525.Az

"Mən əvvəlcə jurnalist, sonra müəlliməm" - Müsahibə


 

BDU-NUN JURNALİSTİKA FAKÜLTƏSİNİN DEKANI VÜQAR ZİFƏROĞLU: "NƏ QƏDƏR YAŞAMAQ DEYİL, NECƏ YAŞAMAQ VACİBDİR"

"Mən əvvəlcə jurnalist, sonra müəlliməm" - <b style="color:red">Müsahibə </b>

Dahilərdən biri deyib ki, heç kim uğur pilləkanlarını əlləri cibində qalxmır. Yəni böyük nəticələr qazanan hər bir şəxs zəhmət çəkir, müxtəlif əziyyətlərə qatlaşır.

Belələrindən biri BDU-nun Jurnalistika fakültəsinin dekanı, siyasi elmlər doktoru Vüqar Zifəroğludur. Bu günlərdə Vüqar müəllimin ad günüdür. O, növbəti yaşına qədəm qoyur. Odur ki, Vüqar Zifəroğlu ilə görüşüb, həmsöhbət olduq. Müsahibimiz suallarımızı ətraflı cavablandırdı.  

-Vüqar müəllim, 41 yaşınız tamam olur. Geridə qoyduğunuz illəri necə xatırlayırsınız?

- Elə yaşdayam ki, böyük həyat təcrübəsinə əsaslanaraq bu haqda danışa bilmərəm. Ancaq hər halda müsbət xatirələrim daha çox olub, nəinki mənfi. Bir də ki, nə qədər yaşamaq deyil, necə yaşamaq vacibdir. Mənə elə gəlir ki, bu yaşıma kimi məzmunlu bir ömür yaşaya bilmişəm.

- Ölkənin ən gənc dekanlarından biri, bəlkə də, birincisisiniz. İki il əvvəl bu vəzifə sizə təklif olunanda ilk reaksiyanız necə olmuşdu?

- Düzü, çox tərəddüd etmişdim. Uzun müddət düşündüm. Narahatlığımın bir neçə səbəbi var idi. Birincisi, Bakı Dövlət Universiteti kimi nüfuzlu bir ali təhsil müəssisəsinin cəmiyyətin ictimai-siyasi həyatı ilə sıx bağlı olan fakültəsinə - Jurnalistika fakültəsinə rəhbərlik etmək ikiqat məsuliyyətlidir. Həm də fakültəmizin yaşlı nümayəndələrinə, vaxtı ilə mənə dərs demiş ustadlarıma necə dekanlıq edəcəyimi düşünürdüm. Axı onlarla həmkar olmaq özü həyəcanverici və şərəflidir. Nəhayət, təklifi qəbul etdim və artıq iki ildir, BDU-nun Jurnalistika fakültəsinin dekanıyam. Reaksiyalardan belə məlum olur ki, vəzifəmin öhdəsindən hələ ki, gələ bilirəm və etimadı doğrultmağı bacarıram. Nə deyim, Allah utandırmasın.

- Siz təkcə dekan kimi yox, həm də beynəlxalq jurnalist, siyasi analitik, PR mütəxəssisi kimi kifayət qədər uğur qazanmısınız. Necə düşünürsünüz, bu nailiyətlərinizin sirri nədədir?

- Mən 1996-cı ildən, yəni ikinci kursda təhsil aldığım zamandan mətbuatda fəal çıxış edirəm. Bir çox media orqanlarında müxbir, parlament müxbiri, redaktor vəzifələrində çalışmışam. Bakalavr və magistr təhsilimi Beynəlxalq jurnalistika ixtisası üzrə almışam. Beynəlxalq jurnalistikanın nəzəriyyəsini bilməklə yanaşı, həm də praktik şəkildə ixtisasım üzrə fəaliyyət göstərirəm. Eyni zamanda, ictimai fəaliyyətim var, "Oğuz" müstəqil araşdırmaçılar qrupunun rəhbəriyəm. Bütün bunları deməkdə məqsədim odur ki, insanda gərək işə, öz peşəsinə həvəs olsun. Həvəs ilkin şərtdir. Bildiyimiz kimi, maarifləndirmə, bilgiləndirmə jurnalistikanın əsas funksiyalarındandır. Amma bir məqamı nəzərdə saxlamaq lazımdır ki, jurnalist maarifləndirmək, bilgiləndirmək üçün əvvəl özü oxumalı, baş verən hadisələrdən xəbərdar olmalıdır. İnsan, o cümlədən də jurnalist özü özünün müəllimi olmalı, daim biliklərini artırmağa çalışmalıdır. Həvəs və bilik uğurun açarıdır. Əks halda peşəkar olmaq mümkün deyil.

- 50 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində hansı işlər görüləcək?

- Bu il həm də universitetimizin 100 yaşı tamam olur. Yəni belə demək mümkünsə, bayram bayrama qarışıb. Bizim ilk vəzifəmiz universitetin 100 illiyinə layiqli töhfələrimizi verməkdir. Lakin əlbəttə, özümüzü də unuda bilmərik. Yarım əsrlik yubileyimiz münasibətilə müxtəlif məqalələr, kitablar hazırlayırıq. Xüsusilə qeyd etmək istərdim ki, bu işdə tələbələrimiz də çox fəaldır. Məsələn, onlardan biri fakültəmizin 50 illiyi münasibətilə kitab hazırlayır. Düşünürəm ki, bu, çox xoş təşəbbüsdür.

- Tələbələrinizin reaksiyalarından belə məlum olur ki, siz onlarla dekan, müəllim kimi yox, həmkar kimi rəftar edirsiniz...

- Doğrudur. Məncə, bu, belə də olmalıdır. Müəllim və tələbə arasında münasibətlər saf, səmimi  olmalıdır. Doğrudur, "qırmızı xətti" keçmək olmaz. Lakin nəzərə almaq lazımdır ki, əsl müəllimin işi təkcə auditoriyada dərs keçməklə məhdudlaşmamalıdır. O, həm də tələbəsini həyatın çətinliklərinə hazırlamalıdır.

- Əvvəlcə jurnalistsiniz, yoxsa müəllim?

 - Əvvəlcə jurnalistəm. Mən müəllimliyə də, dekanlığa da jurnalistikadan gəlmişəm. Həm peşəmi, həm də beynəlxalq jurnalistika üzrə ixtisaslaşdığım sahəni, yəni Yaxın Şərqi çox sevirəm. Etiraf etməliyəm ki, son iki ildə işlə əlaqədar yazdığım analitik yazıların sayı azalıb. Buna sadəcə təəssüflənirəm.

- Jurnalistikaya olan sevginiz haradan qaynaqlanır?

- Şagirdlik vaxtlarımdan yazmağa, araşdırmağa həvəsim var idi. Mütəmadi olaraq yazılarım məktəb guşəsinə vurulurdu, inşa müsabiqələrinin qalibi olurdum. Qeyd edim ki, bizim həm uşaqlıq, həm də yeniyetməlik dövrümüz ölkədəki çox ağır ictimai-siyasi dövrə təsadüf etdi. Biz 20 yanvar gecəsini öz gözümüzlə gördük, bayrağımızın hürr olaraq ikinci kəs dalğalanmasına şahidlik etdik, bizdən bir neçə sinif yuxarı oxuyan məktəb yoldaşlarımız şəhid oldular. Onların  dəfnlərində iştirak etdik. Ümumiyyətlə, həmin illər Azərbaycanın öz haqq davasında həqiqətləri dünyaya çatdırmasında ciddi əngəllər var idi. Mənim məhz ixtisas olaraq beynəlxalq jurnalistikanı seçməyimdə bu amillərin rolu çox böyük olub.

- Bəs Yaxın Şərqə olan marağınız nə ilə bağlıdır?

- Mən xarakter etibarilə adət-ənənələrə, milli kökə bağlı biriyəm. Bildiyiniz kimi, Azərbaycan da Yaxın Şərqin bir hissəsidir, hətta mən deyərdim ki, qapısıdır. Bir tərəfdən mənəvi bağlılıq, digər tərəfdən bu bölgəyə olan marağım beynəlxalq jurnalist olaraq məhz bu region üzrə ixtisaslaşmağıma səbəb oldu.

- Siz həm də bədii yaradıcılıqla məşğulsunuz...

- Bir neçə kitabın müəllifiyəm. Onlardan cəmi biri - "Sirr" tarixi romanı bədii janrdadır. Mənim uşaqlıqdan tarixə böyük həvəsim olub. Tarixi janrda yazılmış bədii romanların böyük əksəriyyətini oxumuşam. "Sirr"i yazmaqla mən də kiçik də olsa bir töhfə vermək istədim. 2009-cu ildə "Yəhudi-Xəzər yazışmaları" kitabı üzərində işlədiyim zaman xeyli maraqlı və yeni məlumatlar toplamışdım. Həm də elə o maraqlı tarixi məlumatlara əsaslanan bir bədii əsər yazmaq istədim. O zaman  topladığım materiallar romanımın yazılması üçün əsas mənbə oldu. 2013-cü ildə isə bu romanı qələmə aldım və uğurlu alındı.  Buna inanmasam da, əsərin bütün tirajı satıldı. Müsbət rəylər aldım. Bütün oxuculara təşəkkür edirəm. Növbəti bədii əsəri yazıb-yazmayacağımı isə gələcək göstərəcək.

- Həmin kitabda yazmısınız ki, həyatda hər şey bir sirr üzərində qurulub. Yəni mistikaya inanırsınız?

- Mistika deməzdim. Lakin möcüzələrə inanıram. Həyat özü Yaradanın bizə bəxş etdiyi bir möcüzədir.

- Ernest Hemenquey, Qabriel Qarsia Markes, Cek London kimi dahi yazıçılar bədii ədəbiyyata jurnalistikadan gəliblər...

- Düzdür. Lakin mən heç vaxt tamamilə bədii ədəbiyyata keçmək barədə düşünməmişəm və yəqin ki, düşünməyəcəyəm. Çünki bədii janrlarla analitika arasında böyük fərq var və mən xarakter etibarilə analitikaya daha yaxınam. Dediyim kimi, "Sirr" romanı uğurlu alındı. Yəqin ki, gələcəkdə daha bir maraqlı tarixi roman yazmaq olar. Amma heç vaxt analitik jurnalistikanı bədii yaradıcılığa dəyişmərəm.

- Xüsusilə son illər sosial şəbəkələrin imkanları klassik medianın inkişafına mane olur. Bu barədə nə düşünürsünüz?

- Bu, çox geniş mövzudur. Ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Mənə elə gəlir ki, əgər sosial şəbəkələrin imkanlarından düzgün istifadə edə bilsək, bu, heç bir halda jurnalistikanın inkişafına mane olmaz, əksinə, vətəndaş jurnalistikasının inkişafına təkan verər. Həm də, zaman dəyişir. Bu gün konvergent jurnalistikadan danışırıq. Media yenilənir, öz simasını dəyişir. Yeni janrlar, yeni media formatlar yaranır. Zamanla ayaqlaşmaq lazımdır.

- Siz də "Facebook"un fəal istifadəçilərindənsiniz. Son statuslarınızın birində yazmışdınız ki, həyat bir oyundur, kimi udur, kimi uduzur. Sizcə, həyatda udmaq üçün nə etmək lazımdır?

- Udmağı düşünmək lazım deyil. Mənə görə həyatın bir qanunu var: əgər udmağı düşünsən, uduzacaqsan. Ümumiyyətlə, qalib gəlməyə yox, ömrü mənalı yaşamağa çalışmaq lazımdır. Unutmaq lazım deyil ki, həyat bir sınaq meydanıdır. İnsanın ən ali məqsədi bu sınaqdan alnıaçıq, üzüağ çıxmaq, heç olmasa, rəhmətə layiq görülməkdir.

- Mütəxəssisi olduğunuz PR sahəsinin əsas qanunlardan biri budur ki, nəyi təqdim etmək yox, necə təqdim etmək daha vacibdir. Bu, həyatda da belədir?

- Bəli. Mən həmişə tələbələrimə də deyirəm ki, PR texnologiyalarından təkcə peşəkar fəaliyyətdə yox, həm də gündəlik həyatda, ətrafdakı insanlarla uğurlu münasibətlərin qurulmasında istifadə etmək olar. PR texnologiyalarına bələd olmaq və həyatda tətbiq etmək insana ancaq kömək edə bilər.

- Onda belə çıxır ki, siz ən azı 1:0 irəlidəsiniz...

- Belə demək olar (gülür).

- Yeni yaşınızdan gözləntiləriniz nələrdir?

- Arzu edirəm ki, uğurlu il olsun. Tanrıdan arzulayıram ki, indi mənimlə birlikdə ad günümü qeyd edən əzizlərim növbəti yaşlarda da həmişə yanımda olsun.

- Auditoriyada dərs dediyiniz, heç vaxt məsləhət və tövsiyələrinizi əsirgəmədiyiniz tələbələrinizdən birinə indi müsahibə vermək necə hissdir?

- Çox xoş bir duyğudur. Tələbələrimizin nailiyyətləri həm də bizim uğurlarımızdır. Bu mənada yetirmələrimizin hər biri ilə fəxr edirəm. 

Kənan Novruzov
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi 

P.S. İndiyə kimi çox müsahibələr almışam. Amma bu, fərqli idi. Çünki mənə jurnalistikanı öyrədənlərdən, müəllimlərimdən biri ilə həmsöhbət olurdum. Söhbətimiz maraqlı alındı. Ən əsası isə Vüqar müəllim yenə də ənənəsinə sadiq qaldı. Yəni həm də öyrətdi. Öyrətdiklərinizi heç vaxt unutmayacağıma söz verirəm.

 





13.10.2019    çap et  çap et