özünün dediyinə görə, Yaxın Şərqdə, xüsusilə müsəlman dövlətlərində olduğu yerlərdən həmişə xalça gətirir.

Digər qonaq Cəmilə Geyvin isə Böyük Britaniyanın tanınmış uşaq yazarıdır. Anası britaniyalı, atası hindistanlı olan yazıçı, əsərlərində də müxtəlif mədəniyyətləri birləşdirir, onların bir-birinə yaxınlığını araşdırır.

Video çarxdan sonra Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllim və şagirdləri müxtəlif musiqi nömrələriylə ("Sarı gəlin", "Çılğın rəqs", F.Əmirov "Orgiya" və sair) qonaqları salamlayıblar.

Görüş yazarlar arasında fikir mübadiləsi ilə davam edib, uşaq və yeniyetmələr üçün hansı mövzularda ədəbiyyatın yazılması ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycanlı yazarlar Reyhan Yusifqızı, Solmaz Amanova, Sevinc Nuruqızı, Rafiq Yusifoğlu, Zahid Xəlil, Qəşəm İsabəyli, Eyvaz Zeynallı, İnqilab İsaq, Elvira Məmmədli, Aygün Bünyadzadə və başqaları Azərbaycanda uşaq ədəbiyyatının son durumuyla bağlı qonaqları məlumatlandırıblar. Dünya uşaqlarının ən çox hansı mövzulara müraciət etməsi, daha çox hansı problemlərlə maraqlanması məsələsinin müzakirəsində qonaq yazıçılar qeyd ediblər ki, hazırda uşaqlar daha çox irqçilik, ailədaxili münasibətlər, boşanma və sair kimi mövzularla maraqlanırlar. İndi uşaqları yaşlarından daha böyük mövzular maraqlandırır. Eləcə də nağılların, cizgi filmlərinin uşaq psixologiyasına təsiri məsələsi üzərində xeyli dayanan yazıçılar, müasir zamanda bunların mövzusuna xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıblar. Deyiblər ki, uşaq əsərləri bütün yaş qrupları üçün deyil, konkret yaş hədləri üçün yazılmalıdır. Məsələn, hazırda yazıçıların əksəriyyəti 6-12 yaş qrupları üçün əsərlər yazırlar.

Qonaqlar, həmçinin, dünya ədəbiyyatına qoşulmaqla bağlı fikirlərini də bölüşüblər. Deyiblər ki, bunun üçün beynəlxalq dil olan ingilis dilində əsərləri yazmalı, ya da bu dilə tərcümə edib təşkilatlara, nəşriyyatlara təqdim etməlidirlər. Eyni zamanda, texnologiya əsrində veb saytlar yazıçıların daha geniş auditoriyaya çıxması üçün ən gözəl vasitədir.

Meqan Seyris Şərq ədəbiyyatı, mədəniyyətiylə yaxından maraqlandığını vurğulayıb. Hətta bir neçə il öncə uzun müddət İranda qalıb, oranın tarixi və mədəniyyəti haqqında böyük bir kitab da yazıb. "Həmin zamanda axı mən nə üçün iranlı deyiləm deyə təəssüflənirdim"-deyən xanım Seyris bu cümlələrlə Şərq mədəniyyətinə olan sevgisini ifadə edib.

Sonra xarici yazıçılar Azərbaycan və onun tarixi, mədəniyyəti haqqında fikirlərini də bölüşüblər. Meqan Seyris deyib ki, 2012-ci ildə İBBY-nin 34-cü konqresində iştirak edərkən orada Azərbaycan nümayəndəliyi ilə maraqlanıblar. Onu maraqlandıran əsas cəhət isə Azərbaycanın qədim mədəniyyəti, incəsənətidir.

Bu haqda daha geniş məlumat almaq üçün Azərbaycana gəlməyin şərt olduğunu yəqinləşdirən yazarlar, avqust ayında kitabxanaya məktubla müraciət edib, qonaq olmaq istədiklərini bildiriblər və bu vasitəylə də Bakıda qonaqdırlar.

Cəmilə Geyvin Hindistanın 18-ci əsrin müəyyən bir dövründə Azərbaycanla eyni hakimiyyətdə birləşdiyindən məlumatlı olduğunu, burada olduğu günlərdə bu tarixi daha geniş araşdırmaq istədiyini bildirib.

Müzakirələrlə davam edən görüşün sonunda yerli yazıçıların və F.Köçərli adına kitabxananın öz layihəsi olan kitablar qonaqlara hədiyyə olunub. Qonaqlar da öz növbələrində kitablarını kitabxanaya hədiyyə ediblər.

Şahanə MÜŞFİQ

 

 





11.10.2019    çap et  çap et