525.Az

"Çap məhsullarına tətbiq olunan ƏDV-nin ləğvinə ümid edirik"


 

MÜVAFİQ QANUNVERCİLİYƏ DƏYİŞİKLİK OLARSA, PROBLEM ASANLIQLA HƏLLİNİ TAPACAQ

"Çap məhsullarına tətbiq olunan ƏDV-nin ləğvinə ümid edirik"<b style="color:red"></b>

Azərbaycanda çap mediasının bir sıra problemlərinin olması heç kimə sirr deyil. Baxmayaraq ki, dövlət tərəfindən çap mediasının fəaliyyəti üçün dəstək göstərilir, maliyyə yardımı ayrılır, amma yenə də problemlər qalmaqdadır.

Hazırda demək olar ki, bütün dünyada onlayn media, sosial şəbəkələr əsas informasiya mənbəyinə çevrilib, bu tendensiya özünü Azərbaycanda da göstərməkdədir. Amma belə bir fikir də hakimdir ki, ənənəvi medianın tam şəkildə sıradan çıxarılması mümkün deyil. Çünki çap mətbuatı həm də bir tarixdir, eyni zamanda, bu gün də sadiq oxucular var ki, onlar hər gün köşklərdən qəzet alırlar, onu həmişəki həvəslə, maraqla oxuyurlar. Amma mövcud problemlər qəzetlərin gələcəyi üçün o qədər də nikbinlik vəd etmir. Bu problemlərdən biri də çap məhsullarına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsidir. Baxmayaraq ki, ƏDV-nin aradan qaldırılması üçün dəfələrlə jurnalist qurumları, o cümlədən, Mətbuat Şurası aidiyyatlı qurumlara müraciət edib, bununla bağlı müzakirlər təşkil olunub, amma hələ ki, ƏDV aradan qaldırılmayıb. Ekspertlər, KİV rəhbərləri düşünürlər ki, çap məhsullarına tətbiq edilən ƏDV-nin aradan qaldırlıması yazılı mətbuatın inkişafında müəyyən bir addım ola bilər. Üstəgəl, dövlət büdcəsinə bu ƏDV-nin tətbiqindən elə də böyük vəsait daxil olmur.

Çünki qəzet kağızının, digər materialların qiyməti artıb, onlar dollarla alınır və xaricdən gətirilir. Bunun üzərinə əlavə dəyər vergisi də tətbiq edilir. Bu da qəzetlərin onsuz da yaxşı olmayan durumunu daha da ağırlaşdırır.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var. Çap məhsullarına ƏDV 2016-cı ildən tətbiq edilməyə başlayıb.

“Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı "525"ə bildirib ki, məsələ qanunvericilik çərçivəsində həll edilməlidir: "Biz bu problemin mahiyyəti ilə tanışıq. Əksər hallarda "Qaya" Mətbuat Yayımı firmasının rəhbəri Xanhüseyn Əliyevin müraciəti əsasında Mətbuat Şurasının İdarə Heyətində müzakirələr təşkil etmişik. Məsələ obyektiv mahiyyətli, mətbuat cameəsinin mənafeyinə uyğun olduğuna görə dəstək göstərməyə çalışmışıq". Bir neçə dəfə də Milli Məclis qarşısında məsələ qaldırdıqlarını deyən A.Quliyev bildirib ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlament iclaslarında çıxış edib, problemin həllinin vacibliyinə diqqəti çəkib. Baş redaktor ümid edir ki, parlamentin növbəti iclaslarında məsələ yenidən qaldırılacaq və nəhayət, öz həllini tapacaq.

A.Quliyev qeyd edib ki, problemin sadə həll yolu var: "Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşlərimizdə də məsələni qaldırmışıq. Sonuncu dəfə Milli Mətbuat günü ilə bağlı Gömrük Komitəsinin sədri ilə bir qrup media orqanı rəhbərlərinin keçirdiyi qeyri-rəsmi görüşdə məsələni yenidən gündəmə gətirdik. İnsafən qeyd etmək lazımdır ki, Səfər Mehdiyev də bu məsələnin həllinə dəstək vermək fikrindədir. Lakin bu, bütünlükdə onun səlahiyyətində olan məsələ deyil. Sadəcə çap məhsullarının ölkəyə idxalı ilə bağlı qanunvericlikdə müəyyən dəyişiklik edilməlidir. Əgər həmin dəyişiklik olacaqsa, problem asanlıqla həllini tapacaq".

Qeyd edək ki, ilk dəfə çap məhsulları üzərindən ƏDV 2000-ci idə götürülüb. Qəzet rəhbərlərinin o zamankı dövlət başçısı Heydər Əliyevlə görüşündə mətbuatın problemləri müzakirə edildikdən sonra ƏDV ləğv olunub.  Sonradan problem bir neçə dəfə yenidən qabarıb. 2007-ci ildə məsələ yenidən gündəmə gəlib və bir qədər sonra problem həll edilib. 2016-cı ildə isə Vergilər Məcəlləsinə son dəyişikliklərdən sonra ƏDV-nin ləğvini nəzərdə tutan maddə qüvvədən düşüb və çap məhsulları əlavə dəyər vergisinə cəlb edilib.

PƏRVANƏ

 





11.10.2019    çap et  çap et