525.Az

Aida İmanquliyeva BDU-da anılıb


 

Aida İmanquliyeva BDU-da anılıb<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev professor Aida İmanquliyevanın şərqşünaslıq elminə töhfələrindən danışıb. Bildirib ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə sərf edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib. Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor olan Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı olduğunu vurğulayan rektor alimin analitik təfəkkürü və zəngin mütaliəsini tədqiqatlarının əsas uğurunu şərtləndirən amillər olduğunu qeyd edib.

Rektor Elçin Babayev görkəmli alimin Azərbaycan şərqşünaslıq elmini iştirak etdiyi beynəlxalq konfranslarda layiqincə təmsil etməsindən, yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasındakı xidmətlərindən danışaraq uzun illər Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini, ərəb filologiyası fənnindən oxuduğu maraqlı mühazirələri ilə yetirmələrinin yaddaşlarında dərin iz buraxdığını da diqqətə çatdırıb.

Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov bildirib ki, Aida İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olan Aida xanım elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, uzun müddət BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs aparıb.

Tədbir Aida xanım İmanquliyevaya həsr olunmuş filmin nümayişi ilə başa çatıb. 

Sevinc QARAYEV

 





13.10.2019    çap et  çap et