525.Az

Tanıyaq və tanıdaq: Ədalət Duman (Ommi)


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Ədalət Duman (Ommi) </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
 
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Ədalət DUMAN (OMMİ)

1970-ci ildə Qaradağ bölgəsinin Girdəzal kəndində dünyaya gəlib. Hələ uşaq yaşlarından milli şeir və musiqiyə vurulub və Azərbaycan radiosunda gedən verilişlərə dərin maraqla qulaq asıb. Elə o zamanlardan da şairlik duyğusu Ədaləti xəyallar dünyasına aparıb və kiçik yaşlarından şeir yazmağa başlayıb. Günümüzədək üç şeir kitabı nəşr edilib. Quzey Azərbaycanda radio və televiziya velişlərində çıxışları olub, qəzetlərdə çoxlu sayda şeirləri dərc olunub. Ədalətin şeir dili rəvan və axıcı, şivələrə yaslanmayan təmiz türkcədir.

Məktub
 
O mənim dünyamdı, canımda candı,
Axtar, ünvanını o yara məktub.
Yetir əhvalımı gördüyün kimi,
Dərdimin təbibi o yara məktub.

Bir baxış məndəndi, bir baxış ondan,
Beləcə başlandı bir bax iş ondan,
Sağalmaz qalıbdı bir baxışından,
Söylə sinəmdəki o yara məktub!

Bilmirəm mən hansı dağları yaram,
Onsuz da bir yarsız yaralı yaram,
Bir süzgün baxışdan yarılar yaram,
Bəlkə insaf edə o yara məktub.

***

Sinəmi yandırır yığılan sözlər,
Nə gərək zorunan doğulan sözlər,
Nə çox burulğanda boğulan sözlər,
Umud əllərini uzadır bizə...

***

Bircə söz ölümdən alarsa şair,
O sözdə yaşadar min il şairi.
Sözün ürəyinə dolarsa şair,
Əlbəttə, olacaq könül şairi.

***

Sözün qayğısını, nazını çəksən,
Söz özü düzülüb şeirin olacaq.
Nə qədər mənanı sən üzə çəksən
Şeirin də o qədər dərin olacaq.

***

Ulduzlu göylərdə qol-qanadımız,
Yerin bağrındakı kökümüzdü söz.
Bu gün həyatımız, ağız dadımız,
Dünəndən sabaha yükümüzdü söz.

Dizim qurudu

Yol üstə durmaqdan dizim qurudu,
Gözün yağı dondu, dizim qurudu,
Çox da kı baxırsan üzüm qurudu,
Ağlayır qəlbim də, könlüm də mənim.

Nədən belə görünürsən gül üşək?
Soldurmasın üzündəki gülü şək,
Baxışınla aramızda gülüş ək,
Ümidlər göyərsin könlümdə mənim.

Azca sən hər şeyi pulnan alma san,
Ələ düşməz bir də belə almas an,
Sən Dumanın incik könlun almasan,
Bəs necə ovunsun könlüm de mənim...

Mələk ətrini

Könlümü tər təzə yaza döndərər,
Payızda gətirsə külək ətrini.
Tək sənin bir səsin gəlsin, bizlərə,
Yüz il duymasam da çiçək ətrini.

Ömrüm haqqa gedən yola çevrilər,
Günüm sənli keçən hala çevrilər,
Hicranın acısı bala çevrilər,
Uzaqdan alarsa ürək ətrini.

Sən dəniz, mən sənə həsrət bir zinə,
Duman tək sürünnəm sən olan yönə,
Yüz dəfə ölsəm də, dirilləm yenə,
Yetirsən ruhuma mələk ətrini...

Düşürəmmi yadına?

Sənin mənsiz darıxmağa vaxtın yox,
Heç olmasa düşürəmmi yadına?
Əlin qardan, üzün buzdan çox soyuq,
Nədən belə mən yanıram oduna?

Günlərimiz cənnət ətri qoxardı,
Hər səhər üfüqdən sevgi doğardı,
Eşqimiz günəşin özün yaxardı,
Nə bileydim mən yanarkən o dona...

Ədalətə dövran döndü, dəyişdi,
Düz yolumuz haçalandı, dəyişdi,
Mat qalmşam nə qaydadı, nə işdi?
Kar eyləmir məni yaxan od ona...

Çiçəkli

Çiçəkli, çimənli şeir bağçamın,
Əzəldən ziyası nurusan belə.
Mən səni şeirimdə necə tazardım?
Sən ki göz yaşımdan durusan belə.

Şeir bağçam çiçək açdı, dərdimsə,
Çələng hörüb dostlarıma verdimsə,
Xoşbəxt olub şair ömrü sürdümsə,
Onun ən dəyərli surusan belə.

Sən özünü, könlün məni deyərkən,
Küs deyəndə, ürək özün döyərkən,
Bütün şeirim izindən don geyərkən,
Mən necə deyərdim, birisən elə.

Zəhmətin diləklər ödəyər sənin,
Kəssə də yolunu daş əyər sənin,
Zirvələr önündə baş əyər sənin,
Qayıtmaz, yorulmaz yürüsən belə.

Çiçək açıb bar da versin diəklər,
Görməz olsun arzumuzu küləklər,
Tapacaqlar bir-birini ürəklər,
Duman tək yolları bürüsən belə.

Sandığı kimi

Hicran buz yağdırır, ilhamım donur,
Gözüm yollarında donduğu kimi.
Sözümsüz əlimdə, qələmim yanır,
Ürəyim eşqində yandığı kimi.

Gizli xatırlayıb gizli anıram,
Gizli alovlanıb gizli yanıram,
Bəzən bu sevgini elə danıram,
Kafər haqqın özün dandığı kimi.

Oğrun məktubunu gözləsəm də mən,
Hər an sorağını izləsəm də mən,
Dumanam sevdamı gizləsəm də mən,
Ürəyim hay salır sandığı kimi...

Tər çiçək soldu

Bir budaq atmışdı ömür bağımız,
Tər çiçək açmışdı şah budaqımız ,
Duşdu küləylərə o yaz çağımız,
Şah budağ qırıldı, tər çiçək soldu.

On beş il taleyə ümüdlə dözdüm,
Nə qədər arzular xəyallar düzdüm,
Haqdan aldığımı şərə uduzdum,
Bu necə qaydadı bu necə yoldu?

Sevincin itirmiş dodaqdan betər,
Kül olub sovrulmuş ocaqdan betər,
Şövləsi qaralmiş çıraqdan betər,
Dünyam Soyuq oldu qaranlıq oldu.

Gec verdi tez aldı fələk payım ı,
Dumanlar söndürdü parlaq ayımı,
Onsuzda Bilirəm artıq sayımı,
Qısmətim azdırsa kədərim boldu.

 





11.10.2019    çap et  çap et