525.Az

Yalançı demokratın Njde sevgisi: Paşinyan növbəti zərbəsini aldı


 

Yalançı demokratın Njde sevgisi: <b style="color:red">Paşinyan növbəti zərbəsini aldı </b>

Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasınln Prezidenti İlham Əliyevin Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı söylədiyi fikirlərlər gündəm olub.

Prezident Əliyevin “Valday” Diskussiya Klubunun toplantısında “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajından sonra manevr imkanları daralan və bundan sonra nə edəcəyini anlamayan Ermənistanın Baş Naziri Nikol Paşinyan bununla qısa müddət ərzində ikinci böyük zərbəni almış oldu. “Böyük və önəmli tədbirlərdə özünü necə aparmalı” sualına cavab tapa bilməyən naşı siyasətçi Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı qarşısında gülünc vəziyyətə düşdü. Paşinyanı bü vəziyyətə salan həm də böyük siyasətçilərin toplantısının onun vərdiş etdiyi küçə və meydan olmadığını anlamamasıdır.

Toplantıda çıxış edən Prezident Əliyev bildirdi ki, faşistlərin qəhrəman kimi qələmə verilməsi, faşizmin qəhrəmanlaşdırılması yolverilməzdir: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB  ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin  məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun  əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada  şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə  Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib.  Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - deyə dövlət başçısı qeyd edib.

Paşinyan anlamalı idi ki, Prezident Əliyevin bu arqumentləri və dilə gətirdiyi konkret faktlar qarşısında susmaq onun üçün yeganə çıxış yoludur. Lakin siyasətə küçədən gələn Baş Nazir bu dəfə də ciddi səhvə yol verdi. O, qatil və Vətən xaini olan bir şəxsi müdafiə etməyə, Prezident Əliyevə cavab verməyə çalışdı. Bununla da, Paşinyan özünü bir siyasətçi kimi tamam batırdı. Paşinyanın çıxışı tarix dərsindən iki qiyməti alan şagirdin özünü müdafiə jestinə bənzəyirdi: “İlham Heydər oğlunun nitqindən belə təəssürat yaranır ki, ümumiyyətlə, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Həqiqət  isə budur ki, Qaregin Njde Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparıb. Həqiqət  ondan ibarətdir ki, Qaregin Njde, yeri gəlmişkən, 1918-ci ildə erməni-türk müharibəsi zamanı bir çox rusiyalı zabitlərlə birgə cəbhənin mühüm hissəsinə rəhbərlik edib.  Mən bir daha qeyd etmək istəyirəm ki, bizim tarix barədə obyektiv qiyməti bilməyimiz çox vacibdir.  Deyilir ki, Qaregin Njde Vladimir həbsxanasında ölüb. Bir çox sovet  xadimləri Vladimir həbsxanasında ölüblər. Soljenitsin QULAQ-da olub. 1937-1950-c i illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri olduğunu hesab edirik?  Əgər belədirsə, onda bir çox görkəmli xadimlər məhkum olub öz həyatlarını həbsxanalarda bitiriblər. Bu, o demək deyil ki, biz bütün bunları fakt kimi qəbul etməliyik. Mən bu formatdan tarixi təhrif etmək, bu kifayət qədər vacib iclasın abı-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edirəm. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli  həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz  gördünüz ki, onun müəllifi mən deyiləm”.

Bu qədər naşı çıxışı ilə Paşinyan özünü tələyə saldı. Unutdu ki, qarşısında dayanan şəxs onun küçədə nitq söyləyən yoldaşlarından biri deyil, dünyanın ən nüfuzlu ali məktəblərindən birində siyasətçi və diplomat kimi yetişən, təcrübəli siyasi xadimdir.

Prezident Əliyev Paşinyanın növbəti kobud səhvindən məharətlə istifadə etdi və onun nitqini qurudan və tam yerinə oturdan öldürücü zərbəni endirdi. Belə ki, Nikol Paşinyanın çıxışından sonra növbəti çıxışçı Belarus Prezidenti Aleksandr Lukaşenko olmalı idi. Lakin Prezident Əliyev Belarus Prezidentindən icazə alaraq Nikol Paşinyanın arqumentlərini alt-üst etdi: "Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistan Baş Nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın Baş Nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər Baş Nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları  kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin  nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib”.

Vurğulayaq ki, MDB ölkə rəhbərlərinin toplantısında onsuz da Paşinyana ciddi siyasətçi kimi yanaşmırdılar. Protokolu nəzərə almasaq, Ermənistan Baş Naziri heç bir ölkə başçısı ilə birbaşa təmaslara girə bilmir. Bütün bunlar onun nüfuzunun olmadığını nümayiş etdirir. Son dərəcə bəsit və olduqca arqumentsiz çıxışı ilə Paşinyan Ermənistanı daha da  biabırçı duruma salmış oldu. Prezident Əliyev özünün qısa, lakin tutarlı nitqi ilə onun onsuz da aşağı olan nüfuzuna sarsıdıcı zərbə vurdu. Əslində, Paşinyanın problemi yalnız onun səriştəsizliyində deyil. Baş Nazir, ümumiyyətlə, adekvat addımlar ata bilmir. O, bir siyasətçi kimi tam anlaqsız vəziyyətdədir. O qədər anlaqsız ki, Azərbaycan Prezidentinin çıxışında gətirdiyi sitatların Rusiyanın rəsmi mənbələri olduğunu belə dərk etmək iqtidarında deyil. Paşinyanın dili dolaşa-dolaşa QULAQ-da cəza çəkənlərlə faşizmə qulluq edənləri, Soljenitsınla Njdeni eyniləşdirmək cəhdi isə onu daha da zavallı duruma saldı.

Paşinyanın siyasi kursu da tam qeyri-müəyyəndir. Bir qədər öncə o, öz komandasının tərkibini dəyişmək istədi, lakin ilk cəhddən müqavimətlə üzləşdi. Onu hakimiyyətə daşıyan “inqilabçı komanda” Paşinyandan üz çevirdi. N. Paşinyan dünyada qəbul olunmayan, siyasətə küçədən gəlmiş, təsadüf nəticəsində özünü ölkə rəhbəri postunda tapmış qeyri-ciddi şəxs kimi səciyyələndirilir. Beynəlxalq aləm onu ciddi siyasətçi kimi qəbul etmir. MDB ölkə başçılarının son toplantısında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zərbə alan Paşinyan özü ilə yanaşı, ölkəsini də rüsvay elədi. Onun Prezident Əliyevlə polemiklası dünya mediasında ağır çəkili idmançı ilə  yeniyetmənin döyüşü kimi xarakterizə edilib. Rüsvay olan yalnız Paşinyan deyil, eyni zamanda Ermənistandır.

Prezident İlham Əliyev isə dünya liderləri ilə şəxsi münasibətlərə malikdir. Onun çoxsaylı görüşləri, nüfuzlu beynəlxalq təşkilatlarının, güc mərkəzlərinin rəhbərlərinin Azərbaycana səfəri Bakı və İrəvanın siyasi  çəkisini göstərir. Eyni zamanda İlham Əliyev regional və qlobal proseslərdə fəal iştirak edən və söz sahibi olan, öhdəliklərinə sadiq qalan lider kimi qəbul edilir. Ölkə rəhbərinin şəxsi nüfuzu və liderlik keyfiyyətləri nəticəsində Azərbaycan qlobal proseslərin müzakirə olunduğu ölkə statusunu qazanıb. Dünyanın aparıcı siyasi və hərbi güc mərkəzlərinin yüksək statuslu təmsilçilərinin Bakıda keçirilən görüşləri, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən üçtərəfli və çoxtərəfli regional və subregional əməkdaşlıq platformaları da bunu sübuta yetirir.

Prezident İlham Əliyevin Aşqabad sammitində Paşinyanı siyasi baxımdan tam iflasa uğratması isə həm də iki ölkənin diplomatik gücünün göstəricisidir. Paşinyanı İrəvanda səbirsizliklə gözləyirlər. Ölkəsini növbəti dəfə bu dərəcədə ağır məğlubiyyətə uğradan Baş Nazirdən soruşulacaq çox sual var. Bizi isə yaranmış situasiyada başqa sual maraqlandırır: Rusiyanın Paşinyanın Njde sevgisinə reaksiyası necə olacaq? Gözləyək...

APA

 





12.10.2019    çap et  çap et