525.Az

“Böyük Britaniya Azərbaycanda seçkinin nəticələrini tanıyır”


 

“Böyük Britaniya Azərbaycanda seçkinin nəticələrini tanıyır”<b style="color:red"></b>

BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  İRFAN SİDDİQ: "BİZİM AZƏRBAYCAN DÖVLƏTİ İLƏ ÇOX GÜCLÜ VƏ DƏRİN ƏLAQƏLƏRİMİZ VAR" 

Azərbaycanda keçirilən prezident seçkiləri nüfuzlu beynlxalq təşkilatlar, xarici dövlətlər, eləcə də seçkini müşahidə edən müşahidəçilər tərəfindən yüksək dəyərləndirildi. Seçkinin şəffaf keçirildiyini bəyan edən beynəlxalq təşkilatlar və müşahidəçilər prezident seçkilərini demokratiya yolunda irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirdilər.

Seçkinin legitimliyini tanıyan Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İrfan Siddiqlə söhbətimizi də ölkəmizdə keçirilən prezident seçkiləri, həmçinin Azərbaycan-Böyük Britaniya əlaqələri üzərində qurduq.

- Cənab səfir, iki aya yaxındır ki, Azərbaycanda fəaliyyət göstərirsiniz. Bu qısa zaman kəsimində Azərbaycanla bağlı hansı təəssüratlara sahib oldunuz? Ölkəmizlə bağlı düşüncələrinizi bilmək maraqlı olardı.

- Düşünürəm ki, Azərbaycan Britaniya ilə əməkdaşlıq edə biləcək, geniş imkanlara malik, dinamik və yaradıcı ölkədir. Azərbaycanın zəngin mədəniyyət, enerji resursları və mühüm geostrateji ərazisinə malik olması onun dünyada rolunu müəyyənləşdirir. Məhz buna görə də mən burada olmaqda, həmçinin Britaniya və Azərbaycan arasında əlaqələrin inkişafina dəstək verməkdə maraqlı idim. Mən bu ölkə barədə, habelə Britaniya-Azərbaycan münasibətləri barədə olduqca müsbət düşünürəm.

- Azərbaycanla-Britaniya arasındakı əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Mən belə hesab edirəm ki, Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələr çox yüksək səviyyədədir. Biz enerji, ticarət, investisiya, təhsil, beynəlxalq münasibətlər, regional təhlükəsizlik və bir çox başqa sahələrdə əməkdaşlıq edirik. Britaniya Azərbaycanda olan yeganə ən böyük xarici investordur. Azərbaycanda olan xarici investisiyanın təxminən 50 faizi Britaniyanın payına düşür. BP SOCAR-la etdiyi əməkdaşlığa görə bu əlaqələrə liderlik edir. Azərbaycanda təhsil, pərakəndə satış, informasiya və texnologiya sahəsində Britaniyanın 400-dən artıq kompaniyası fəaliyyət göstərir. Ölkələr arasında iki yolla ticarət aparılır. Keçən il ticarət sahəsində əldə edilmiş gəlir 1 milyard manatı ötüb. Əməkdaşlıqda təhsilin əhəmiyyətli bir yeri var. Başqa ölkələrlə müqayisədə azərbaycanlı tələbələr daha çox Böyük Britaniyada təhsil almağa üstünlük verirlər. Turizm və idman sahəsində də bu iki ölkə arasında  güclü əlaqələr mövcuddur və Böyük Britaniya 2015-ci il Avropa oyunlarının uğurlu keçirilməsində Azərbaycana köməklik göstərməyə hazırdır. Həmçinin bizim siyasi əlaqələrimiz də olduqca möhkəmdir. Keçən il Prezident İlham Əliyev Londona Olimpiyada oyunları ilə əlaqədar olaraq səfər etmişdi və bu əsnada baş nazir David Kameron ilə səmərəli görüş keçirdi. Eləcə də keçən ay xarici işlər naziri Elmar Məmmədyarovun, Britaniyanın xarici işlər naziri Vilyam Heyq ilə səmərəli görüşü oldu. Tezliklə Britaniyadan Bakıya yüksək səviyyəli şəxslərin gələcəyinə inanıram.

Terrorizmə qarşı mübarizədə, regional təhlükəsizlik həmçinin Əfqanıstanda olan stabilliyi qorumaq üçün BMT Təhlükəsizlik Şurasındakı əməkdaşlığımız çox vacibdir. Beləliklə ümumilikdə deyə bilərəm ki, bizim çox güclü və dərin əlaqələrimiz var.

- Cənab səfir, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Seçki ilə bağlı mövqeyiniz necədir?

- Britaniya xarici işlər nazirinin Avropa üzrə müavini David Lidinqton, seçkilərdən sonra bəyanatında qeyd etdi ki, biz seçkinin müsbət məqamlarını qəbul edirik. Biz həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Təşkilatının (DTİHT) hesabatındakı bəzi narahatlıqlarla da şərikik və Azərbaycanla əməkdaşlığı davam etdirərək burada demokratiyaya keçidi dəstəkləyəcəyik.

- Seçkinin legitimliyini tanıyırsınızmı?

-  Qeyd etmək lazımdır ki, çatışmamazlıqlara baxmayaraq, hətta DTİHT belə seçkinin leqitimliyi ilə bağlı rəy bildirmək səlahiyyətində deyil. Bu rolu yalnız Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi oynaya bilər. Buna görə də biz nəticənin qanuniliyini müzakirə etmirik. Nəticəni qəbul edir, bu münasibətlə Prezidenti təbrik edir, gələcək beş il ərzində, onun rəhbərliyi altında Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırırıq.

- Zaman-zaman Britaniya hökuməti Azərbaycanı aksiyalarda qeyri-qanuni hərəkətlərə yol vermiş şəxslərin həbsində qınayaraq bunu siyasi məhbus hesab edir. Britaniyada da gənclərin iğtişaş aksiyaları zamanı qanun pozanların həbslərinin şahidi olmuşuq. Məgər bu, siyasi həbsdirmi?

- Biz dinc şəkildə öz hüququndan istifadə etmək istəyən şəxsin həbsini ədalətsiz sayırıq. Bu cür hallarda insanların məsuliyyətə cəlb olunmasını dəstəkləmirik. Britaniyada gənclər cinayət məsuliyyətinə cəlb olunmaq təhlükəsindən çəkinmədikləri üçün sərbəst toplaşmaq azadlığından, ifadə və birləşmək azadlıqlarından dinc şəkildə istifadə edirlər.

- Cənab səfir, Britaniya ilə Azərbaycan arasındakı viza şərtləri barədə düşüncələriniz necədir? Sizcə Azərbaycan vətəndaşları üçün viza şərtləri ağır deyilmi?

- Vizanın verilmə qaydası, dünyanın başqa ölkələrində yaşayan insanlar üçün necə tətbiq edilirsə, azərbaycanlılar üçün də eyni qaydada həyata keçirilir. Vizaya müraciət edənlər arasında heç bir fərq qoyulmur. Böyük Britaniyaya viza almaq üçün şərtlər sərtdir, lakin bu səfər edən şəxslərin səfərinin məqsədini aydınlaşdırmaq üçündür. Müraciət edən şəxslər qaydalara riayət etməli və səfərlərinin məqsədini göstərmək üçün müvafiq sənədlər nümayiş etdirməlidirlər. Başqa ölkələrlə müqayisə etsək əslində, azərbaycanlılara vizanın alınmasında heç çətinliklər yaradılmır. Keçən il Britaniyaya viza almaq üçün təqribən 8000-dən çox müraciət qəbul etmişik, bunlardan  92 faizinə müsbət cavab verilib.

- Cənab səfir, suallarımızı cavablandırdığınız üçün çox sağ olun, minnətdarıq.

Aqil LƏTİFOV

 





29.10.2013    çap et  çap et