525.Az

"İlham Əliyev Ermənistanda nasizmin qəhrəmanlaşdırılması mövzusu ətrafındakı informasiya blokadasını yardı"


 

"İlham Əliyev Ermənistanda nasizmin qəhrəmanlaşdırılması mövzusu ətrafındakı informasiya blokadasını yardı"<b style="color:red"></b>

"Sözsüz ki, İlham Əliyev bu məsələni vaxtında və yerində qaldırdı. Belə ki, MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində qarşıdan gələn İkinci Dünya müharibəsində qələbənin 75 illiyi, Sovetlər xalqının qələbəyə verdiyi töhfə və nasizmin qəhrəmanlaşdırılmasına imkan verilməməsi məsələləri müzakirə olunurdu. Ona görə də, bu məsələnin bu iclasda qaldırılması çox vacib idi".

Bunu APA-nın Moskva müxbirinə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, postsovet məkanında nasizmin qəhrəmanlaşdırılması faktlarının mövcudluğu çox təəssüf doğurur: "Bu gün nasizmin qəhrəmanlaşdırılmasının müşahidə olunduğu ölkələrdən biri də Ermənistandır. Bu ölkə çox çalışır ki, bu barədə heç kəs danışmasın, sussun. Lakin İlham Əliyev bu çıxışı ilə Ermənistanda nasizmin qəhrəmanlaşdırıması mövzusu ətrafında yaradılan informasiya blokdadasını yarmış oldu. Bununla belə, Rusiyada ara-sıra bu məsələ qaldırılıb. Rusiyada faşist Qaregin Njdenin qəhrəmanlaşdırılmasının əleyhinə 30 min imza toplanılıb. Dövlət Dumasında, "Parlamentskaya Qazeta"da bununla bağlı müzakirələr aparılıb. Bütün bunlardan sonra Rusiya hakimiyyəti Njdenin qəhrəmanlaşdırılması ilə bağlı təhqiqatlara başladı. Xüsusi ilə də Müdafiə Nazirliyinin tarixi sənədlərinə müraciət olundu. Bir daha təsdiq olundu ki, erməni Qaregin Njde faşistlərlə əlbir olub, Qızıl Ordunun arxa cəbhəsində diversiya törətmək məqsədi ilə Bolqarıstanda milliyyətcə erməni olan 30-dan çox terrorçu hazırlayıb. Bütün bunlar tarixi faktlardır. Ermənistan Baş Naziri bu tarixi faktlar qarşısında heç bir cavab verə bilmədi. Onun cavab vermək cəhdləri uğursuzluqla nəticələndi. Paşinyan sadəcə bilmirdi ki, Azərbaycan Prezidentinə nə cavab versin. O, Qaregin Njdenin şəxsiyyətini müdafiə etməyə cəhd göstərdi, lakin nəticədə öz şəxsi təbliğat tələsinə düşdü. Ona görə ki, İlham Əliyevin gətirdiyi faktların qarşısında heç bir tutarlı arqument səsləndirə bilmədi".

S. Markov Ermənistan hökumətinin 15 ilə yaxındır, öz xalqı arasında, ölkə daxilində və dünyada Njdenin qəhrəmanlaşdırılması təbliğatını apardığını söyləyib: "Onlara kimsə etiraz bildirəndə isə qəzəblənirlər. Bununla yanaşı, Ermənistan BMT Baş Assambleyasının nasizmin qəhrəmanlaşdırılması ilə bağlı mübarizə sənədini dəstəkləyir. İrəvan bu cür ikili standartlılığa yol verir. Ümumiyyətlə qeyd etsək, Fransa və Rusiyada da oxşar faktlar var. Misal üçün Fransada marşal Anri Filipp Peten var. O, Birinci Dünya müharibəsində Fransanın qəhrəmanı olub. Lakin İkinci Dünya müharibəsi zamanı Hitlerlə əməkdaşlıq edib. Fransa isə indi Peteni qəhrəmanlaşdırmır. Rusiyada isə general Krasnov nümunəsi mövcuddur. Ona görə də Ermənistan bu cür məsələlərdə Rusiya və Fransadan nümunə götürməlidir. Fransa və Rusiyada adını çəkdiyim şəxslərin çox pərəstişkarı olmasına baxmayaraq, onların bu ölkələrdə abidəsi yoxdur və tarix dərsliklərində bu şəxslərin Üçüncü Reyxlə əməkdaşlıq etmələri ilə öz keçmişlərinin üstündən xətt çəkdiyi qeyd olunub. Ermənistan bu məsələdə konkret mövqeyini müəyyən etməlidir".

Rusiyalı siyasi ekspert ölkəsindəki erməni icmasının Krasnodarın Armavir şəhərində Qaregin Njdeyə xatirə lövhəsi qoyduğunu da xatırladıb: "Sözsüz ki, bu lövhə sökülməlidir. Bildiyim qədər, hazırda Rusiyanın dövlət strukturları bu işlə məşğul olur".

S. Markov Paşinyanın Njde ilə Soljinetsini eyniləşdirməsini isə gülünc adlandırıb: "Soljinetsin cinayətkar təşkilat olan SS-lə, nasist agentlərlə əməkdaşlıq etməyib. Əkinsə, Soljinetsin nasizmlə mübarizə aparıb. O, amerikalılarla əməkdaşlıq edib. Belə çıxır ki, Paşinyan ABŞ hökuməti ilə Hitleri bərabər tutur".

Rusiyalı politoloq rəsmi Moskvanın nasizmin qəhrəmanlaşdırılması ilə bağlı mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevlə həmrəy olduğunu vurğulayıb: "Sözsüz ki, Rəsmi Moskva Prezident İlham Əliyevlə bir çox məsələdə olduğu kimi, nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizədə də həmrəydir. Bunu rəsmi Moskva qəbul etdiyi sənədlərlə də sübut edib. Rusiya XİN-in "Postsovet məkanında nasizmin qəhrəmanlaşdırılması haqqında" məruzə sənədi və Müdafiə Nazirliyi tərəfindən dərc edilən 12 cildlik ensiklopediyası bunun əyani sübutudur. Dünən keçirilən sammitdə də gördüyümüz ki, Vladimir Putin İlham Əliyevin mövqeyini qətiyyətlə dəstəkləyərək, nasizmə və onun hər hansı təzahürünə haqq qazandırılmasına cəhdlərə imkan verilməsinin mümkün olmadığını bəyan etdi. Təəssüf ki, Rusiyanın məlum məsələdə mövqeyi informasiya blokadası səbəbindən aydın ifadə olunmur. Misal üçün Aşqabadda keçirilən sammitdə Njde ilə bağlı çıxış "Rossiya 24" kanalında göstərilmədi. Hesab edirəm ki, bu məsələnin aydın işıqlandırılmaması üçün ermənilər tərəfindən Rusiyada informasiya blokadası tətbiq olunur. Azərbaycan Prezidenti İlham Əliyev isə bu çıxışı ilə Ermənistanda nasizmin qəhrəmanlaşdırılması mövzusu ətrafında yaradılan informasiya blokadasını yarmış oldu".

 





12.10.2019    çap et  çap et