525.Az

Simona de Bovuarın "İkinci cins"i - Taleh Eminoğlu yazır


 

Simona de Bovuarın "İkinci cins"i - <b style="color:red">Taleh Eminoğlu yazır </b>

Son zamanlar demək olar ki, hər gün qadına qarşı şiddət, qadın ölümləri ilə bağlı xəbərlərlə qarşılaşırıq və bu getdikcə adiləşməyə, onsuz da həyatı rutinləşmiş XXI əsrin insanı üçün bir-iki saatlıq kədərdən başqa heçnə ifadə etməməyə başlayır.

Qadınlara qarşı bu münasibətin bir çox səbəbi var. Amma bunların içərisində tək bir səbəb digərlərini yaradır. O da qadınların öz kimliklərini tanımaması, öz güclərini bilməməsidir. Qadının kimliyinə baxmaq, qadınlığın necə bir şey olduğunu anlamaq, tarix boyu necə münasibətlə qarşılaşdığını bilmək, o münasibətin bu gün hansı səviyyədə olduğunu görmək üçün fəlsəfənin yaxın keçmişinə, Simona de Bovuarın düşüncələrinə, xüsusən də “İkinci cins” əsərinə nəzər salmaq lazımdır.

Bovuar bu kitabında insan olmağın standartlarının tarix boyunca  cəmiyyətdə kişi baxış bucağından dəyərləndirildiyini qeyd edir. Hətta bu fəlsəfədə belə keçərlidir. Hələ e.ə. Aristotel demişdi ki, “Dişi, bəzi müəyyən xüsusiyyətlərinin əskikliyinə görə dişidir.” Bu ifadə fəlsəfə də belə cəmiyyətin kişi ilə eyniləşdirilməsinə nümunədir. Simona de Bovuar insanlığın kişilik ilə eyniləşdiriləsini, standart kimi bunun qəbul edilməsini kişi və qadın cütlüyü arasında ikinci tərəfin yadlaşdırılmasına, cəmiyyətdən kənarda tutulmasına, başqalaşdırılmasına gətirib çıxardığını vurğulayır. “”Mən”i aktv və şüurlu ikən, qadının başqalaşdırılmış forması “mən”in tam əksidir; passivdir, səssizdir və gücsüzdür”.

Qadının cəmiyyətdə (kişilər tərəfindən) qəbul edilməsinin tək yolu onların özlərini kişi kimi aparmalarından keçir. Bovuar düşünürdü ki, hətta qadın haqlarından yazanlar belə qadın kişi bərabərliyi məsələsində, birinci tərəfin kişi kimi olması və onların etdiklərini təkrarlaması mənasına gəldiyi fikrini müdafiə edirlər. Bovuar bu fikrin səhv olduğunu tez-tez vurğulayırdı, çünki qadınlarla kişilərin fərqli olduğu reallığını özündə əks etdirmirdi.

Simona de Bovuarın qadın kimliyinin qatlarını dəqiqliklə açmasının kökündə onun fəlsəfəsinin təməlində fenomenologiyanın (şeylərin bizə necə göründüyü haqda düşüncə sistemi) dayanması durur. Fenomenologiyanın əsasında hər bir insanın dünyanı öz şüuru çərçivəsində formalaşdırdığı, şeyləri və onların mənalarını öz təcrübələrindən çıxış edərək yaratdığı dayanır. Fenomenologiyadan yola çıxan Bovuar iddia edirdi ki, bədənlərimiz vasitəsilə başqaları və dünya ilə olduğu qədər fəlsəfə ilə də qurduğumuz münasibətdə kişi və qadın olmağımızın böyük təsiri var.

Qadının kimliyini açmaq, onu öz gücünə qaytarmaq üçün Bovuar təkcə fenomenologiyadan deyil, eyni zamanda insanın heç bir məqsədi olmadan doğulduğu, zamanla təcrübələri, ağrıları ilə özünü insan kimi formalaşdırdığı fikrini özündə ehtiva edən ekzistensializmdən yola çıxırdı. Elə buna görədir ki, ekzistensialist feminist olaraq xatırlanır. Simona de Bovuar ekzistensializmin təməlini formalaşdıran bu fikri qadınlarla bağlı anlayışına uyğunlaşdıraraq, qadınlığın bioloji mahiyyəti ilə sosial quruluş olan qadınlığı bir-birindən fərqləndirməli olduğumuzu qeyd edir. Hər bir quruluşun dəyişikliyə, şərhə və tənqidə açıq olduğunu nəzərə alaraq qadın olmağın bir çox forması olduğunu vurğulayır. Amma təəssüf ki, “İkinci cins” kitabının əvvəlində də qeyd olunduğu kimi hələ də cəmiyyətin bundan xəbəri yoxdu: “Biz qadın olmağa, qadın qalmağa, qadın halına düşməyə təşviq edilirik. Bu zaman belə bir fikir ortaya çıxır: Hər dişi qadın mütləq şəkildə qadın deyil. Çünki insan dünyaya qadın kimi gəlmir, zamanla qadın olur.”

Simona de Bovuar düşünürdü ki, qadınlar mütləq şəkildə özlərini həm kişi kimi olmaq, bununla da sosial mövqe tutmaq fikrindən, həm də cəmiyyətin onlara sırıdığı passiv mövqedən xilas etməlidirlər. Həqiqi mənada orijinal ekzistensializm cəmiyyət tərəfindən sırınmış rolu davam etdirməkdən, özünü onun bir parçası qəbul etməkdən daha riskli ola bilər, amma qadın azadlığına, bərabər hüquqa aparan tək yoldur.

Bu gün bizim kimi qadına şiddətin, qadın ölümlərinin çox olduğu cəmiyyətlərdə bunun qarşısını almaq mariflənməkdən keçir və bunu hər kəs qəbul edir. Amma burada kiçik bir nüans var ki, “qadına şiddətə son”, “qadın ölümünə son” şüarlarını qaldıranların özləri bu mariflənmədən keçməlidir. Mənsub olduğu ideologiyanın fəlsəfi qatını bilmədən mübarizə aprmaq daha zərərlidir. Ondandır ki, bu gün bizdə feminizm dalğası digər məmləkətlərdəkindən seçilir. Bizdə daha çox “ev işini görmə”, “kişiyə yemək bişirmə” kimi məişət səviyyəsindən o tərəfə keçə bilmir. Keçə bilməsi üçün qadın hüquqlarını qoruyanların özlərinin ayaqları üzərində durmağı bacarmağı, başqalarına öyrədə biləcəyi təcrübələri, mübarizə ilə gəlinmiş bir mövqeyi olmalıdır. Bu dünya bu günə qədər saysız şüuar görüb, eşidib.

Burada ikinci bir məsələ qadın haqlarını qorumağa çalışarkən onu daha da cəmiyyətdən uzaqlaşdırmaq, şiddəti artırmaqdır. Kişi və qadın bərabərliyi, haqları o zaman sona çatacaq ki, bu problemlərin tərəflərin deyil, ümumi cütlüyün, yəni insanlığın problemi olacaq. İnsan, insanca düşündüyü zaman fərdlər, cinslər, irqlər aradan qalxır və bir bütün ortaya çıxır. Bu, yaradılışından etibarən məsuliyyətdən qaçmağa çalışan, hətta buna görə tanrı adlı varlığı formalaşdıraraq özünə əzablı, ağrılı, qaranlıq yol seçən insan övladının öz məsuliyyətini dərk edərək, ictimai məsuliyyəti də üstlənməsindən sonra mümkün ola bilər.

Simona de Bovuarın da dediyi kimi: “Qadını əzən sadəcə kişi deyil. Bəzən qadın həyatına qarşı məsuliyyət daşımaq hissindən imtina edərək özü-özünü əzir.” İllərdir onlara təşviq edilmiş həyatı yaşayan qadınlar da kişini tanrı yerinə qoyaraq bütün məsuliyyətlərini onlara verir və bununla da azad fərd olmaqdan çıxırlar. Heç bir kişinin tanrını (məsələ onun olub-olmaması deyil) qadın kimi təsəvvür edə bilməməsi kimi, qadınlar da onu öz həmcisləri kimi düşünə bilmirlər.

 





12.10.2019    çap et  çap et